Kəmaləddin Heydərov indi də Məleykə Abbaszadəyə hücuma keçdi!

Fövqəlnazirin məktəbində TQDK-nın müəllimləri dərs deyəcək…

 Azərbaycan ikinci dəfə müstəqilliyini əldə edəndən sonra hələ heç bir məmur haqqında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı olduğu kimi nə media, nə də müxtəlif kuluarlarda bu qədər söhbət – müzakirələr olmayıb. Adamın hər addımı və ya jesti medianın həmən gündəmində olur. Əslində, cənab Heydərovun davamlı müzakirə mövzusu olması kifayət qədər normal proses hesab olunmalıdır. Çünki Fövqəladə Hallar nazirinin nüfuz etmədiyi sahə demək olar ki, yoxdur. Müzakirə olunan sahədə əgər bir daş varsa, ya o daşı ora cənab Heydərov qoyub, ya da o daşın altından mütləq cənab Heydərov çıxmalıdı. Ölkə başçısının Fövqəladə Hallar naziri kimi görəvləndirdiyi cənab Heydərov üçün sanki sərhədlər yoxdur. Adam yalnız nazır kimi deyil, hətta fərd olaraq fövqəladə səlahiyyətlərə malik olsa da, əldə etdikləri ilə kifayətlənmək istəmir. Davamlı daha çox kapital uğrunda mübarizə, kifayət qədər riskli addımlar, hətta hakim ailənin nəzarətində olan sahələrə belə nüfuz etmə.

Ötən saylarımızdan birində cənab Heydərovun bilavasitə ölkənin birinci xanımının maraq dairəsində olan təhsilə müdaxiləsi ilə bağlı geniş araşdırmamızın nəticəsi olaraq məlumat dərc etmişdik. Onu da dəyərli Oxucuların diqqətinə çatdırmışdıq ki, cənab Heydərovun oğlu, Avropa–Azərbaycan ictimai birliyinin sədri Tale Heydərovun təsisçiliyi ilə eyni adlı məktəb – lisey də fəaliyyətə başlayıb. Yasamal rayonunda yerləşən liseyin özünün yeni binası da artıq tam olmasa belə fəaliyyət göstərir. “Gilan” holdinqin tikdiyi hündürmərtəbəli binaların əhatəsində inşa olunan məktəb öz xarici görünüşü ilə sovetlər dönəmində inşa edilmiş orta ümumtəhsil məktəb binalarından kifayət qədər fərqlidir. Hələ tikinti işlərinin tam başa çatmamasına və eyni zamanda məktəbin rəsmi açılışının olmamasına baxmayaraq, şagirdlər sentyabrın 15–dən məhz bu binada təhsil alırlar. Etibarlı mənbənin verdiyi xəbərə görə, binanın istifadəyə verilməsində tələskənliyin özəl səbəbləri də var. Televiziya vasitəsilə davamlı reklamı təşkil olunan, 5–ci sinifdən yuxarı şagird qəbulu elan edən liseyin həmin vaxt nəinki binası, hətta rəsmi icazəsi belə olmayıb. Mənbəmiz söyləyir ki, övladlarının təhsilini məhz bu liseydə davam etdirməsini arzulayan valideynlərin rəsmi icazənin olub–olmaması ilə bağlı sualına konkret “tələsməyin” cavabı verilirmiş. Lakin valideynlərə paylanan bukletlərdə liseyin binasında idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün mini meydançaların, üzgüçülük hovuzunun, ayrı–ayrı fənn otaqlarının və s.-in olması əslində nəzərdə tutulan planın rəngli görüntüləri imiş. Reallıqda isə hətta məktəbin binasının bünövrəsi belə qoyulmayıbmış. İnsan taleyi ilə ciddi risk edən Heydərovların valideynlərə gösərdikləri ünvanda isə yalnız tikinti üçün nəzərdə tutulmuş katlavandan başqa heç bir tikili yox imiş. Tikintiyə isə yalnız iyul ayının ortalarında start verilib. Mənbə bildirir ki, o zamana qədər cənab Heydərov Təhsil Naziriliyi ilə ciddi problem yaşayırmış. O da qeyd olunur ki, hələ də məktəbin qeydiyyat şəhadətnaməsini tələb edən valideynlərə həmin sənəd təqdim olunmur. Və o da bildirilir ki, məktəb binasının tikintisinin sürətlə aparılması fövqəlnazirin təhsil nazirinə hikkəsinin nəticəsidir. Belə ki, mənbə söyləyir ki, məktəbin qeydiyyatı ilə bağlı daxili müzakirələr zamanı cənab Heydərov “Misir Mirdənovun icazəsinə lüzum yoxdur, siz başlayın” deyə əsəbi göstəriş verib. Mənbə hesab edir ki, bu göstəriş Təhsil naziri ilə Fövqəladə Hallar naziri arasında başlamış gizli mübarizənini nəticəsidir. Ekspertlər hesab edir ki, Misir Mərdanov–Kəmaləddin Heydərov mübarizəsi ilə bağlı mətbuatın xəbərsiz qalması əslində, cənab Heydərovun planıdır. Çünki təhsil sahəsi Fövqəladə Hallar naziri üçün kifayət qədər yeni sahədir. Belə olduğu təqdirdə, məhz ayaqda durana qədər mübarizənin qapalı aparılması hədəflənib. Digər və ən başlıca səbəb isə ölkənin birinci xanımının qəzəbindən maksimum yayınmaqdır. Eyni zamanda müxtəlif cəbhələrdə mübarizənin onu əsas hədəfdən yayındıracağını gözəl bilən cənab Heydərov yalnız media arsenalını təhsil nazirinə tərəf istiqamətləndirib. Məsələnin ən maraqlı və diqqətçəkən məqamlarından biri isə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin də bu prosesdən qismən ziyanla çıxmasıdır. Çünkü cənab Heydərov oğlunun təsis etdiyi məktəbin pedaqoji kollektivini əsasən TQDK–nın üzvü olan müəllimlərdən formalaşdırıb. Mənbə söyləyir ki, pedaqoji kollektivin əksər üzvləri TQDK–nın keçirdiyi imtahanlarda test suallarının hazırlanmasında bilavasitə iştirak edən müəllimlərdir. Lakin həmin müəllimlər yüksək əmək haqqı təklifi müqabilində TQDK-dakı fəaliyyətlərinə xitam verərək Avropa–Azərbaycan məktəbinə üz tutublar. Müəllimlərin təqdimatı zamanı hər birinin pedaqoji fəaliyyətləri ilə bağlı məlumat verilərkən onların TQDK–nın keçmiş əməkdaşları olması xüsusi vurğulanırmış. Mənbə bildirir ki, TQDK sədrinin bu prosesdə zərbə almasına baxmayaraq, hələ ki, seyriçi mövqedə durması təsadüfi deyil. Əvvəla, tarixi rəqiblər və mehriban düşmənlər olan Təhsil naziri və TQDK sədri cənab Heydərovla döyüşə kifayət qədər ehtiyatla yanaşırlar. TQDK sədri hədəf kimi götürdüyü Təhsil naziri kürsüsünə sahiblənmək üçün məhz Heydərov–Mərdanov döyüşünə ümidlidir. Ölkə başçısı yanında etibarı zədələnmiş cənab Mərdanovun çox da uzaq olmayan bir zamanda vurulacağını hesablayan xanım Abbaszadə bu prosesdə iştirakını məqbul hesab etmir. Çünki komandadaxili döyüşlərin hər iki tərəfin vurulması təcrübəsinin şahidi olan TQDK sədri Təhsil nazirinin vurulmasında sadəcə tərəf olmaq istəmir. Elə ona görə də susur. Lakin ekspertlər hesab edir ki, bu iqtidarın hər bir məmuru kifayət qədər kinli olduqları üçün birinin – digərinə etdiyi pisliyi heç vaxt unutmurlar və məqam düşən kimi qisas alınır. Elə bu məqsədlə də TQDK sədri Fövqəladə Hallar nazirinin arxadan zərbəsinə hədəfə çatdıqdan sonra cavab verməyi planlaşdırır. Bütün təhsil müəssisələri bilavasitə Təhsil Nazirliyinə tabe olduğu üçün hər hansı məktəbi müxtəlif bəhanələrlə bağlamaq o qədər də çətin deyil. Lakin bu, problem yaratmağın ən primitiv variantıdır. Ekspertlər hesab edir ki, Təhsil Nazirliyinin keçirdiyi ümumiləşdirilmiş buraxılış imtahanları zamanı şagirdlərə kütləvi şəkildə attestatların verilməməsi cənab Heydərovu ciddi problemlə üz–üzə qoya bilər. Belə ki, məktəbin açılışı zamanı kifayət qədər vədlər verən Tale Heydərov bu təhsil ocağının da Fövqəladə Hallar nazirinin olması ehtimallarını təsdiqləyib. Nəzərə alsaq ki, attestatdan məhrum olunmuş şagirdlərin Fövqəladə Hallar Nazirliyinin binası qarşısına toplaşması, ölkə başçısına və Heydər Əliyev fonduna müraciətləri cənab Heydərovun illərlə formalaşmış məğlubedilməz imicində ciddi fəsadlar yaradar. Bundan başqa, Heydərov imperiyası üçün kifayət qədər kiçik hesab olunan bir sahə onu qruplar və klanlararası mübarizədə də məğlub duruma sala bilər. Ölkənin birinci xanımı da hələ ki, bu məsələ ilə bağlı münasibətini hər hansı formada bildirməyib. Ehtimalların öz təsdiqini tapacağı təqdirdə ölkə başçısı ilə müqayisədə kifayət qədər sərt addımları olan birinci xanımın cənab Heydərovu cəzalandırmayacağı mümkün deyil. Bu isə Fövqəladə Hallar nazirinin nəinki hakimiyyətdəki yeri ilə, eyni zamanda imperiyası ilə vidalaşması demək olar. Bütün bunları ciddi şəkildə diqqətə alan cənab Heydərov məktəb tikintisini maksimum tez yekunlaşdırıb, böyük təqdimat törəni təşkil etmək istəyir. Mənbə bildirir ki, cənab Heydərov oğlunun təsis etdiyi məktəbin açılış mərasimində ölkənin birinci xanımının iştirakını təmin etmək üçün ciddi fəaliyyətə başlayıb. O da bildirilir ki, binanın daxili və xarici görünüşünə ciddi fikir verilməsi ilə bağlı tapışırıqlara maksımum dəqiq əməl edilməsi üçün cənab Heydərovun görəvləndirdiyi şəxslərin özlərinə belə nəzarət edən adamlar təyin olunub. Tikinti işləri gecə saatlarına qədər davam edir. Ekspertlər bildirir ki, ölkənin birinci xanımının Fövqəladə Hallar nazirinin bilavasitə nəzarətində olan məktəbin açılışında iştirak etməsi onun mövqelərinin daha da möhkələnməsinə səbəb olacaq. Bununla cənab Heydərov Misir Mərdanovla mübarizəsindən döyüşsüz qalibiyyət əldə etməklə bərabər, TQDK sədrinə də ciddi mesajlarını ünvanlamış olacaq. Lakin hələ ki, hər şey məktəbin açılışında bəlli olacaq. Belə ki, cənab Heydərov üçün bu məktəb onun imperiyasının sütunlarını daha da möhkəmləndirən vasitə də, eyni zamanda bir dərs də ola bilər. Həm də son dərs. Çünki onun müəllimləri nə Məleykə Abbaszadənin kadrları, nə də ki, cənab Mərdanovun pedaqoji kollektivi olacaq.

Yazıda adı çəkilən hər kəsin cavab haqqını tanıyırıq və münasibətlərini dərc etməyə hazırıq.

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button