Jurnalistə hökm oxundu

xural.com “Azadlıq radiosu”na istinadən bildirir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsi jurnalist Elçin Həsənov barəsində xuliqanlıq ittihamı ilə hökm çıxarıb. 
Məhkəmə soyuq silahla törədilən xuliqanlıq ittihamını daha yüngül maddəyə tövsif edərək, aylıq maaşının 20 faizi tutulmaqla E.Həsənovu 1 il islah işlərinə cəlb edib. Prokurorluq isə E.Həsənovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Vəkil Fariz Namazlı deyib ki, müdafiə tərəfi hökmlə razı deyil, şikayət verməyə hazırlaşırlar. Vəkilin bildirməsinə görə, ittihamın heç bir hüquqi əsası yoxdur və müdafiə tərəfi tam bəraət almaq niyyətindədir.
F.Namazlı düşünür ki, istintaq qərəzli olub. Vəkil buna nümunə kimi xuliqanlıqla bağlı işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aparmasını göstərib. Bundan əlavə, o deyib ki, insidentin şahidləri yoxdur. Bütün ittiham zərərçəkənin ifadəsi üstündə qurulub: «Bu zaman məhkəmənin gedişində E.Həsənovun soyuq silahdan istifadə etməsi mülahizəsi inkişaf etdirildi. Bunu nə zərərçəkənin özü, nə də məhkəmə-tibb ekspertizası təsdiq edir. Bu hal soyuq silahdan istifadə ittihamını daha yüngül maddəyə tövsif etməyə səbəb olub»,- deyə vəkil qeyd edib.
Jurnalistin indi üzləşdiyi 221.1-ci maddə amnistiyaya düşür. Amma vəkilin izahına görə, məhkəmə qərarı 20 gündən, yəni amnistiya aktı icraya başladıqdan sonra qüvvəyə minəcəyindən, bu, E.Həsənova şamil edilməyəcək.
Bu ilin martında E.Həsənova qarşı 221-1 maddə ilə cinayət işi açılıb. Daha sonra bu ittiham daha ağır maddə ilə 221-3 (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) əvəzlənib.
E.Həsənov Sumqayıtda nəşr edilən «Yüksəliş Naminə» qəzetinin redaktor müavinidir. Bundan əlavə, AXCP Ali Məclisinin üzvüdür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button