Kədər üstə düşüncələr

ocağın yasıUlusəs Atalı

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdəylə!

Ocaq təqvimi ilə 33-cü il, Qürub Ayının 3-də Asif Atanın Mütləqə İnam Ocağı Türk Ruhaniyyatı əsasında yaratdığı “Ölügötürmə Kuralları”na uyğun Yas Mərasim-Törəni keçirdi. Mərasim Nurtəkin və Üstün Atalıların anası Zəhra xanımın ölümü ilə bağlı düzənlənmişdi.

 Asif Ata deyirdi ki, Ocağa gənc yaşda evladlar gətirin, 20 ildən sonra mən onlardan Yetkin, Kamil İnsan yetişdirim.

Nurtəkin Ocağa 22 yaşında gəldi – saf, təmiz, məsum bir qız. Ömrünü büsbütün, qalıqsız Asif Atanın Mütləqə İnam Yoluna həsr etdi. Nə idi bu qızı Ata Yoluna çəkən? Gəncliyinin coşğun çağında, sevib-sevilmək məqamında, duyğularının hərarətli bir anında Nurtəkin İnam Ocağına gəldi. Bu gəlişin təməli nədir?

Nurtəkin özünə düz yol seçmişdi. Bu, təsadüf idi, yoxsa zərurət, bilmirəm. İstənilən halda bu seçim Nurtəkinin xoşbəxtliyidir. Onlarla başqa gənclər də bu yola düşmüşdülər, lakin gedə bilmədilər. Nurtəkin Yolu gedə bilən təklərdən oldu.

Nurtəkində Mütləqi duymaq həssaslığı var. Həqiqəti anlamaq, Gözəlliyi hiss etmək aşılanıb ona elə bil. Xislətində Ucalığa heyranlıq, Böyüklüyə Səcdə halı var. Bu duyğu Ataya, Amal Yoluna aşiqlik yaratdı onda. Atalığa, Amala aşiqlik halı bu vaxta qədər dəyişmədi. Bütövləşdi, nadir Şəxslərdən biri oldu – İçindəki Mütləqi arayan, Amalını yaşam tərzinə çevirən nadirlərdən.

İnsan Məna ilə yaşadıqda həyat gözəldir. Həyat Mütləqliyi ilə gözəldir. Həyatı Mütləqə İnamla yaşamaq isə Xoşbəxtlikdir!

Mənasız, Mütləqsiz həyat yaşayanlar Gözəlliyi başqa yerdə axtarmalı olurlar. Təzahürlərlə, görüntülərlə, maddi yaşamın firavanlığı ilə yetərlənirlər. Firavan yaşayanların hər şeyi olur, xoşbəxtlikdən başqa. Çünki xoşbəxtlik, gözəllik Ruhani keyfiyyətdir. Gözəl yaşamaq İnsanın mənəvi halıdır, maddi imkanı deyil.

Nurtəkinin xoşbəxtliyi ailə-məişət, cəmiyyət ölçülərindən üstün oldu, insani, bəşəri dəyərlərə uyğun bir səviyyəyə qalxdı. Bu, Təklərə layiq aqibətdir. Bu, sığmazlıq, azadlıq tələbi ilə dolmaqla yanaşı, Kamil İnsan səviyyəsinə can atan bir insanın taleyidir. Bu, Ali duyğularla yaşamaq deməkdir.

Ali duyğular ən çox Kədər üstə yaranır. Tarixdə və bugünümüzdə insana qarşı aşağılamalar Kədər hadisəsidir. Dünyanın özündən ayrılmasına kədərlənmək insanı Ali Duyğulara yönəldir. İnsan Ali Duyğulara üz tutur ki, ədaləti, vicdançılığı bərqərar etsin Dünyada. Bu baxımdan Asif Atanın Mütləqə İnam Yolu Dünyanı dəyişdirmək, insanın haqqını özünə qaytarmaq uğrunda ruhani mübarizədir. Bu tələbin gerçəkləşməsi 100 illərə bərabər olsa belə onun ilkinləri, cəfakeşləri olmalıdır. Mütləqə İnama üz tutmaq sabahla yaşamaq, sabahı bugün yaşamaq səadətidir. Həqiqətə təmənnasız, İdraklı səviyyədə xidmət etmək ömrə nizam verir. Bu seçim nadir insanlara xas olur.

Asif Ata təliminin ciddiliyi, çətinliyi çox adamı bu yoldan çəkindirir. Yol nadirlərə, təklərə qalır.

İnsan insanlığını təsdiq etmək üçün Şərlə döyüşməlidir – Ata təlimi bunu anladır. Hər kəs öz içindəki Şəri döyə bilərsə, Dünya şərdən təmizlənər. İctimai gedişat saflaşar. Bunun üçün özüylədöyüş əməlinə yetmək gərək. Əlbəttə, bu, çox çətin alınır.

Niyə hər bir insanın görməli olduğunu tək-tək insanlar görür ancaq? Niyə Həqiqət Yoluna Nurtəkin kimi təklər düşür, yüzlərlə başqaları düşmür? Bunun  səbəbi nədir?

Şübhəsiz bunun cavabını insani, milli, irsi təməldə axtarmaq gərək. İrsi dedikdə bəşəri dəyərlərin nəsillərdən nəsillərə ötürülməsini nəzərdə tuturam. Valideynlər özləri də bilmədən bu dəyərləri övladlarına ötürürlər.

Eyni zamanda heç bir valideyn övladının Həqiqət yoluna düşməsini istəmir. Çünki Həqiqətin yükünü daşımaq ağırdır. Heç kəs istəmir ki, balası bu ağırlığın altına girsin. Hələ mən odda yandırılmaqdan, dərisi soyulmaqdan, şaqqalanmaqdan, təhqir və böhtanlara məruz qalmaqdan danışmıram. Ancaq onu bilirəm ki, dünya az sayda həqiqətçilərin hesabına ayaqda durur…

“Dünyanın dərdi təkcə sənəmi qalıb” – deyiblər Asif Ataya onun valideynləri. Soylu Atalını Asif Atadan ayırmaq məqsədilə anası Cahan xanım özünü yandırmaq həddinə çatıb.

Valideynlərinin xeyir-duasını almaq nəsib olmayır Həqiqət yolçularına.

Nurtəkinin Amal aşiqliyi hədsizdir, Alidir, Ucadır. O, bir insanı sevirdi. O insan Nurtəkinə Yol yoldaşı, həm də həyat yoldaşı olmalı idi. Daşıdığı Ocaq yükünə çiynini verəcəkdi. Vaxtsız və qəfil ölüm onun bu ümidini qırdı, bizi də sarsıtdı. Mən bu hadisəylə bağlı Nurtəkinin halında fəlakət olacağından qorxurdum. Onu qorumaq haqqında düşünürdüm. Ancaq ayrı halın şahidi oldum. O, kədərinə doğmalaşdı, yenilmədi. Onun bu ləyaqəti məni heyrətə gətirdi. Bu kədərli hadisədən sonra Nurtəkin Ocaq işlərini əvvəlki şövqlə davam etdirdi.

Nurtəkin atası Üzeyir bəyi gənc yaşlarında itirmişdi. Onun bu itkiylə bağlı keçirdiyi duyğular haqqında mənim bilgim yoxdur. Amma Asif Atanın ölümündən sonra daşıdığı kədər halı mənə bəllidir. Belə bir Kədərin gənc qıza təsiri çox güclü olub. Ömrünü həsr etdiyi Yolun yaradıcısının ölümü Nurtəkində bu Yolun yükünü çəkmək məsuliyyəti yaratdı. Kədər Nurtəkini müdrikləşdirdi. Cavan yaşda müdrik bir insana çevirdi.

Bir faktı söyləmək kifayət edər ki, Asif Atanın ölümündən sonra dağılmış Ocağın yenidən qurulmasında və yaşadılmasında Nurtəkin üç şəxsiyyətdən, üç kişidən biri oldu. Bu, “Nurtəkinin əməyi, hünəri misilsizdir!” deməyə haqq verir. Nurtəkinin yaşamı şəffafdır, göz qabağındadır. O, örnəkdir.

Bütün valideynlər kimi Zəhra xanım da qızları Nurtəkin və Üstünün Ocaqçı olmağına razı deyildi. O vaxtlar təbii ki, mən Zəhra xanımla tanış deyildim. Mənim Zəhra xanımla tanışlığım axır 3-4 ilə təsadüf edir. Zəhra xanım həm zəhmətkeş, həm əzabkeş insan idi. O, əlində, ovcunda böyütdüyü saf, məsum qızlarının Həqiqət yoluna düşdüklərinə qarşı cəmiyyətin anlamazlığı ilə döyüşürdü. Çünki Nürtəkinin, Üstünün inadı, qətiyyəti Zəhra xanımı qızlarını Asif Ata Yolundan uzaqlaşdırmaq niyyətindən vaz keçməyə məcbur etmişdi. Üstəlik o, öz analıq xeyir-duasını da vermişdi. Bu, yaxşı hal idi.

Zəhra xanım Ocaqçı qızları ilə ruhani ünsiyyətdə çox olurdu. Ana ilə qızlar arasında ruhani anlaşma səviyyəsi yaranmışdı. Hətta Zəhra xanım Ocaq ədəbiyyatlarını oxuyur, qızlarının Ocaqçılığı ilə maraqlanırdı. İndi birdən-birə belə ananı itirməyin Nurtəkinə, Üstünə hansı halı yaşatdığını mən içdən dərk edirəm, ağrıyıram. Zəhra xanım Ocağa doğma idi öz halı ilə. Ona görə bu xanımın ölümü Ocağın da itkisidir.

Amaldaşlarım Nurtəkin və Üstün! Mən inanıram ki, bu Kədər sizi əyməyəcək, əksinə, güc alacaqsınız. Kədəriniz Ocaqda Ali Fərəhə çevriləcək.

Zəhra xanımın ruhu hər zaman sizin Ocaqçılıq ləyaqətinizdə yaşayacaq. Bu cür qızları olan  ananın ruhu onlarda yaşayacaq. Yurdun, Ulusun var olsun, Zəhra xanım! Başın sağ olsun,  Nurtəkin, Üstün, Elürək. Ruhunuz uca olsun!

Atamız var olsun!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button