“Jurnalistlərin azadlığa buraxılması tələbli aksiyaların vaxtı çatıb”

Y24.07.2013

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının hüquqlarını müdafiə edən ictimai komitənin üzvü, jurnalist Əfqan Muxtarlı iyulun 24-də “Media forum” saytına açıqlama verib.

Əfqan Muxtarlı bildirib ki, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Əvəz Zeynallı ilə görüş imkanı yaradılması xahişi yer alan müraciətə cavab gəlməyib: “Digər siyasi məhbusların hüquqlarını müdafiə komitələri ilə birlikdə etiraz aksiyalarına başlamaq fikrindəyik. Azərbaycanda siyasi məhbuslarla yanaşı 7 jurnalist də həbsdədir. Jurnalistlərin azadlığa buraxılması tələbli aksiyaların vaxtı çatıb. Müsavatçı Yadigar Sadıqovun hüquqlarını müdafiə komitəsi ilə ilkin razılığa gəlmişik. Yaxın günlərdə həbsdə olan jurnalistlərin hüquqlarını müdafiə komitələri ilə də birgə tədbir planlaşdırırıq. Əvəz Zeynallı şərlənərək, heç bir hüquqi əsas olmadan tutulub. Biz Azərbaycanda bütün məhkəmə instansiyalarını keçib Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edəcəyik”.

Xatırladaq ki, bir həftə əvvəl “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının hüquqlarını müdafiə edən ictimai komitənin üzvləri Penitensiar Xidmətin rəisi Mədət Quliyevə, jurnalistin saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərinə görüş üçün ərizə göndəriblər.  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bildirib ki, ərizə iyulun 15-də aidiyyəti qurumlara göndərilib: “Əvəz Zeynallı ilə görüş istəyirik. Xüsusi qeyd etmişik ki, beynəlxalq və yerli təşkilatlar Əvəz Zeynallını siyasi məhbus kimi tanıyır, jurnalist saxta ittihamlarla həbs olunub. Onunla iyulun 22-də, Azərbaycan Jurnalistikası Günündə görüşmək istəyirik”.

Emin Hüseynov əlavə edib ki, müraciət etdikləri qurumlardan səs çıxmasa, məhkəməyə müraciət edəcəklər:  “Əvəz Zeynallının görüşmək hüququ təmin olunmalıdır. Qanunda məhdudiyyət yoxdur ki, Əvəz Zeynallı yaxın qohumlarından savayı başqa şəxslərlə görüşə bilməz. Belə bir məhdudiyyət olmadığı üçün hesab edirik ki, görüş bizim, eləcə də Əvəz bəyin hüququdur”.

Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-də sabiq deputat Gülər Əhmədovanın şilayəti əsasında tutulan Əvəz Zeynallı BP yanında KQMİ tərəfindən külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib. Məhkəmə istintaqı zamanı da ona qarşı irəli sürülən iddialar özünü doğrultmayıb. G.Əhmədovanın özünə gəlincə, o da AR CM-nin 178-ci maddəsi – Dələduzluqda ittiham edilərək, həbs olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button