Jurnalistlər üçün olmazsa olmaz…

Alınması məhdudlaşdırılan bilgilər

 Dövlət sirri nədir və hansı məqsədlə qorunur?

 Dövlət sirri dövlətin təhlükəsizliyi və davamlılığı baxımından gizli tutulan, səlahiyyətli dövlət orqanları tərəfindən sirr olaraq qəbul edilən və qorunan bilgiləri əhatə edir. Dövlətin təhlükəsizliyi dövlətin varlığı, yaşadılması, ölkənin milli və beynəlxalq maraqlarının qorunması, dövlətin onu təşkil etmiş vətəndaşlar qarşısında öz funksiyalarını yerinə yetirə bilməsi üçün təhlükəsiz şəraitin təmin olunmasıdır. Elə bilgilər var ki, onların müəyyən anadək açıqlanması dövlətin təhlükəsiz fəaliyyətinə ciddi zərər vura bildiyindən belə bilgilər sirr olaraq qəbul edilir.

Dövlət sirri haqqında Qanunun 1-ci maddəsi dövlət sirri anlayışını belə açıqlayır: dövlət sirri – dövlətin hərbi, xarici siyasət, iqtisadi, elmi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə olunan və yayılması ölkənin təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. Belə bilgilərin qorunması üçün qanunda göstərilən qaydada bu bilgilərə (onların daşıyıcılarına) çıxış məhdudlaşdırılır, onların qorunması üçün xüsusi rejim yaradılır, həmin bilgilərin yayılmasının qarşısını almaq üçün hüquqi məsuliyyət tədbirləri müəyyən olunur. Dövlət sirrinə aid edilə bilən bilgilər Qanunda göstərilən siyahıdakı bütün bilgilər yox, yalnız səlahiyyətli dövlət orqanları tərəfindən qanunda müəyyən olunmuş qaydada məxfiləşdirilərək qorunması üçün xüsusi tədbirlər görülmüş bilgilər dövlət sirri sayılır.

Konstitusiyanın 50-ci maddəsində müəyyən olunan hər kəsin istədiyi bilgini axtarmaq, toplamaq, almaq və yaymaq azadlığının gerçək olaraq təmin olunması və hökumət üzvlərinin istədikləri bilgini dövlət sirrinə aid edərək toplumdan gizlədə bilməsinin qarşısını almaq üçün qanun dövlət sirrinə aid edilə bilən bilgilərin dairəsini dəqiq müəyyən edir. Qanunvericilikdə məhz hansı bilgilərin, hansı vəzifəli şəxslər tərəfindən məxfiləşdirilməsi, məxfiləşdirmənin düzgün olub-olmamasının yoxlanması qaydaları göstərilir.

 Media Hüququ İnstitutunun nəşr etdiyi “Media Hüququ: Jurnalistin hüquq bələdçisi” kitabından

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button