KƏBLƏ VƏLİYƏ….

 

 

 

 

Mirzə Sakit

(Kamil Vəliyə dəxli yoxdur…)

Hər nə decəm, millətə çatdır belə
Ay dili-qafil, bu nə zaddır belə.

Kəblə Vəli, dur bizə bir çay gətir,
Doğra limon, süfrəyə əzvay gətir,
Milli xörək varsa canım, pay gətir,
Saxladığın ruski salatdır belə
Ay dili-qafil, bu nə zaddır belə.

Köhnə zamanlarda yeyərdik nabat,
Boşca qalıb evdə sınıq diplomat,
Kart salırıq biclik edir bankomat,
Aylığımız əlli manatdır belə?
Ay dili-qafil, bu nə zaddır belə.

Yasda durub mədh eləyirsən şahı,
Toyda deyirsən “Qarabağ segahı”,
Torpağımız erməni seyrəngahı,
Padşahımız bəs niyə şaddır belə?
Ay dili-qafil, bu nə zaddır belə.

Çiyni əba, ismi saray qarğası,
Hərzə danışdıqca, cocuq qorxası,
Saxta tоleyrantdı bu din darğası,
Məzhəbimiz güya azaddır belə
Ay dili-qafil, bu nə zaddır belə.

Tayfa-klan şərlə başın girləsin,
Nefti satıb durbanı məngirləsin,
İldə beş-on müxbiri zəncirləsin,
Soy kökü bəd, bizlərə yaddır belə
Ay dili-qafil, bu nə zaddır belə.

Cümlə-xəlayiq məni dəstəkləyir,
Bir xınabaş kölgəmi çox təkləyir,
İmzamı görcək qulağın şəkləyir,
Düz yazılan kəlməyə matdır belə
Ay dili-qafil, bu nə zaddır belə.

“Xural” qezeti
il: 9, sayı: 045(405), 05-11 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button