Jurnalist məktəb direktorunu rüşvət almaqda günahlandırır

 

Direktor: “Jurnalistin xanımı şagirdin ağzını yapışqanla bağlayıb”

Sumqayıt şəhər sakini, jurnalist Samir Güləliyev 34 saylı məktəbin direktorunun rüşvət aldığını iddia edir. O, bir neçə gün əvvəl özünün Facebook səhifəsində bununla bağlı müraciət paylaşıb. Samir Gülalıyev bildirir ki, bu məktəbdə qanunsuz olaraq şagirdlərdən pul yığılır.

“Direktor Bəyaz Novruzova təhsil müəssisəsində reket strukturu yaradıb. Xanım direktor məktəbdə əməlli-başlı reket qanunları tətbiq edib, Təhsil Nazirliyinin qaydaları bu məktəbdə işləmir. Təsəvvür edin ki, direktor müəllimləri məcbur edir ki şagirdlərdən əsassız pul yığılmalıdı. Fond pulu, bilet pulu, süpürgə pulu, şəkil  pulu, hansısa tədbirdən çəkilmiş kasetlərin sürətinin çıxarılıb satılması və s”.

Samir Güləliyev həyat yoldaşı Aygül Güləliyeva həmin məktəbdə müəllimə işləyir. O deyir, direktor öz müavininə tapşırıb ki, hansı sinif pul vermirsə, həmin məbləği sinif rəhbərindən alsın:

“Şagirdlərdən pul yığmayan müəllimənin mobil telefonu əlindən alınır və qanunsuz pul yığımını həyata keçirmədiyi üçün telefon girov saxlanılır. Amalya müəllimə deyir ki, nə vaxt pulu yığıb gətirərsən, onda telefonu geri qaytararam.

Görəsən təhsil naziri cənab Mikayıl Cabbarovun, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun bu məsələdən xəbəri varmı?”

Samir Güləliyev əlavə edir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə, Baş  Prokuror yanında Korrupsiyaya dair Mübariz İdarəsinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhər Təhsil Şöbəsinə müraciət hazırlayıb.

Şikayətlə bağlı direktor Bəyaz Novruzova Meydan TV-yə açıqlama verib.  Direktorun sözlərinə görə, Samir Güləliyev ona böhtan atır:

“Bizim məktəbdə nə fond pulu var, nə süpürgə pulu. Hansı dövrdə yaşayırıq ki, süpürgə pulu yığaq? Məktəbin 30 yaşı var. Tarixində fond pulu söhbəti olmayıb. Heç məndən yox, gəlin məktəbin həyətindəki uşaqlardan soruşun.”

Direktor onu da əlavə edib ki, Aygül Güləliyeva şagirdlərdən birinin ağzını yapışqanla bağlayıb. Hadisənin bu il baş verdiyini və  müəlliməyə də xəbərdarlıq etdiyini deyir.

Bəyaz Novruzova

Bəyaz Novruzova

Bəyaz Novruzavovanın sözlərinə görə, Samir Güləliyev şou yaradır:

“Jurnalistin həyat yoldaşı bizim məktəbdəki “3 D” sinfinin rəhbəridir. Şikayətdə adı çəkilən Amaliya xanım bizim məktəbdə təşkilatçı müavin işləyir. Onun başlıca vəzifələrindən biri də, təşkilat saatlarının təşkilinə nəzarət etməkdir. Bu ayın 18-i Amaliya xanım təşkilat saatının necə aparılması ilə bağlı siniflərin bir çoxunda sorğu aparıb. Məlum olub ki, bu şikayəti yazan jurnalistin həyat yoldaşının rəhbərlik etdiyi sinifdə təşkilat saatının nə olduğunu belə bilmirlər. Əfsuslar olsun ki, həmin xanım sentyabrdan indiyə kimi təşkilat saatı keçməyib.

Bu səbəbdən də, mən vəzifəmdən irəli gələn səlahiyyətimə uyğun şəkildə Aygün xanımı otağıma çağırdım ki, məsələni aydınlaşdırım. Normal şəkildə danışdıq. Ona xəbərdarlıq etdim ki, təşkilat saatları gələcəkdə keçirilməsə, bu vəzifəyə görə onun əmək haqqına əlavə edilən 35 manatın verilməməsilə bağlı məsələ qaldıracam. Aygün xanım mənə söz verdi ki, bundan sonra nöqsanı aradan qaldıracaq. Mənim otağımdan çıxandan sonra, o, dəhlizdə müavinlər və psixoloq müəllimlə rastlaşıb. Onların yanında ultimativ nota verib ki, onun ayağını tapdalamaq lazım deyil, yoxsa başımıza oyun açar. Axı belə ifadə tərzi müəllimə yaraşan deyil. Mən Aygün müəlliməni yenidən dəvət etmək üçün ona zəng etdim. İki nömrəsindən heç biri cavab vermədi . Katibə gedib onu tapıb gətirdi. Mən gördüm ki, onun əlində telefon var. Xahiş etdim ki, telefonu mənə versin. Onun nömrəsindən özümə zəng etdim ki, hansı nömrəni işlətdiyini bilim. Çünki lazım olanda onu tapa bilim. Aygün müəllimə mənə dedi ki, məktəbdə onu “qaralayıblar”, yalnız ondan nəsə tələb olunur. Bildirdim ki, burada 138 işçi var və biz hər bir adamdan nümunəvi iş tələb edirik. Onun diqqətinə çatdırdım ki, həftənin 6-cı günü dərsə gəlmir. Halbuki o məktəbdə olmalıdır”.

Samir Güləliyev isə hesab edir ki, bu müraciətindən sonra ona qarşı hazırlanan təxribatdır:

“Ən dəhşətlisi odur ki, Bəyaz Novruzova bu şikayəti tərtib etməklə özünü ikinci cinayətdə suçlayıb. Fikir verin, guya şikayət ərizəsi ötən il oktyabrın 30-da Bəyaz Novruzovaya təqdim olunub və direktordan müəllim haqqında tədbir görülməsi istənilib. Amma Bəyaz Novruzova heç bir tədbir görməyib. İndi mən sabah həmin ərizənin surətini Sumqayıt Şəhər Prokurorluğuna göndərəcəm və Bəyaz Novruzovanı cinayəti əvvəlcədən bilib gizlətməsi barədə tədbir görülməsini istəyəcəm”.

Samir Güləliyev deyir ki, şikayətlə bağlı Sumqayıt şəhər Təhsil Şöbəsinin müdirinin qəbulunda olub. Şöbə müdiri hadisə ilə bağlı ciddi tədbir görəcəyini bildirib.

Təhsil Nazirliyindən də məsələnin araşdırıldığı bildirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button