JURNALİST BÖYRƏYİNİ 10.000 MANATA SATIŞA ÇIXARDI!..

«Xural» haqqı, Ramiz Mehdiyev isə nahaqqı təmsil edir!..

…Söhbət bir mətbu orqanın bir rejimin ədalətsizliyinə qarşı apardığı mübarizəsindən gedir…

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetimizi məhkəməyə verməsi, ədalətsizcəsinə səlahiyyətlərindən istifadə edərək 10 min manat cərimələtməsi, sonra da həmin cəriməni icraya yönəltməsi ölkədə böyük rezonans doğurub. Azərbaycan hakimiyyətinin ən güclü adamının azad sözün üzərinə bu cür səlib yürüşü başlatması «Xural» olaraq dirəniş göstərməyimizə və bu dirənişi Azərbaycan səthinə yaymaq təşəbbüslərimizə səbəb oldu. Bu mənada və bu çərçivədə baş redaktor Əvəz Zeynallı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat zalında mətbuat konfransı keçirdi və mayın 16-da baş tutan bu mətbuat konfransını daşıdığı tarixi əhəmiyyətə görə yayınlamağı qərarlaşdırdıq.

Buyurun, Əziz «Xural» Oxucusu, Ramiz Mehdiyevin bütün arsenalı ilə üzərimizə gəldiyi bir zamanda yanımızda olub tədbirimizə qatılanların bütün dünya ictimaiyyətinə səslənişini siz də oxuyun…

Əvvəli ötən saylarımızda

Biz azad yazarlar Ramiz Mehdiyevin yox, Sizin tərəfinizdəyik…

Murad Köhnəqala:

– Əvəz bəy, birmənalı şəkildə biz azad yazarlar Ramiz Mehdiyevin yox, Sizin tərəfinizdəyik. Çünki sənin qəzetini biz həqiqətən sevmişik. Məsələn, Azərbaycanda şəxsən mənim heç bir yerdə çap eləyə bilmədiyim yazıları Əvəz bəy «Xural»da çap etdirir. Ən ağır zamanlarda düşünürük ki, «Xural» var, hansısa bir qəzet yazılarımızı verməsə də, Əvəz bəy bu yazını mütləq çap edəcək. Hər gözəlin bir eybi var, «Xural»ın da eybi ondadır ki, jurnalistlərə qonorar vermək imkanı yoxdur. Yəqin Ramiz Mehdiyevdən canı qurtarandan sonra, bizim də qonorarlarımızı verəcək. Həqiqətən də zaman-zaman biz jurnalistlərə kimlərinsə haqqında yazmamağı qadağan edirlər. Amma vaxt var idi, xırda məmurdan da yazanda şərəf və ləyaqətini ortaya qoyub, jurnalisti məhkəməyə verib cərimələtdirirdi. Bir xatırlatma edim. Səddam Hüseyn tutulan vaxtlarda hələ istintaq gedərkən, onu həbsdə gözətləyən əsgərlər onun alt paltarlarının, özünün şəkillərini çəkərək, sonradan yaymışdılar. Səddam Hüseyn onları məhkəməyə vermişdi və demişdi ki, onlar mənim şərəf və ləyaqətimə toxunublar. Halbuki bu adam bütün şüurlu ömrü boyu bir xalqın şərəf və ləyaqətini tapdalamış adam idi. Onun oğlu Uday tələbələri öz şirlərinə yedirdən və bunu da canlı olaraq lentə çəkən bir adam olub. Yəni demək istədiyim odur ki, bizim məmurlarımız da artıq həmin harınlaşma prosesini yaşamaq üzrədirlər. Əlacları olsa, çox vəhşiliklər edərlər. Bir az da onların qarşısını beynəlxalq qüvvələr alır. Yoxsa az eşitməmişik ki, millətimizin oğullarını it əvəzinə necə hürdürüblər, az eşitməmişik ki, qapılarında şir, delfin, fil, timsah, dovşan saxlayan nə qədər məmurumuz var. Mən Əvəz bəyi yaxşı tanyıram – əyilməz, dönməz mübarizə adamıdır. Doğrudan da… Ola bilər, «Xural» qəzetinə qədər yüzlərlə bu tip işlərdən ötrü bağlanan qəzetlər var. Heç kim o qəzetin bağlanmasına etiraz edib mübarizə aparmayıb. Susub piyasadan gedirlər. Amma bu məsələ o məsələdən deyil. Mən inanıram ki, Əvəz Zeynallı susmayacaq və öz haqlarını tələb edəcək. Təkbaşına qalsa belə, «Xural» çıxacaq – nə yolla olur olsun. Mən sizə bu mübarizədə uğurlar arzulayıram və hər zaman mübarizə əzminizin qüdrətli olmasnı diləyirəm. Biz də bacardığımız qədər yanınızda olacağıq.

 

Yumruğumuzu birləşdirməli və bir yerə vurmalıyıq!

 

Səməd Pənahlı

Nemət Pənahlının qardaşı:

– Bu proses haqla nahaqqın mübarizəsinə bənzəyir. Dünya yaranandan hər zaman belə olub. Burada söhbət tək «Xural» qəzetinin ətrafında cərəyan edən hadisələrdən, Ramiz Mehdiyev–Əvəz Zeynallı qovğasından getmir. Söhbət bir mətbu orqanın bir rejimin ədalətsizliyinə qarşı gedən mübarizəsindən gedir. Bu gün Haqq Haqq olduğunu sübut etmək üçün mübarizə aparır. Yəni bu təzyiqlər, bu təsirlər dünya yaranandan haqqa söykənən bəşəri dəyərləri qanadının altında daşıyır. Sadəcə biz haqq olduğumuzu bildiyimiz üçün bu qədər güclüyük. Dünənə qədər qardaşım Nemət Pənahlı bir milləti arxasınca apardı, azadlıq hərəkatına qoşdu, bu gün isə fikirlərini azad ifadə etdiyi üçün həbsə atılıb. İndi də xeyirlə şərin mübarizəsi gedir. Ən dar anlarda kimin haqqın, kimin haqsızlığın yanında olması bəlli olur. Aydın məsələdir ki, haqqı müdafiə edənlərin onun yanında, haqsızlığın tərəfini saxlayanlar isə digərinin yanındadırlar. Bu cür məsələlərdə üçüncü yol olmur. Ya, ya… Bunların adı istər müxalifət olsun, istər iqtidar, istərsə də hər hansı KİV – fərqi yoxdur. Haqsızlığa qarşı həmrəylik nümayiş etdirib, onun yanında mövqelərini bərkidirlərsə, demək bu ölkənin nə müxalifəti var, nə də tərəfsiz mətbuatı. Müstəqil mətbu orqanlar, müstəqil adamlar, heç bir kəsin mövqelərini və maraqlarını ifadə etmədikləri üçün hər zaman təklənirlər. Bu müxalifətin bu məsələdə ya susqunluq nümayiş etdirməsi və yaxud da iqtidarla tərəfkeşlik nümayiş etdirməsi arasında bir fərq görmürəm. Mən də hesab edirəm ki, bu məsələ tək Ramiz Mehdiyev məsələsi deyil, bir rejimin haqqı əzməsi, məhv etməsi prosesidir. Mübarizədən geri çəkilmək olmaz. Biz nə qədər mübarizədən geri çəkilib susmuşuqsa, bir o qədər bizi təkləyib məhv etməyə çalışıblar. Biz əzilməyimizə imkan verməməliyik. Siyasətimizdə də belədir. Milli azadlıq hərəkatının liderlərindən olan Nemət Pənahlı uzun müddət idi ki, siyasətdə yox idi. O, artıq kiçik yazıları ilə mətbuata gəlməyə başlayan zaman evlərimizə zənglər daxil oldu. Biz bütün bunların nə ilə nəticələnə biləcəyini görürdük, lakin susmaqda heç birimiz qərarlı deyildik. Adi xuliqanlıq maddəsi ilə həbsə atdırılan Nemət Pənahlının bütün işlərini araşdırmağa başlayıblar. Vergilər bir tərəfdən, təzyiqlər o biri tərəfdən gözümüzü açmağa imkan vermir. Ailəlikcə bu gün bu repressiyanın, bu təzyiqlərin altındayıq. Ancaq nə sınmırıq, nə də geriyə çəkilmək niyyətimiz var. Sonuna qədər də Sizin və sizin kimi haqqın yanında olan, haqqı özünə dayaq bilən insanların yanında olacağıq. Axıra qədər, evimizdəki körpələrimizə qədər yanınızda olacağıq. Nemət Pənahlının evində dörd oğlu var, iki də mənim oğlum var. Özümüz də, övladlarımız da sonuna qədər bu rejimin haqsızlıqlarına etiraz olaraq mübarizə aparacağıq. Özü də tək bu rejimin deyil, hansı zorakılıq üzərində qurulacaq rejim varsa, biz onun da əleyhinə mübarizə aparacağıq. Biz düz yoldayıq və haqqımızı tələb edib, ədalətimizə qovuşacağıq. Bunlara da bizi əzməyə imkan verməyəcəyik. Bütün məmurların fəaliyyəti göz qabağındadır. Mən başa düşə bilmirəm, necə olur ki, bir ölkəni quldurcasına bu məmurlar talayırlar və prezidentin də bundan xəbəri yoxdur?! «Antikorrupsiya mübarizəsi» aparırlar. Kimi cəzalandırıblar? Bəyəm korrupsioner göy satandı? Necə olur ki, adi vətəndaşlar korrupsionerləri adbaad tanıyır, prezident isə onlardan xəbərsizdir? Çıxsınlar xalqın içində sorğu aparsınlar, həmin o göysatan da desin ki, Azərbaycanda korrupsioner kimlərdir. Daha bu boş yerdən görüntü yaratmaq, hansısa korrupsioner haqqında yazanda, şərəf və ləyaqətini üzünə pərdə çəkib ədalətsiz məhkəmələrdən «haqq» diləmək kimə lazımdır? Onsuz da insanlar kimin haqlı, kimin haqsız olduğunu çox gözəl bilirlər. Heç kəsə sirr deyil ki, 20 il Azərbaycanda vəzifədə işləyən bir nazir hansısa müstəqil qəzetə məhkəmə açır, onu o səviyyədə cərimələtdirir ki, bir daha ayağa qalxmasın. Necə belə şeylərin olmasına rəvac verilir? Haqqımızı tələb edə bilmiriksə, onda biz kimə, nəyə lazımıq? Ona görə başımıza bu qədər oyun açmağa özlərində təpər tapırlar. Ölümlə, həbslə təhdid edirlər. Bir daha qeyd edirəm, sonunadək Sizin və sizinkimilərin arxasındayam. Yumruğumuzu birləşdirməli və bir yerə vurmalıyıq.

 

Bu gün «Xural» qəzetinin başına gətirilənlər, sabah başqa bir müstəqil mətbuatın başına gətiriləcək…

 

Azər Qaramanlı

Pia.az saytının baş redaktoru:

– Azərbaycan mətbuatında bir anormallıq yaranıb – iqtidar mətbuatı var, müxalifət mətbuatı var, amma müstəqil mətbuat olmamalıdır. Bu da cəmiyyətin normal inkişafına ciddi maneələr törədir. Əvəz bəyi prinsipiallığına görə, hər birimiz müstəqil mətbuatın tək-tək nümayəndələrindən biri hesab edirik. Amma mövcud rejimin bir tələbi var – gərək tabe olasan. Tabe olmayanları heç də yaxşı aqibət gözləmir. Elə burulğanın içinə salırlar ki, sonunda tabe olmağa məcbur olurlar. Özünümüdafiə instinktimiz o qədər güclüdür ki, ümumi məsələlər çox vaxt yaddan çıxır, sonunda bu da cəmiyyətin və təklukdə hər birimizin əleyhinə işləyir. Bu gün «Xural» qəzetinin başına gətirilənlər, sabah başqa bir müstəqil mətbuatın başına gətiriləcək. Ona görə biz də azad sözün, «Xural»ın yanındayıq.

 

Bu ölkədə prezidentin razılığı olmadan qarışqanı belə əzmək olmaz…

 

Lalə Ramizqızı

«Millətim» qəzetinin baş redaktoru:

 

– Bu gün «Millətim» qəzetinin baş məsləhətçisi Ramiz Tağıyev də həbsdədir. Biz çox ümid edirdik ki, Ramiz Tağıyev tezliklə həbsdən azad ediləcək. Amma görünür, bu heç də bizim düşündüyümüz qədər asan məsələ deyilmiş. Və bütün hadisələr onu göstərir ki, Ramiz Tağıyevin həbsi haqqında prezidentin də məlumatı var. Çünki bu ölkədə imzası o qədər də tanınmayan bir jurnalistin həbsini belə prezidentin şəxsən icazəsi olmadan həyata keçirmirlər. Yəni bu ölkənin mətbuatında nə baş verirsə, birbaşa prezidentin özü məlumatlandırılır. Əlimizdə olan faktları və dəlilləri məhkəməyə təqdim, məlum yazının isə məhz faktlar əsasında hazırlandığını sübut etməyimizə baxmayaraq, onların heç birinə əhəmiyyət belə vermədilər. Və biz də bu həbsin siyasi xarakter daşıdığının bir daha şahidi olduq. Bu bir siyasi sifariş idi və kimlərinsə əli ilə həyata keçirildi. Ona görə qərara gəldik ki, bu qədər hay-küyə səbəb olan, mətbuatın gündəmini təşkil edən bir məsələ mütləq şəkildə prezidentə çatdırılmalıdır. Bu ölkədə prezidentin razılığı olmadan qarışqanı belə əzmək olmaz. Biz ancaq hansımıza isə bu məmurlar tərəfindən xələl gələndə bir yerə toplaşırıq. Vaxtında və zamanında birləşmək lazımdır. Mətbuat nə qədər güclü olarsa, onda iriliyindən-xırdalığından asılı olmayaraq bütün məmurlar ehtiyatlanar ki, «belə bir səhv buraxmışam, mətbuatın biri yazmasa da, o biri yazacaq və məni cəzalandıracaqlar». Mən görürəm ki, burada özünü «azad mətbuat» adlandıran qəzetlərin baş redaktorları yoxdur. «Millətim» qəzeti də bu gün külli miqdarda cərimələrin içindədir. Onu ödəmək iqtidarında deyilik. Maraqlıdır, əminliklə düz yazdığını bilirsən, amma məhkəməyə verilirsən və məhkəmə də sorğu-sualsız iddiaçı tərəfin iddiasını təmin edir. Yəni cavabdeh hər bir halda əgər mətbu orqandırsa, o, haqlı olsa belə məhkəmə onun xeyrinə qərar çıxarmır. Hansı mətbu orqan indiyədək məhkəmə prosesini udub? Araşdırma aparın, baxın. Yalnız o vaxt ki, dövlət orqanı olan televiziya və ya qəzetlər cavabdeh qismində olanda. Sistem belə qurulub. Biz elə burulğanda yaşayırıq ki, o burulğan dayanmaq əvəzinə, qasırğaya çevrilir. Bizim artıq Allahdan başqa heç kimə ümidimiz qalmayıb. Allah haqsızların cəzasını versin və o burulğanın da içinə o adamların özlərini salsın! «Millətim» qəzeti olaraq hər zaman yanınızdayıq.

 

Ramiz Mehdiyev dənizçilərin adını biabır etdi!

 

Kərəm Məmmədov

Keçmiş dənizçi:

– Mən də dənizçiyəm, o da bir vaxtlar dənizçi olub. Gəmidə ocaqçı işləyib. Gərək bizim adımızı korlamayaydı. Yəni Xəzər Neft Donanma İdarəsinin çörəyini yeyib o. Gərək təmiz işləyəydi. Ağır əməyin nə olduğunu o hamıdan yaxşı bilməlildir. Dənizçilər hər zaman su kimi təmiz olublar. Mən indi utanıram ki, içimizdən belə bir adam çıxıb və bizə başçılıq edir. Mən hər zaman sizinləyəm.

 

Keçmişimiz bəllidir, bu günümüz göz qabağındadır, sabahımız da belə olacaq…

 

Əvəz Zeynallı:

– Burada iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz mətbuatın hər cəbhəsində fəaliyyət göstərən adamların hər birini, Mətbuat Şurasının sədrindən tutmuş üzvlərinədək, aparıcı qəzetlərin baş redaktorlarınadək bura dəvət etmişdik. Yəni sonradan heç kim deməsin ki, bu tədbirdən xəbərimiz olmayıb. Əvvəllər mən də bəzi şeylərə etiraz edirdim, amma indi görürəm ki, bizim kimlərdənsə inciməyimizin, küsməyimizin mənası yoxdur. Artıq hamı bizdən inciyir, bizdən küsür. O həddə gəlib çatmışıq ki, biz harasa getməyəndə, haradasa iştirak etməyəndə bizdən inciyirlər. Ona görə də etiraz aksiyaları keçirmək üçün qərarlarımızı verəndə məsləhətləşdik ki, piket və ya mitinq – yəqin ki, Bakı şəhər İcra Hakimiyyətinə bu aksiyaların keçirilməsi ilə bağlı müraciət edəcəyik –  keçirək və onu da xalqa açıq elan edək. Kim iştirak etmək istəyəcəksə, edəcək. Azad sözün və azad mətbuatın boğulmasına etiraz edən bütün insanları bu aksiyalarda iştirak etmək üçün dəvət edəcəyik. Öndə də siyasətçilər yox, qəzetçilər, jurnalistlər gedəcək. O mitinqin də sahibi biz özümüz olacağıq. Şüarlar da, çıxışçılar da əvvəlcədən məlum olacaq. Amma keçirdiyimiz hər bir aksiya icazəli formada həyata keçiriləcək. Bu dövlətdə, bu hakimiyyətdə bizim icazəsiz və qanunsuz atacağımız bir addım belə yoxdur, olmayacaq.

Son günlər bir-iki informasiya almışam. Yaxın adamlarıma, qohumlarıma təzyiqlər planlaşdırılır. Tale elə gətirib ki, Qərbi Azərbaycandan zorla çıxarıldıqdan və ata-baba torpaqlarımızdan qovulduqdan sonra biz hamımız Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişik. Hər yerdən mənə məlumatlar daxil olmağa başlayıb. Buradan əlaqədar qurumların hamısını xəbərdar edirəm, yəqin bu haqda mənim öz açıqlamalarım da olacaq. Yəni biz getdiyimiz yoldan dönən adamlar deyilik. Keçmişimiz də bəllidir, bu günümüz də göz qabağındadır, sabahımız da belə olacaq. Nə kimsənin əmrlərinin və təlimatlarının altında yaşamışıq, nə də bundan sonra yaşayasıyıq. Hər metoddan istifadə edəcəyik. Heç kimin gözləmədiyi formada etiraz aksiyalarımız olacaq. Hətta bu aksiyalarımız dünyanın gündəminə belə otura bilər. «Xural»ın son sayında həyata keçirdiyimiz aksiyanı ümumiyyətlə mətbuatdan gizli saxladıq, heç bir yerə də çıxarmadıq. Çünki bu tip aksiyalar bu ölkədə olmur. Sonradan müəyyən söz-söhbətlərin şahidi olduq. Çünki birinci səhifədə «Ramiz Mehdiyev azad sözü boğur!» şüarı vardı və belə şüarları Azərbaycan iqtidarında əyləşən iri çinli feodallar o qədər də yaxşı qəbul etmirlər.

 

Jurnalist böyrəyini 10.000 manata satışa çıxardı!..

 

Bizim bir həmkarımız da var, Vüqar Qurdqanlı. O, burada  iştirak edirdi və polisə çağrıldığı üçün toplantımızı erkən tərk etdi. Vüqar bəy Ramiz Mehdiyevin «Xural» qəzetinə kəsdiyi cərimələri ödəmək üçün böyrəyini satışa çıxarır. Düzdür, mən buna öz etirazımı bildirdim, lakin o, bu təklifində israrla dayanacağını bildirdi. Vüqar Qurdqanlı zaman-zaman «Xural»da çalışıb, digər qəzetlərlə də əməkdaşlıq edib, bu gün də o, jurnalistlik fəaliyyətini davam etdirir. Çox aktiv gənclərimizdən biridir. Çox üzücü və ağır bir şeydir. Yəni artıq hər şey bu qədər ciddidir. Demək istədiyim odur ki, insanlar bacardıqları qədər «Xural»ı bu burulğandan azad etməyə çalışırlar. Bəlkə də bu, bir quşun dimdiyində su gətirib alovda yanan insanı qurtarmaq üçün etdiyi yaxşılıq kimi bir şeydir. Pərviz Səmədbəylinin evinin Ramiz Mehdiyevə verilməsi təklifini də dəyərləndirəcəyik. O evin sənədləri artıq bizdədir. Bakir bəyin də çox duyğusal, insanı kövrəldən təklifinə baxacağıq (Bakir Həsənbəyli Şah İsmayıl Xətainin, Mübariz İbrahimovun və Ramil Səfərovun şəkillərinə nə qədər qiymət qoyulsa, o qiymətə də həmin şəkilləri hərracda alacağını söyləmişdi – Red.). Doğrudan da, Şah İsmayıl Xətai, Mübariz İbrahimov və Ramil Səfərov kimi artıq dəyərə çevrilmiş adamların şəkillərini hərraclarda qiymətləndirmək olmaz. Azərbaycan hakimiyyəti bunu edə bilər, amma biz buna imkan verə bilmərik. Vüqar Qurdqanlının da təklifi çox üzücü və mətbuatı bu halda olan hakimiyyət üçün çox ayıbgətirici bir təklifdir. Özünü demokratik adlandıran hansısa dövlətin jurnalisti heç bir halda bu cür addıma əl atmazdı. Ramiz Mehdiyev insanları görün hansı həddə gətirir. Yəni bu adam Azərbaycan hakimiyyətinin ən böyük məmuru və ən böyük çinovnikidir – ona görə onun haqqında bu qədər danışıram.

 

Aciz və zavallı aksiyalar keçirməyəcəyik…

 

Mən ümumiyyətlə, aciz və zavallı aksiyaların tərəfdarı deyiləm, ona görə də aclıq aksiyasını bu halda həyata keçirməyin lüzumsuz olduğunu düşünürəm. Bunu etmək olar, ancaq biz zatən yaşadığımız ömür boyu təbii aclıq aksiyası keçirən adamlarıq. Sadəcə bu üsuldan istifadə edib, Azərbaycan mətbuatına laqeyd baxan məmurları sevindirməyək. Digər aksiyalarımız isə olacaq. Hər şeyi isə zaman göstərəcək.

Son

Hazırladı:

Kifayət Rəhimli

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button