Jurnalistlər və sosial şəbəkə istifadəçiləri üçün birgə təlim keçirilib –FOTO/VİDEO
“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sosial şəbəkələrdə və digər internet informasiya resurslarında milli maraqların müdafiəsinin təşkili” layihəsi çərçivəsində iyulun 27 –də və avqustun 17-də jurnalistlər, sosial şəbəkə istifadəçiləri, KİV əməkdaşları üçün təlim keçirib.
Layihə rəhbəri Xaqani Səfəroğlu bildirib ki, layihənin məqsədi internet informasiya resurslarında və sosial şəbəkələrdə milli maraqların müdafiəsi məqsədilə jurnalistlər, populyar Feysbuk sosial şəbəkəsi səhifələri və qruplarının adminləri və fəal istifadəçilərinin, sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi və məlumatlığının artırılmasıdır.
“İnformasiya müharibəsinin xüsusiyyətləri”, “Feyk xəbərlər və trollar vasitəsi ilə yayılan informasiyalar” mövzusunda təlimi təlimçi Ülkər İsmayılqızı aparıb. O, qeyd edib ki, müasir dövrdə informasiya müharibəsi aparan qlobal səviyyəli mərkəzlərlə yanaşı, konkret coğrafi məkanlarla lokallaşdırılmış “psevdolokal” mərkəzlər mövcuddur. Onlar öz qeyri-qanuni fəaliyyətlərini konkret bir dövlətə yönəltməklə məqədlərinə nail olmağa çalışırlar. Feyk xəbərlərin yaranma səbəblərinə toxunan təlimçi deyib ki, belə xəbərlər təkcə sosial şəbəkələr dövrünün fəsadı saymaq olmaz. Onun sözlərinə görə, hələ SSRİ-də dövlət KİV-lərində bu tip xəbərlərin ictimai rəyin yönləndirilməsi üçün istifadə olunurdu. Müasir dövrdə isə dövlətlər hər hansı öz maraqlarında olan məlumatın təbliği üçün feyk xəbərlərin ötürülməsindən istifadə edirlər. Onun sözlərinə görə, dövlət strukturları sosial şəbəkə üzrərindən yayılan yalan məlumatların qarşısını almaq üçün ilk növbədə çevik informasiya siyasəti yürütməli və xəbəri yerinədəcə təkzib edəcək doğru məlumatı hazırlayıb yaymalıdırlar. “Oxucunun yadında hmişə ilk informasiya qalır. Odur ki, informasiya müharibəsi ilə üzləşən cəmiyyətdə çevik media strukturunun işləməsi çox mühümdür”.
Təlim iştirakçıları mövzu ətrafında öz fikirlərini bildiriblər. Qadir İbrahimli iqtisadi müstəvidə yayılan feyk xəbərlərin cəmiyyətdə həyəcan və panika yarada biləcəyindən danışaraq bu məsələnin həsasslığına diqqəti yönəldib. Fərid Teymurxanlı rusdilli onlyan resurslarda ölkəmiz əleyhinə yayılan feyk xəbərlərə diqqət çəkərək qeyd edib ki, bu tip məlumatlarda faşist ideoloqu Gebbelsin “yalan nə qədər böyük olursa ona daha çox inanırlar” tezisinə üstünlük verilir. Onun sözlərinə görə, yalan xəbərlə doğrunu seçmək üçün jurnalistə analitik təfəkkür çox vacibdir.
Azər Rəşidoğlu bildirib ki, jurnalistikanın dövlətin milli maraqları barədə təsəvvürü aydın olmalıdır. Onun sözlərinə görə, informasiya təhlükəsizliyini təmin etmək daha çox müvafiq orqanların səlahiyyətində olan məsələdir. Rəşad Babalının sözlərinə görə, sosial şəbəkə istifadəçilərini feyk xəbərlərə inandırmaq asandır. Bunun qarşısını yalnız ictimai rəyin etibar etdiyi KİV ala bilər.
Daha sonra təlimçi qaldırılan məsələlər barədə çıxış edib.