Jurnalistin 51.000 dollarlıq əmlakı talan, ofisi isə yerlə-yeksan edildi

““Malibo” MMC vətəndaşın Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi 96 ünvanında yerləşən əmlakını yerlə-yeksan edib və onun içindəki 51.000 dollarlıq əmlakı talayıb” bu sözləri xural.com-a deyən mənbə həbsdə olan jurnalist Nazim Quliyevin yaxınlarıdır. Onların dediyinə görə, bu qeyri-yaşayış sahəsi 1992-ci ildən Nazim Quliyevindir. Burada uzun müddət ofis fəaliyyət göstərib və son zamanlar ofis kirayədə olub. Yanvar ayından bəri boş olan ofisə uzun müddət baş çəkən olmadığına görə, orada nə baş verdiyindən xəbərsiz olublar. Yalnız iyul ayının 6-da ofisə baş çəkmək üçün gedən ev sahibləri qeyri-yaşayış sahəsinin yerlə-yeksan edildiyini görüblər.

Qısa araşdırmadan sonra məlum olub ki, ofisin yerlə-yeksan edilməsinin səbəbi “Malibo” MMC adlı bir şirkətin burada göydələnlər ucaltmaq istəməsidir. Təsisçisinin Xəlilov Fərid Naib oğlu, qanuni təmsilçisinin Sadıqov Nicat Ramiz oğlu olduğu bu şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllədir. Ofisin yerlə bir olması bir tərəfə, içindəki 51.000 dollarlıq texniki avadanlıq və ofis ləvazimatları da talanıb. Yeni avadanlıqlar haqqında hələ də məlumat verilmir.

Həbsdə olan jurnalist, əmlakın sahibi Nazim Quliyevin yaxınlarının dediklərinə görə, hadisə haqqında 102 xidmətinə məlumat verilib və Nəsimi rayon 21-ci polis bölməsi işi nəzarətə götürüb. “Malibo”nun nümayəndələri tikintinin “pilot layihə” olduğunu iddia ediblər. Ancaq məlumdur ki, pilot layihələr o zaman həyata keçirilə bilər ki, əmlak və ərazi sahibləri ilə razılaşdırılsın. Prezident İlham Əliyevin də tövsiyələrinə görə, pilot layıhələrin müəllifləri mütləq əhali ilə razılaşdırandan sonra bu işlərə başlamalıdırlar. Görünür, “Malibo” MMC prezidentin tövsiyələrini də unudub. Yəqin onların yadına bu tövsiyələri salanlar tapılacaq.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button