İtin götürmədiyi… NAMUS

Aydın Canıyev

Əhalinin iqtisadi durumu pisdisə, hökumət qınanır.

Siyasi vəziyyət gərgin, insan haqları və söz azadlığı qənaətbəxş deyilsə, dövlət başçısı hədəfə alınır.

Əxlaqi məsələlər bərbaddırsa… hə-ə, onda dini rəhbər xalça üzərinə çağırılır. Deyilişi nə qədər sərt olsa da, fakt budur ki, Qafqazın sonuncu şeyxi Allahşükür Paşazadənin şeyxlik dönəmində fahişəlik kulminasiya nöqtəsinə çatıb. Allahşükür Paşazadəyə qədərki 12 şeyxin heç birinin vaxtında din bu qədər bihörmət, namus bu qədər ucuz olmayıb. Azərbaycan indi neft ixrac edən ölkə ölmaqla bahəm, dünyanın bir neçə ölkəsini fahişə ilə də təmin edir – şeyxin tükü də tərpənmir. Yenə sağ olsun ki, hökumət insan alveri ilə mübarizə idarəsi açıb.

Heç bir dövlətin siyasi kursunda namus anlayışı yoxdu, amma hər dində namus ilkin şərtlərdəndir. Bizlərdə hətta misal da var: namusu itə atıblar, götürməyib. Namus itlik deyil, müsəlmanlıqdı!

Namus xalq üçün dəyər kəsb edəndə boşanmalar, zinakarlıq, fahişəlik hissolunmaz dərəcədə az olur. Statistika adamı üşəndirir: hər yüz nikahın yetmişi bir ildən sonra pozulur.

Mən “şeyxdir günahkar” iddiasında deyiləm, amma həm də bu iddiadayam.

Qısa bir müddətdə kənd mollalarının “diləkdi qalıb” istəyilə bir neçə arvadı siğə edib toxunulmazlığını sıradan çıxarmasını anlaya bilmədim: guya ki, kəndlərin mollaları bunları siğə etməsəymiş, bu arvadlar pis yola düşəcəkmiş! Niyə, a bala? Kim sizə dedi ki, belə olasıydı. Hansısa həyətə girməyə bir kimsə cəsarət eləmir, amma mollalar “Yasin” oxumaq, ölülərini yada salmaq adıyla çox rahat fəaliyyət azadlığı əldə ediblər.

Bu iddiaya məni həm də mənə danışılan bir hədis salır:

Bir gün döyüş ərəfəsi həzrəti-Əli savaşın təxirə salındığını, döyüşçülərə səhər saat doqquza qədər gedib evlərinə, ailələrinə baş çəkmək imkanı yarandığını bildirir. Evə gələn döyüşçülərdən biri arvadını oynaşıyla yataqda görür, hər ikisinin başını qılıncla kəsir.

Bir ayrısı arvadını oynaşıyla görəndə dörd şahid gətirir və boşayır.

Amma üçüncüsü verir peysərə, öskürür və… oynaş aradan çıxandan sonra, heç nə olmayıbmış kimi, yatağa uzanır.

…Səhər toplantısında həzrəti-Əli “kim evdə nə görübsə, danışsın”, – deyəndə bu üçü dillənmir.

Həzrəti-Əli arvadını oynaşıyla birgə doğrayan döyüşçünü sağ yanında saxlayaraq deyir: sən Əli qeyrətlisən, sağımda durmaq haqqın var. İkincisini solunda saxlayır: sən şəriət qeyrətlisən, solumda durmağı haqq etdin.

Üçüncüsünü qabağa çıxarıb əmr edir: bunun başını elə vurun ki, qanı yerə tökülməsin!

Tanıyanlar bilir: üst-üstə beş ərə, on bir qardaşa, dörd oğula şahidlik etmişəm ki, adam, anan-bacın-arvadın…!

Hamısı da… məni söyüb!!! Başa düşə bilməmişəm: bunlara xoş imiş ki?

Görəsən, Qafqaz Müsəlmanları İdarəsinin işi-gücü nədir: nəzir qutularına atılan pula sahib olmaq və… vəssalam? Ya İran ETTELAATINA, Sepah-e-Pasdarana xidmət etməyə iltizam verənləri Azərbaycanda yerləşdirmək? İslam dininin Azərbaycanda mövcudluğunun mahiyyəti nədədi – adamlara namaz qılmağı, oruc tutmağı təlqin etmək?

Guya ki, bu idarə olmasa, tutulan oruclar, qılınan namazlar dərəcəyə yetməz, ya adamlar din-iman bilməzlər? İndiki dini durum nə vaxt bu qədər təhlükəli olub ki? Ən müxtəlif dini təriqətlər və sektalar artıq nümayəndələrini dövlət strukturlarına yerləşdiribsə, onda bu idarə nə üçündür? Hanı fəaliyyəti? Hanı islamazidd addımlara, fəaliyyətə qarşı mübarizəsinin parlaq nəticələri?

Əgər Qurani-Kərim buyurursa ki, Məhəmməd peyğəmbər xatəmül-ənbiyadır, bəs onda hansısa müasirinə peyğəmbər deyən şeyx nədən Allah adamı, Allah dininin təmsilçisi, dini rəhbər olmalıdı?

Bütün bu faktlar ona görə mövcuddur ki, şeyx Allahın buyurduqları ilə deyil, özünün məsləhət bildiyi ilə məşğuldu: məsələn, təyyarədə Prezidentlə bir yerdə uçanda Miri Qəmbərovun Lerikin deputatı olmasını xahiş edir, bir ayrı dəfə – evində iftar süfrəsi açanda qardaşının deputat təyin edilməsinə “dobro”alır… nə bilim, məxfi görüşlərdə transbiznes əlaqələri yaratmaq üçün kiminsə ölkədə şirkətinə lisenziyasının taleyini həll edir. Onun nə vecinə ki, hansı kəndin mollası məsciddə orgiya təşkil edib, hansı rayonun axundu haçan nə qələt qarışdırıb.

Hə-ə… gələk o hədis məsələsinə. Bizim hörmətli şeyximiz həzrəti-Əlinin vaxtında yaşasaydı, sizcə, həzrəti-Əli onu hansı tərəfində saxlayardı? Onunla iftar süfrəsinə oturardımı? Ümumiyyətlə, şeyx həzrətləri həzrəti-Əlinin tərəfində olardı, yoxsa Yezidin?

Mənə tərs-tərs baxmayın! Söhbət namusdan gedir. O namusdan ki, atalar deyib: itə atıblar, götürməyib!

Şeyx Azərbaycan xalqının namuslu xalq kimi tanınması üçün cavabdeh bir rütbədədir. Əgər ölkədə namussuzluq varsa… deməli, sorğusu ondan sorulmalıdır!

YAZIYA SÖZARDI: Molla Qələm olub bu yerlərdə. Məclisləri aparmağı hələ də yaddaşlardadı. Bir gün bu “Yasin” oxuyanda düdəmənin biri ironiya ilə deyir ki, molla, oxuduğun gedib çatır ölüyə? Molla Qələm də qayıdır ki, “dədənin gorunu…” Qırğın düşür, birtəhər aranı sakitləşdirirlər. İndi Molla Qələm soruşur: “A bala, niyə qızışdın?” “Dədəmin gorunu söydün”. “Çatdı?” Səs gəlmir. Molla Qələm: “Əgər mənim, Allahın bəndəsinin söyüşü dədənin goruna çatırsa, buna inanırsansa, bəs onda Allahın müqəddəs ayəsi “Yasin”in ölülərimizə çatdığını niyə şübhə altına alırsan?”

Şərhə ehtiyac… çoxdu, əmbə, ardı gələn dəfə!

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

1 şərh

  1. Namusdan danışdınız. Namus elə hicabdır. Hicabı, yəni namusu müdafiə edənlər zindandadır. Azərbaycan hökuməti onlara fiziki cəhətdən zülm edirsə, siz aydın müəllim isə mənəvi cəhətdən zülm edirsiz. Haqqı deyənləri Ettelaat və va Sepaha xidmətdə ittiham edirsiz. Halbuki, İranda təhsil alan və İrana rəğbət bəsləyənlərin heç biri Allahşükür Paşazadə tərəfindən sevilmir və hətta mollalıq etməsinə icazə verilmir.
    Bir az diqqətli olun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button