Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi Ə.Zeynallının müdafiə kampaniyasını aparacaq

ABŞ-da RAFİQ TAĞI VƏ ƏVƏZ ZEYNALLI MÜZAKİRƏLƏRİ

“Yeni Müsavat” qəzeti

2011-11-23

“İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, keçmiş vicdan məhbusu Eynulla Fətullayev dünən Nyu Yorkda, Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsinin mərkəzi ofisində komitənin rəhbərliyi ilə, o cümlədən təşkilatın sədri Con Samuellə görüşüb. Görüşdə yazıçı-publisist, keçmiş vicdan məhbusu Rafiq Tağıya qarşı sui-qəsd müzakirə olunub. E.Fətullayev Rafiq Tağının son məqaləsini təşkilat rəhbərinə təqdim edib.

Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi yazıçıya qarşı basqıdan narahatlığını ifadə edib, eyni zamanda azad mətbuatın son durumu ilə bağlı vəziyyət təhlil olunub. Komitə mərhum həmkarımız Elmar Hüseynovun qətli ilə əlaqədar aparılan istintaqın gedişi və bu yaxınlarda həbs olunmuş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi ilə də maraqlanıb. Bu nüfuzlu təşkilatın gəldiyi nəticə odur ki, Ə.Zeynallının həbsi siyasi motivlidir və hakimiyyəti tənqid edən məqalələrə görədir. Eynulla Fətullayev deyib ki, Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi Ə.Zeynallı üçün müdafiə kampaniyası aparacaq.
Dünən axşam gec saatlarda isə Nyu Yorkun “Uoldorf-Astoriya” mehmanxanasında Mətbuat Azadlığı Mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə 1200-ə yaxın şəxs, ABŞ-ın tanınmış simaları – siyasətçilər, jurnalistlər, biznes-elitanın və əyləncə sənayesinin nümayəndələri iştirak edib. Həmin mükafatı Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi təsis edib. Laureatlar arasında Eynulla Fətullayev də var. O, bu ali mükafata 2009-cu ilin sentyabrında, həbsdə olarkən layiq görülüb. Dünən isə mükafat ona təqdim edilib.

ELMİN

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button