Jurnalistlərə mənzil verilməsinin şərtləri açıqlandı

Kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarına yeni binada mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb. “AzPolitika.info”nun məlumatına görə, bu barədə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Mətbuat Şurası və Milli Televiziya və Radio Yayımları Şurası ilə birgə təşkil etdiyi mətbuat konfransında məlumat verilib.

Mətbuat konfransında çıxış edən KİVDF-nin  icraçı direktoru Vüqar Səfərli deyib ki, dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə mənzil tikib vermir. O, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan hökumətinin bu məsələni gündəmdə saxladığını bildirib.  Sonra şərtlər açıqlanıb.

Şərtlərə görə, ən azı 3 il fasiləsiz fəaliyyət göstərən KİV-in (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet portalı və sayt) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini vermək hüquq var.

Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər.

Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.
KİV-lər ümumi iclas çağırmalı, komissiyanın şərtlərinə uyğun namizədlərini müəyyənləşdirməli, komissiyaya təqdimat verməlidir (möhürlü və imzalı).

c359d647e81d7c0fe813670ed20650dbKİV-lərin təqdimatına namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada), namizədin ailə tərkibi haqqında arayış, namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli, namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonları) əlavə olunmalıdır.

Təqdimatlarda namizədin mənzil-məişət şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır (jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcək).

Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimatlar verilə bilər.
Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər.
Adları Mətbuat Şurasının “qara siyahı”sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə, Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.
Sənədlər 2017-ci il may ayının 22-dən iyun ayının 22-dək komissiyayaya təqdim edilməlidir. Sənədlər iş günləri saat 10.00-dan 17.00-dək (nahar fasiləsi 13.00-dan 14.00-dək) KİVDF-nin ofisində qəbul olunacaq.

Sənəd qəbulu komissiyasının 9 üzvü var. Onlardan üçü KİVDF-nin nümayəndəsi, üçü Milli Televiziya və Radio Yayımları Şurasının, digər üçü isə Mətbuat Şurasının nümayəndəsidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button