İxracatımızın kədərli səhnəsi

Məhəmməd Talıblı

(Ermənistandan 1,3 dəfə, Gürcüstandan 2,1 dəfə az olan qeyri-neft ixracatımız)

“Dövlət hər kəsə bərabər imkanlar yaratsın, azad rəqabəti dəstəkləsin, mülkiyyəti qorusun, daha heç nə lazım deyil. Ondan gələn xeyir, Allahdan gəlsin.”

 İqtisadiyyat üzrə “Nobel”çı Milton Fridman

 

İqtisadiyyata sadəlövh insanların baxışı həmişə ümidverici olur. “Köpük” iqtisadiyyatının gözqamaşdırıcı əlamətləri onları hər zaman sevindirər: yollar çəkilib, körpülər salınıb, yeni çoxmərtəbəli binalar tikilib, bahalı avtomobillər şəhərdə şütülür, restoranlar qaynayır və s. Onların gözündə iqtisadi inkişafın görsənişləri bunlardır. Həmin dekorasiyanın mənbələri və onların maliyyə öhdəliklərini heç düşünməzlər. Əslində isə bunca yaradılmış süni bumdan sonra həmişə bir böhran gəlir. Burası isə iqtisadiyyat elminin məntiqindən doğur. O zaman isə buna idarəetmənin doğurduğu yox, taleyin zənbillə göydən yolladığı böhran kimi zənn edəcəklər.

İqtisadiyyatın gücü onun istehlak təyinatında yox, istehsal gücündədir. Heç düşündünüzmü, bu qədər daxildən güclü kimi görünən iqtisadiyyat xaricdən nə qədər zəif görünür? Heç düşündünüzmü, neftin ixracatından asılı olan   iqtisadiyyatımız qeyri-neft ixracatında niyə piyadadır? Gündəlik istehlak məhsullarını belə idxal hesabına təmin edən ölkənin adicə corab istehalı belə yox səviyyəsindədir? İxracatın artırılması üçün hansı addımlar atıldı?

Xatırlayırsınızsa, birinci devalvasiya ilə bağlı qərarın definisiyasında belə yazılmışdı: ixracatı stimullaşdırmaq məqsədilə milli valyutanın devalvasiyası (ucuzlaşdırılması) qərara alınır.Həmin arqumentini dəstəkləyən əziz kolleqalarım,iqtisadiyyatın ukladı ixracat yönümlü deyilsə, monetar alət hesabına onun diapazonunu genişləndirmək mümkün olmaz! Əgər bu arqument keçərli olsaydı, o zaman gərək Zumbabve ixracatına görə dünyada birinci, Avropa İttifaqı ölkələri isə ixracatına görə sonuncu olardı.

İqtisadiyyatın mənzərəsinin dəyərləndirilməsi üçün dekorativ “karkas” önəmli deyil. Onun  real siması rəqəmlərin dili ilə ifadə olunanda formalaşır. Bu mənada iqtisadiyyatı rəqəmlərin dili ilə başa düşənlər dərin kədər içərisində mövcud narahatlığı seyr edir.Çünki,məlumatlıdırlar.Suyun üzərində qurulan  gözqamaşdırıcı dekorasiya dənizinin altından naməlum sular axır. Bunu dağıdıcı gücə malik olan minalar da adlandırmaq olar. Hələliksə suyun lal axması hər şeyin sakit olması kimi yalançı təəsurat yaradıb. Mən bundan üzgünəm. Səbəb? İzahı çətin deyil.

Olkənin ixracatının ağırlığının neft və neft məhsullarının təşkil etməsi heç kimə sirr deyil. O zaman qeyri-neft ixracatının strukturunu üzrə təhlil aparaq. Biz dövlət olaraq nəyi və hansı payla ixrac edirik? Oncə bu cədvələ baxın.

Neft və neft məhsullarından kənar hansısa mal pozisiyası üzrə belə 1 faizlik paya malik olan (şəkər məhsulları, meyvə-tərəvəz istisna olmaqla) heç bir məhsul ixrac etmirik. 2015-ci il üzrə qeyri-neft ixracatının real vəziyyətini ondan bir il əvvəl (2014) və bir il sonrakı illərlə (2016) müqayisə edək. 2014-cü ildə Azərbaycanın qeyri-neft ixracatı cəmi 1,652 milyon dollar təşkil edib. Həmin ili Gürcüstanda bu rəqəm 2,860 milyon dollar, Ermənistanda isə 1,547 milyon dollar təşkil etmişdir. Devalvasiyanın ixracı stimullaşdıracağı hədəfindən sonra ixracatın həcmi bir az da aşağı düşüb. Məhz “islahatlar” nəticəsində isə qeyri-neft ixracatımız tənəzzülə məruz qalıb. Artıq bu ilin sonuna (hazırda 980 mln.) olan bu rəqəmlər əsasında qeyri-neft ixracatımız 1,125 milyon dollar səviyyəsinə düşəcək. Bu zaman isə Gürcüstanda  ixracat 2,370 milyon dollar, Ermənistanda isə 1,547 milyon dollar səviyyəsində olacaq. Deməli, Gürcüstan Azərbaycandan 2,1 dəfə, Ermənistan isə 1,3 dəfə daha çox qeyri-neft ixracatına malikdirlər.

Bu qədər iqtisadi qüdrətə malik ölkənin cəmi ixracatı 1 milyard dollar civarında olması sanki heç nə ixrac etməmək kimi bir şeydir. Çünki, dünyanın inkişaf etmiş ölkələrdəki şirkətlərin bir neçəsinin ixrac gücü elə bu qədərdir. On iri şirkətin ixracat gücü  bizim kimi bir ölkənin ixracatından çoxdur. Hətta inkişaf etmiş ölkələr vardır ki, onlarda illik ixracı 100 milyon dolların üzərində olan şirkətlərinin sayı minlərlədir.

Yuxarıdakı təhlildən aydın olur ki, Cənubi Qafqaz Respubliklarının ÜDM-nin 75 faizini təşkil edən Azərbaycan hər iki ölkədən ən az qeyri-neft məhsulu ixrac edən ölkə imiş. ÜDM-i şişirdən və onun genişlənməsinə xidmət edən (neft hasilatı və qiyməti) sahələr sənin iradəndən asılı deyil, o təbiətin hədiyyəsidir. Yerdə qalan ixracat (qeyri-neft) isə bacardıqlarının cəmidir. Orada isə vəziyyət çox biabırçıdır. Dərin təəssüf hiss ilə qeyd edim ki, biz hazırda belə kədərli səhnədə yer alırıq.     Halbuki dünyanın inkişaf etmiş ölkələri ixracatlarının genişlənməsi üçün müxtəlif təsisatlar formalaşdırırlar. Onlara göstərilən institsional dəstək hesabına ölkənin ixracat imkanları artır. Olkənin idxal asıllığı ixracatın güclənməsi ilə əvəz edilir. Düzdür, tədiyyə balanasını düzgün formalaşdıran dövlətlər heç də birmənalı olaraq əzici üstünlüyü ilə ixracı idxalı ifrat formada üstələməsini təşviq etmirlər. Davamlı olaraq xarici ticarətin strukturuna diqqət yetirərək onun optimallığını təmin etməyə çalışırlar. Dünya təcrübəsi göstərir ki, müxtəlif təşkilatların yaradılması yolu ilə şirkətlərin daha effektiv formada ixracat imkanlarını genişləndirməsinə nail olmaq mümkündür. 1918-ci ildə ABŞ-da ilk dəfə Xarici Ticarət Qanunlarına istinad edilərək “Web-Pomerenc Associations” qurumları, Argentinanın şərab istehsalçılarının qurduqları “Cons-export”, İsraildə hazır geyim əşyalarının ticarəti ilə məşğul olan ixracat şirkətləri, Fransada “Beto”, İsveçrədə “Delta”, İtalyada “Federexport” qrupları ixracat imkanlarının artırılmasına nail ola biliblər. Bundan əlavə olaraq da fərqli strukturların köməyi ilə dövlətin təsisatları olaraq ixracata yardım məqsədilə fərqli qurumlar formalaşdırıblar. Qardaş Türkiyədə Xarici Ticarət Sərmayə Şirkətləri, İtalyada İxracat Birliyi Federasiyası (“Federexport”), ABŞ-da “İxracatın İdarəedilməsi Şirkətləri” (Export Manacment Companies) və digər ölkələrdə analoji qurumlar fəaliyyət göstərir.

Bəs bizdə necə?  Yəqin ki, ağlınıza gələn o olacaq ki, bu qədər ixracatı məhdud olan ölkədə analoji təsisat ola bilməz. Çünki, olsaydı belə durumda ola bilməzdik. Təəsüflə qeyd edim ki, bizdə də analoji qurum olan – İxracatın və İnvestisiyanın Təşviqi Şirkəti (AZPROMA) adında dövlət qurumu 13 ildir ki, fəaliyyət göstərir. Guya ixracatı stimullaşdırmaq məqsədilə investorlar cəlb etməli idilər. Amma reallıq göz önündədir. Halbuki, neft sektorunun özünün inkişafı avtomatik olaraq qeyri-neft sektoru üçün birbaşa və dolayı təsir gücünə malik olaraq digər lakomotivləri də arxasınca gətirmək gücünə sahib olmalı idi. Amma bizdə elə olmadı.

Bəzən susmağın gücü danışmağın fəzilətindən üstün olur. Rəqəmlər aydın izahatla və əla danışanda təhlil artıq olur. Bu bizim indiki vəziyyətimizdir. Cədvəl və rəqəmlərin hər şeyi aydın əks etdirdiyi halda belə vəziyyətdə bundan artıq izahatı gərəksiz bildim. Amma izahatını həmişə yalanın necə əsaslandırmasına həsr edən bəzi iqtisadçı həmkarlarım susan zaman belə, yenə qrammatik səhvə yol verəcəklər. Çünki, ömürlərini yalanların necə əsaslandırmasına həsr etdilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button