Jirinovskiyə nota göndərildi – XİN-dən

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosu-nun 30 iyul buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli, təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etiraz var:

“… Deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb”

“Komsomolskaya Pravda” radiosunun aldığı müsahibədə nədən söhbət gedib?

“Komsomolskaya Pravda” radiosu-nun müxbiri söhbət zamanı Jirinovskiyə həm də Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyətlə bağlı Rusiya hərbbçilərinin iki ölkənin sərhəddinə göndərilməsi ilə bağlı suallar verib.

Jurnalist:

…bax, indi qonşu ölkələr, Azərbaycanla Ermənistan arasında gərginlikdir, atışmalar olur. Rusiya ordusu indi Azərbaycanla Ermənistan sərhəddində mövqe tutmağa başlayır. Belə çıxır ki, indi biz Sovet dövründə olduğu kimi öz oğullarımızı yad torpaqlarda olan münaqişə bölgəsinə göndəririk və onlar münaqişə tərəflərin arasında duracaqlar. Sizcə, bu normaldırmı, biz belə bir işlə məşğul olmalıyıqmı?”

Jirinovski:

“Biz Rusiya İmperiyasının, Sovet İttifaqının torpaqlarına qayıtmalıyıq. Cənubi Qafqaz bizim təsir dairəmizdir. Orada həm ermənilər, həm azərbaycanlılar 200 il bizim bayraqlarımız altında olub. İndi bu bizə sərfəlidir, həm də onlar bizi çağırır. Biz ora müharibə ilə getmirik, ermənilər xahiş edirlər.

Amma orda rus əsgəri ölməsin deyə biz əziz Azərbaycan rəhbərini çağırıb, təkbətək deyə bilərik ki, bax İlham sənin atan Heydər Əliyev böyük, ağıllı siyasətçi olub, o ərazi ki, sən istəyirsən sənin olsun. Amma heç kimin rus əsgərinə gözünün ucu ilə belə pis baxmağa ixtiyarı yoxdur.

O yaxşı bilir ki, postunu itirə bilər, orda diktaturadır, ora müxalif qüvvələri doludur, istəsələr onu iki həftəyə devirərlər. Paşinyanı xilas etdiyimiz kimi onu da yalnız biz xilas edə bilərik.”

Jurnalist:

Rusiyanın burda nəyi var, bax biz bundan nə qazanacağıq, nə əldə edəcəyik?

Jirinovski:

“Biz əsasən sakitlik əldə edə bilərik. Orada sakitlik olsun ki, azərbaycanlılar bütün qara kürünü və bütün delikateslərini bizə, Moskvaya göndərsinlər, bir də artıq qalan neftlərini. Ermənilər də ərik və şaftalılarını bizə göndərə bilsinlər. Biz onların artıq qalan nəyi varsa alarıq. Amma biz onları məcbur edərik ki, bir-birini gülələməsinlər”.

Sözügedən hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notasının təqdim olunduğu bildirilir.

Bu məlumata, hələlik, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button