Jurnalistin iki körpəsi evin içində yanıb kül oldu

Bölgexeber.com saytının rəhbəri Vasif Turanın iki körpə uşağı dəhşətli yanğında tələf olub, evin qapısının arxadan bağlı olduğu üzə çıxıb

 Dünən axşam gecə saatlarında bolgexeber.som saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsində yerləşən evi yanaraq kül olub. Dəhşətli hadisə nəticəsində baş redaktorun iki körpə uşağı da yanaraq tələf olub.

V.Turanın yaxınlarının verdiyi məlumata görə, yanğın gecə saatlarında qəfil baş verib. Həmin vaxt Vasif Turan və həyat yoldaşı yaxınlıqdakı qayınanasıgildə olublar. Gec olduğundan uşaqları özləri ilə aparmayıblar. Onlara qayınanası gilə çatdıqdan 15 dəqiqə sonra evin yandığı barədə xəbər veriblər və mənzillərinə çatana kimi, alovun bütün evi əhatəyə aldığını görüblər. Hadisə yerinə gələn FHN-in Yanğınsöndürmə briqadası alovun qarşısını gec də olsa alıb.

Vasif Turanın qohumu, hadisənin şahidi olan Niyaməddin Muradov deyib ki, evin bu şəkildə yandığını anlaya bilmir. Onun sözlərinə görə, boş olan mənzildən bu qədər alovun necə meydana gəlməsi hələ də onun üçün qaranlıqdır. «Vasifin ev təmirsiz idi. 2-3 kavadrametr həcmində lambrin vurulmuşdu. Bir otağını ala-babat təmir etdirərək, ailəsini ora yığmışdı. Yanğının bu şəkildə dəhşətli olması mənim üçün hələ də qaranlıqdır. Bunun qəsdən törədilə biləcəyini düşünürəm».

Məlumata görə, yanğının qəsdən törədildiyi ehtimalı araşdırılır. Buna səbəb isə Vasif Turanın evinin qapısının çöldən bağlı olması olub. Hadisə barədə jurnalistlərə danışan Bolgexeber.som saytının rəhbəri Vasif Turan da məlumatı təsdiqləyib. O deyib ki, evdən çıxan zaman qapını arxadan bağlamayıblar. «Tez gedib qayıdacaqdıq deyə qapını arxadan bağlamadıq. Evin qapısını isə içəridən bağlamaq mümkün deyil. Məni şübhələndirən də budur».

O, həmçinin yanğının qəsdən törədildiyini də bildirib. O deyib ki, bununla bağlı hadisə yerinə gələn prokuror da bu barədə məlumat verib. «Düşünürəm ki, bu mənim peşə fəaliyyətimlə bağlı olsun. Çünki evin qapısının arxadan bağlı olması, hadisə şahidlərinin dediyinə görə, evdə partlayışın baş verməsi şübhələnmək üçün yetərli qədər əsas verir. Prokurorluq işçiləri də mənə bildirdilər ki, ilk olaraq peşə fəaliyyətimə görə bu olayın baş verməsini araşdıracağını bildirdi».

Vasif Turan son günlər onun bir neçə nəfər tərəfindən təhdid oldunduğunu da deyib. O bildirib ki, hələlik bu təhdidlərin kimlər tərəfindən edildiyi barədə danışmaq istəmir. «Bir neçə müddət idi ki, yazdığımız yazılarla əlaqədar olaraq təhdid olunurdum. Hələlik onların kimliyi barədə danışmaq istəmirəm. Bu dəqiqə o halda da deyiləm ki, bu məsələ ilə bağlı danışam. Övladlarımın dəfnindən və məclisi yola verdikdən sonra mətbuat konfransı keçirərək, açıqlama verəcəm».

Onu da bildirək ki, yanğın baş verəndən dərhal sonra hadisə yerinə FHN-in və DİN-in ekspertləri gəliblər. Bundan başqa, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, rayon prokuroru, Baş Prokurorluqdan nümayəndələr də hadisə yerinə gələrək, baxış keçiriblər. Dünən gecə və bu gün səhər ekspertlər yanmış evdən ekspertiza üçün nümunələr götürüblər. Abşeron Prokurorluğundan verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 “Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. bu aileni yaxindan taniyiram ve qonshu olmushuq. Vasif Turani cox alicenab ve medeni bir insan kimi taniyiriq. kim edibse niye edibse Allah onun cezasini versin verecekde. Usaqlarin hec bir gunahi yox idi, gozumuzun qabaqinda boyumusduler….. Allah rehmet elesin her iksine ve valideynlerine sebr versin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button