Jurnalistikada “dostluğa”, “düşmənçili “yə son qoyulmalıdır…

Sakit Orduxanlı

“Xural”ın Cənub Bürosunun Rəhbəri

Hər il mətbuat günü münasibəti ilə yazdığım yazıya “qədəm” qoymamış məni mətbuat adamı etdiklərinə görə rəhmətlik Qasid Nağıoğluna, Faiq Balabəyliyə və Əvəz Zeynallıya boynuma yüklədikləri “minnətə” görə təşəkkür edirəm. Yox, bu dəfə etməyəcəyəm! Söz sənətinin “lotusu” babam Süleyman xortlayıb xahişə, minnətə gəlsə belə etməyəcəyəm! Ki, bugünkü Azərbaycan adlı məkanın mətbuatı laməkan, mən(lər)sə gor adamı, məhbus… və “yal”a dil vurmağa növbə gözləyən adama çevrilmişəm.

Bəli, bəli, zamanında MŞ-nın sədri Əflatun Amaşovun, bu gün isə bir tuzla onun üç tuzunu “pas” edən Vüqar Səfərlinin robotuna çevrilmiş mediamız sözün hər mənasında it gününə salındığından həm “müstəqil”, həm də “müxalifət” qəzetləri “bardaş” qurub ona çatası…, sözün ən yaxşı mənasında “ünvanlı” yardımı…, yox, yox bağışlayın, payı gözləyir. Elə ki pay paylandı, bir müddət hamı susur, Oxucu məktubuna, şikayətlərə yer verilmir, yardıma “ehtiyacı” olan qəzetlərin, lap elə “Yeni Müsavat” və “Azadlıq”ın səhifələrini dini mövzular, krimxəbərlər, “ulduz falı”, idman xəbərləri və s. bəzəyir. Zatən həm ciddi-cəhdlə müdafiə etdiyim və bundan da sonra edəcəyim iqtidar və KİVDF-də vəzifəsi yalnız yaxın çevrəsinə pul çeşidləyən Vüqar Səfərli “dızmırtdığ” edən yazarı, baş redaktoru yanına çəkməyi, onu “yandaşı” etməyi yaxşı bacarırlar.

Yadımdadır, ötən il Əvəz Zeynallının məhkəmələri ilə bağlı “Xural”a tez-tez yolum düşdüyündən, çox zaman rəhmətlik Şahin Ağabəyli ilə Afiq Mirzəbəylini Əvəz bəylə bir yerdə görərdim. Pis çıxmasın, onlar bir yerdə yeyib-içirdilər… Və hamısının həm iqtidarın, həm MŞ-nın, həm də KİVDF-nin dalısıyca odlu-alovlu danışdığının şahidi olurdum. Amma bir dəfə, daha doğrusu, onların üçünün yaratmaq istədiyi yeni qurumun RATİ-dəki yığıncağında Afiq bəyi çox susqun gördüm. Bir-iki gündən sonra mətbuatda yardıma ehtiyacı olan qəzetlərin siyahısında “Reytinq”in adını görəndə, “mayiçni” köynəkli oğlanın həmən tədbirdə nədən danışmadığını anladım. Və gücüm ancaq qalanların – Şahinin ölümünə “sevinmək” və ürəyimdə fikri-zikri ancaq milli dəyərlər, milli özünəqayıdış… Böyük Gələcək olan Əvəz bəyi danlamağa çatdı… Bu bir haşiyə.

Təkcə cənublu Oxucularımız deyil, “Xural”ı əlinə alan iyirmi minə yaxın insan bilir ki, mən əyalət ədəbiyyatı və onun inkişafına AYB-nin sədri Anardan çox maraqlı və meylliyəm. Bu məqsədlə istər “Bizim Əyalət”lərdə, istər rəsmi və qeyri-rəsmi tədbirlərdə, istərsə də ATV-nin “El içində” verlişində məsələlər qaldırıb, təkliflər irəli sürmüşəm. Nəticə aylar öncə qəzetlərin “qançalaşı” Qan Turalının ürəyincə olduğundan, mənə zəng edib hansısa QHT-nin dəstəyi ilə “Bölgə ədəbiyyatı və onun problemləri” adlı treninq keçirməyi, mənimsə bu tədbirin təşkilatçısı olduğumu xahiş edir. Razılaşıram. Tədbirin keçiriləcəyi yeri, günü, saatı təyin etməyimizə baxmayaraq, qonaqlarım – Qan Turalı və Mirmehdi təşrif buyurmur. Sonradan bir qəzetçi dostum zəng edib bildirir ki, gözləmə, gəlməyəcəklər, çünki APA-nın rəhbəri Vüsalə Mahirqızı “Xural”ın adını eşidən kimi, Qan Turalı yanına çağırıb “tədbir keçirilməyəcək” deyib… Al, bu da sənə ikinci haşiyə.

Bəli, de-demə, bu gün mətbuatımız ötənlərə nisbətdə verilən yardımların hesabına toxdur, acdan xəbəri olmayan əksəriyyət qəzetlərinin adlarının altında “müstəqil” yazsalar da, düşündüyünü yazmağa qorxur, pay umduqlarının sifarişini yerinə yetirməklə yanaşı, onların cızdığı trayektoriyadan kənara çıxmırlar. Belə də olmalıdır, “verən” “alanı” qullaşdırıb, müti edib. Qul da başa düşür ki, “cızığından” kənara çıxsa, ən azından “yalı”, son nəticə də isə barmaqları və dili əziləcəkdir.

Biz “Xural”çılarınsa barmaqlarını, dilini kəsə bilmirlər və kəsə də bilməzlər. Çünki düzünü deyən, həqiqəti yazan dilimiz və barmaqlarımız məhkəmə icraçıları tərəfindən siyahıya alınmasına baxmayaraq, Böyük Oxucudan və dostlarımızdan başqa heç kəsə əyilmirik və heç kəsdən əfv diləmirik! Və əslində dövlətdən yardımı “Mövqe”,  “Palitra”, “Oxu məni” və onlarca çürük təfəkkürlü, fərqli düşüncəsi və obyektivliyi olmayan qəzetlər yox, biz almalıyıq!

Çünki biz hakimiyyətə bir köynək uzaq olsaq da, dilini, dinini, millətini, ölkəsini, rəhbərini sevən və dar gündə onları atmayanlardanıq!

Çünki biz çeynəmədən ağzımızdan çıxarmadığımız sözümüzün, düzü əyri görməyən gözümüzün quluyuq, buna görə nəinki məmur, oliqarx, heç öz tüpürdüyümüzü yalamırıq!

Biz mətbuatdan başqa heç kəsin adamı deyilik və mətbuatı at kimi minənlər, Zərdabini özəlləşdirənlər (dırnaqsız) çaldıqlarına bizə züy tutdura bilməzlər!

Buna görə də respublikada üç qəzetdən biri, mən deyərdim ki, birincisi olan “Xural” dövlət səviyyəsində qayğıdan kənarda qalır, hüquqlarımızı qorumağa borclu olan məhkəmələr isə günbəgün 3 kiloluq bankalarımızın sayını artırır.

Çəkinmədən deyirəm, millətini, vətənini, xalqını və Oxucusunu düşünən qəzetçilər barmaqla sayılacaq qədərdir, say predmeti isə “dilənçi payına” yumulan əl barmaqları yox, iylənməyə meylli ayaq barmaqlarıdır…

Azad və müstəqilliyimiz ilə yanaşı, düşünən beynimiz “verəndən” aldığımıza hərisləşdiyindən milli mətbuatımız ağ kəfənə zorən bükülüb “ölüm kağızını” gözləyir… Mətbuatımızın başbilənləri isə “ölən ölməsin” deməklə dəfn puluna da göz dikirlər.

Sirr deyil ki, ölkə mətbuatı AXCP kimi paramparçadır, yarısı məmur və oliqarx qəzeti olmuş, yarısı partiyalaşmış, yarısı, daha doğrusu, çoxu MŞ-nın və KİVDF-nin kölgəsinə çevrilmişdir. Müstəqili isə təkəmseyrək və 4 yaşlı Əlinin saya bildiyi say qədər – bir, iki, üç! Vəssalam.

Bu gün Leninindən tutmuş Oktyabryatına qədər söydüyümüz Sovetlər dönəmi ilə müqayisədə indiki mətbuatımız bir addım irəli getməkdənsə, iki addım geridədir, mətbu balans, haqq-ədalət prinsipi pozulur, peşəsinə yetərincə əməl edənlərə qarşı düşmən, KİV-i “Sədərək” və “Binə” bazarına çevirənlərə isə dost mövqedə dayanılır. Çünki “dost” aldığını alıb dilini “dalına” qoyur, “düşmən”sə…

Amma yetər, jurnalistikada “dostluğa”, “düşmənçiliyə” son qoyulmalıdır.

Belə… Belə ki, əziz həmkarlarım, gəlin bütün yükümüzü çiynində gəzdirən Oxucumuza inamımızı qaytaraq, onsuz da onların tam yarısı bizə inamsızdır və “qəzetlərdə ancaq ayın tarixi düzdür” deyirlər. Qalanları itirməməyi düşünək, qoy onlar jurnalistikamızın 40-cı qapısını açıb boşluq görməsinlər. Əks halda, çiyinlərini yükümüzdən çəkərlər. Vay onda bizim halımıza…

Bugünkü halımıza görə isə heç kimə “mətbuat gününüz mübarək” demirəm, gorunu çatlatdığımız Zərdabi xahiş-minnətə gəlsə belə…

 

İ.S. Ötən il “Azərbaycan mediasında iki “günülük” hökm sürür. Gözləyək görək “ər evində” kim qalacaq – sonda gələn, yoxsa!?” yazmışdım. Bu il tam əminliklə deyirəm, “ər evi”nin sahibi sonda gələndir – yanı balalı “gəlin”!

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button