Iyrənc, iyrənc, iyrənc!

Azər Həsrət

azer@azerhasret.com

Sussam nə tarix, nə də vicdanım məni bağışlamaz

Azərbaycanda baş verən son olaylar haqqında hər kəs özünə uyğun, öz arzularına görə fikirlər səsləndirməkdədir. Bu fikirlər ədalətli olduğu halda sayğım var. Ancaq ədalətsiz fikir və davranışlara qarşı üsyan etmədən də dura bilmirəm. Ona görə də qısa-qısa bəzi olaylara öz münasibətimi bildirmək fikrindəyəm. Düşünürəm ki, sussam nə tarix, nə də vicdanım məni bağışlamaz.

Müxalifətin 2 aprel etiraz tədbiri

Bu olay hələ uzun müddət müzakirə ediləcək. Mən həmin tədbirdə iştirak etməmişəm. Ancaq təbii ki, mümkün vasitələrlə baş verənləri izləmişəm. Qənaətim budur ki, hakimiyyət 2 aprel etirazına yer ayırmamaqla Konstitusiyanı pozub. Və müxalifət də haqlı olaraq öz konstitusion hüquqlarından istifadə edərək yasaqlara baxmadan həmin aksiyanı keçirib. Məhz keçirib. Hakimiyyət təbliğatının iddia etdiyi kimi, keçirməyə cəhd etməyib, keçirib. Dağıdılsa belə, həmin aksiya öz effektini verdi və istər ölkə içində, istərsə də ölkə dışında diqqət Azərbaycana kəsilibsə, deməli, aksiyadan nəticə əldə edilib. Nəticə isə birmənalı şəkildə hakimiyyətin əleyhinə, müxalifətin lehinədir. Bu qənaətə Azərbaycan mediası ilə bərabər ingilis, rus, türk və almandilli mətbuatı izlədikdən sonra gəlmişəm. Bu aksiya zamanı öyrədilmiş adamların vətəndaşların iş yerlərinə hücum çəkməsi və bu günə kimi heç kimin buna görə saxlanmaması, üstəlik TV kanallarından hakimiyyətyönlü təbliğatda istifadə edilməsi nəzərimdən qaçmayıb. Burada hakimiyyəti qınayıram. Ancaq müxalifətdən də razı olduğumu deyə bilmərəm. Çünki öncədən də bəlli idi ki, belə təxribatlar olacaq. Niyə müxalifət tərəfdarları həmin adamların şəkillərini, videolarını çəkib mümkün vasitələrlə yaymırdılar? Həm də mümkün idi ki, həmin adamları tutub polisə təhvil versinlər. Demək ki, müxalifət burada tədbirsiz davranıb. Ancaq yenə də günah həmin təxribatları təşkil edənlərdədir. Və əlbəttə ki, bu cür təxribatları həm təşkil, həm də icra edənlərə deyərdim: iyrəncsiniz, olduqca iyrənc!

TV-lərin yanaşması

Bu, daha bir iyrənclik nümunəsidir. Mitinq öncəsi və sonrası bir sıra TV kanallarında şəhər sakini adı altında vətəndaşları danışdırıb müxalifəti “tənqid” etdirirlər. Açığı, həmin “şəhər sakinləri”nin demək olar ki, hamısı mənə tanış gəldi. Və sonra birdən yadıma düşdü ki, bunların hamısı siyasi yönü bəlli olan və Facebook-da mənimlə ünsiyyət saxlayanlardır. Təbii ki, buradan da həmin adamların təşkil olunmuş şəkildə TV-yə çıxarılması təsdiqini tapır. Yeri gəlmişkən, həmin şəxslərdən birindən soruşdum ki, “niyə AzTV mənim kimi adamların rəyini öyrənmir?” Cavabı bu oldu ki, “bilmirəm”. Bunu bilməyənlərin isə müxalifəti ittiham etməyə məncə heç haqqı yoxdur. TV kanallarımız da iyrəncdir. Demək olar ki, hamısı. Yalnız kiçik istisna təşkil edənlər də vardı. Misal üçün, aprelin 3-də ANS-də Mirşahin açıq mətnlə sual verdi ki, “necə olur ki, Əli Kərimlinin evi önündə “etiraz” edənləri bütün kanallar göstərir, ancaq müxalifətin aksiyalarını sağa-sola yozub işıqlandırmırlar?” Buna görə Mirşahinə təşəkkür düşür.

Əli Kərimlinin evi önündəki aksiyalarla bağlı

Bu aksiyaları təşkil edənlər də, icra edənlər də iyrəncdir! Və həmin aksiyaların keçirilməsi zamanı tükü də tərpənməyən polisə nə ad verəcəyimi də bilmirəm. Başqa vaxt 3 müxalifətçi hətta çayxanada bir araya gələndə başının üstünü kəsdirən polislər şəhərin tam ortasında icazəsiz aksiya keçirənləri necə görməzlikdən gələ bilir? Ayılın, mənim polis qardaşlarım, bu cür iyrənc oyunlara alət olmayın. İçinizdə heçmi ədalət hissi yoxdur? Bir özünüzə sual edin ki, niyə vətəndaşın birinə qarşı bu cür, başqasına qarşı başqa cür davranılır? Qanunlar məgər hamı üçün eyni deyilmi?

Təzəxan Mirələmli olayı

Cəlilabaddan olan bu cəbhəçi mitinq zamanı döyülüb. Mediada yayılan şəkillərdən də göründüyü kimi şiddətli döyülüb. Bu məsələ təbii ki, qınanmalıdır. Ancaq onun 8-ci sinifdə oxuyan oğluna qarşı müxalifətçi balası olduğu üçün başqa yeniyetmələr tərəfindən faktiki linç məhkəməsinin təşkil edilməsi, oxuduğu məktəbdə nələrinsə və kimlərinsə yerində olmamasından xəbər verir. Və bu yeniyetmənin axırda cana doyaraq başqa bir şagirdi öldürməsi olduqca dəhşətli faktdır. Daha dəhşətli olan isə Cəlilabadın hakimiyyət orqanlarının büdcə təşkilatlarının işçilərini Təzəxan Mirələmlinin evinin önünə yığaraq “etiraz” aksiyası keçirməsidir. Özü də müxalifət əleyhinə aksiya! Heçmi şərəfiniz yoxdur? Bu olaydan da siyasi məqsəd üçün istifadə edəcək qədərmi alçaldınız? Ay Cəlilabad başbilənləri, bəlkə iki yeniyetmənin faciəsindən siyasi şou düzəldənə qədər, başçılıq etdiyiniz rayonun təhsil sistemindəki naqisliklərə diqqət yetirəsiniz?

Suallar

Niyə müxalifət şəhərin meydanlarında mitinq keçirə bilməz? Axı bu şəhər hakimiyyətdəkilərin olduğu qədər həm də müxalifətdəkilərindir. Mən bir siyasi tərəfsiz vətəndaş olaraq müxalifətin mitinqləri üçün şəhərin mərkəzində yerlərin ayrılmasını tələb edirəm. Çünki dünyanın hər yerində müxalifət şəhərin mərkəzində istədiyi qədər mitinq keçirə bilirsə, bizdə niyə olmasın? Misal üçün, 2004-cü il Ukrayna prezident seçkiləri zamanı Kiyevin tam ortasındakı meydanda sürəkli olaraq məhz müxalifət aksiya keçirirdi və indinin özündə də müxalifətin həmin meydanda aksiyalar keçirməsinə əngəl yoxdur. Yaxud da 2005-ci ildə Albaniyada parlament seçkilərini müşahidə üçün getdiyimdə izlədiyim bir durum heç yadımdan çıxmaz. Tirananın mərkəzi meydanında müxalifət, özü də səhərdən axşama qədər, mərkəzdən xeyli aralıda isə iqtidar partiyası öz aksiyasını keçirirdi. Niyə bizdə bu olmasın ki?

Hakimiyyət iddia edir ki, müxalifətin sosial bazası yoxdur. Elə isə nədən qorxursunuz? Sosial bazası olmayan bir siyasi qüvvənin mitinq keçirməsi sizi niyə bu qədər rahatsız edir? İzin verin, qoy lap “Azadlıq” meydanında aksiya keçirsinlər. Onda millət də görər ki, bunların doğrudan da sosial bazası yoxdur. Məgər sosial bazanın olub-olmaması sizin deməyinizlə ölçülür? Bizim də axı görən gözümüz, eşidən qulağımız var. Bir küçəyə çıxın, sadə vətəndaşdan soruşun, görək onlar kimin yanındadır? Hə, yuxarıda qeyd etdiyim kimi, tanıdığınız, əlinizin altında olanları TV-lərə çıxarmaqla ictimai rəyi aldatmağı demirəm. Əslində, bu zaman da özünüzü aldadırsınız. Çünki xalq hər şeyi görür.

Bu arada, təcrübədən daha bir misal. 2004-cü ilin prezident seçkisi zamanı Ukraynanın İnter TV kanalının bütün işçiləri rəsmən tətil etmişdilər. Səbəb hakimiyyətin namizədi üçün işləməyə məcbur edilmələri idi. Jurnalistlər deyirdilər ki, biz kimsəyə işləmək istəmirik. Sadəcə, baş verənləri tərəfsiz şəkildə işıqlandırmaq istəyirik. Həmin günlərdə, özü də hadisələrin ən qaynar çağında bu TV kanalının efiri boş qalmışdı. Təsəvvür edirsinizmi, ölkədə o cür olaylar baş verir, bir aparıcı TV kanalı isə efirə verməyə xəbər tapmır. Bunu bizim ukraynalı həmkarlarımız etməyi bacarmışdılar. Çünki vicdanları, şərəfləri, əxlaqları kimsənin əlində alət olmaq üçün onlara imkan vermirdi. İndi deyirəm ki, əcəba, Azərbaycan TV kanallarındakı bu yaramazlıqlara etiraz edəcək qədər mənliyi olanlarımız varmı görəsən? Düzdür, bəzi həmkarlarımız deyir ki, biz həmin təbliğatda iştirak etmirik. Ancaq bu da bəhanədən başqa bir şey deyil axı. Çünki sizin də aid olduğunuz kollektivlər Azərbaycan xalqının iradəsinə tüpürərək millətə yalan bilgiləri şərəfsizcəsinə sırımaqdadır! Buna dözmək bir yana, həm də bunun icraçıları sırasında qalmaq nə qədər doğru bir haldır?! Məncə bu sualı iyrənc təbliğat aparan TV kanallarının bütün işçiləri özlərinə verməlidirlər. Dostlar, bir parça çörəyi hər zaman, hər yerdə tapa bilərsiniz. Əsas olan mənliyinizi qorumaqdır.

Başqa bir məsələ də hakimiyyət təbliğatının müxalifəti dövlətçiliyə qarşı çıxmaqda ittiham etməsidir. Bu təbliğat əsassızdır. Belə təbliğatın ilhamvericiləri elə bilirlər ki, iqtidar sahibi olmaq dövlət deməkdir. Belə deyil! Nə müxalifət, nə də başqa bir vətəndaş dövlətimizə və dövlətçiliyimizə qarşı deyil! Və qarşı gələn hər kəs mənim kimi insanları önündə görəcək! Burada da bir örnək vermək istərdim.

2005-ci ilin Milli Məclis seçkiləri zamanı namizəd olduğum 56 saylı Xaçmaz kənd seçki dairəsinin ərazisində bir kənddə seçicilərlə görüş keçirirdim. Mən çıxış edərkən həmin kəndin məktəb direktoru söz istədi. Biz də, “buyurun”, dedik. Direktor iddia etdi ki, mən dövlətə qarşı çıxış edirəm. Nəyə görə belə düşündüyünü soruşduqda, “siz bayaqdan prezidenti, onun komandasını asıb-kəsirsiniz, bu da dövlətçiliyə qarşıdır” deyə cavab verdi. Məcbur qalıb ağsaqqal direktora izah etməli oldum ki, nə prezident, nə də hər hansı başqa bir yüksək vəzifəli şəxs dövlət və dövlətçilik demək deyil. Və uca səslə dedim ki, “görün, hakimiyyət tərəfdarı olan bir məktəb direktoru hələ də dövlətlə hakimiyyətin fərqini anlaya bilmir”. Bu sözlərimdən sonra həmin direktor sivişib sakitcə oradan uzaqlaşdı.

Və son olaraq

İyrənc təbliğat davam etdikcə, müxalifətçilərə qarşı şər kampaniyası durmadıqca mən və mənim kimi vətəndaşların bu hakimiyyətə qarşı çıxmayacağına kimsə təminat verə bilməz. Mənim kimilər müxalifətçi deyil, tərəfsiz insanlardır. Ancaq bu, bizim ədalətsiz olmağımız anlamına gəlməz. Əgər müxalifətə qarşı təbliğat qurmaq istəyirsinizsə, onlara TV efirlərini açın, üz-üzə gəlib onlarla mübahisə edin və haqlı olduğunuzu sübut edin. Bu zaman mən şəxsən açıq şəkildə hakimiyyətin tərəfində yer almağa hazıram. Yoxsa mən və mənim kimilər haqsızlığa uğrayanların yanında olmaqdan başqa yol görmürük. Çünki təbiətimiz belədir, ədalət hissimizdən vaz keçə bilmirik. Zərərimizə olsa belə. Ümid edirəm ki, nə demək istədiyimi hər kəs anlamışdır…

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button