Kəlbəcərin işğalından 27 il ötür

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür.

Xural.com xatırladır ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub.

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Əksinə,  BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button