Kəmaləddin Heydərov kartlarını açır

Anar Mahmudoğlu

 BBC-nin məlum və məşhur korrupsiya süjetindən sonra Fövqəladə Hallar naziri, Azərbaycan Boks Federasiyasının sədri Kəmaləddin Heydərovun əsəbi və təhdid dolu açıqlaması nə qədər gözlənilməz idisə, ardınca qaynayıb-daşan «ictimai» reaksiya da o qədər gözlənilməzdir. Kəmaləddin Heydərova ilk reaksiya verən BAXCP oldu. Qüdrət Həsənquliyev partiya olaraq çox sərt bəyanat yaydı və bağlı olduğu şəxsi qorumaq üçün mətbuatı təhqir etməkdən belə çəkinmədi. Görünür, Qüdrət bəyin «müstəqil» imicini qorumasına ehtiyacı qalmayıb artıq, ictimai rəydə mövcud olan və hamının qəbul etdiyi faktı etiraf etməkdə bir sakınca görməyib. O qədər ki, adam Kəmaləddin Heydərovun sözü ağzından çıxar-çıxmaz mövcudluğunu stimullaşdıran şəxsin müdafiəsinə qalxdı. Həm də hansısa açıqlama və ya müsahibə ilə deyil, birbaşa bəyanatla! Doğrusu, cənab Heydərovun bu bəyanatdan sonra daha bir neçə kartını açacağını ummurdum. Bu vaxta qədər mətbuatın yazdıqlarına reaksiya verməyən, «dözümlü» imici qazanan və heç bir KİV-i məhkəmə davasına çəkməyən «fövqəlnazir»in arsenalını işə salacağı ehtimalı kimsənin ağlının ucundan belə keçmirdi. Nə yazıq ki, ağla gəlməyənlər başa gəlir: ətrafındakı mətbuat «şaqqaşaq» işləyir, bu azmış kimi, deputatlar da dillənir! Həzrət Əlinin «Hər kəs dilinin altında gizlənib» sözünü Elçibəy yaxşıca müasirləşdirmişdi: «Danış ki, görüm kimsən!» İndi «dilinin altında gizlənənlər» yavaş-yavaş, asta-asta dillənməyə başlayıblar. Dünən millət vəkili Çingiz Qənizadə də danışdı… Heydərovu sidq-ürəklə dəstəkləyən millət vəkilinin vətənpərvərlikdən yapışması doğru bir yol, zatən, bu xəbərə qarşı durmağın «vətənpərvərlik»dən ayrı məntiqi əsası yoxdur! Amma Çingiz bəyin patriotluğu sərhədləri bir balaca aşdı. Beynəlxalq təşkilatları yıxıb-sürüyən Qənizadə deyir: «Bilirsiniz ki, beynəlxalq təşkilatların, beynəlxalq telekanalların Azərbaycanla bağlı müntəzəm olaraq qərəzli mövqeyi müşahidə olunur. Hətta Qarabağ Ermənistan ərazisi kimi təqdim olunur, münaqişədə Azərbaycanın mövqeyinin əksinə mövqelər sərgiləyirlər. Bir sözlə, həmişə ölkəmiz əleyhinə qərəzli və siyasi çalarlı hesabatlar, məqalələr yayılıb». Qarabağ məsələsi Çingiz bəyin gözəl düşündüyü əla taktik gedişdir. Millətin yaralı yerindən yapışmaq və bu yaralı yerə basıb beynəlxalq təşkilatları söymək daha rahatdır. Yalnız bir şərtlə: Fakt! «Bilirsiniz ki» ilə boynumuza minnət qoyan şanlı bəy də yaxşı bilir ki, beynəlxalq təşkilatların saytlarında Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstəriləndə, əgər görür və bunu onların diqqətinə çatdırırıqsa, yanlışlıq dərhal aradan qaldırılır. Elə deyilmi? Azərbaycana qarşı «qərəzli» olan beynəlxalq təşkilatlar bizimlə hansı sahədə əməkdaşlıq etmirlər? Sən mitinqə çıxan insanları Azərbaycan Konstitusiyasında toplaşma azadlığı kimi təsbit etdiyin maddəyə tüpürüb də həbs edəcəksən, beynəlxalq təşkilatlar buna soyuqqanlı yanaşmalıdır? Adını «despotik rejimlər» siyahısına salmamalıdır? Sən Dubayda villalar alacaqsan və bunu aşkara çıxaran dünya mətbuatına «prezidentin qudası biznesmendir» kimi əcaib açıqlama verəcəksən, beynəlxalq təşkilatlar «korrupsiya siyahılarına» ölkənin adını əlavə etməməlidir? Xoruzun quyruğuna inanmalıdır beynəlxalq təşkilatlar, yoxsa çobanın andına? Necə olur ki, «qərəzli», «düşmən» Avropa «Avroviziya» mahnı yarışmasında Azərbaycanı sevə-sevə qalib edir? Necə olur ki, «qərəzli», «düşmən» Avropa «Avroviziya» mahnı müsabiqəsində qalib gəlməyimizi rüşvətlə əlaqələndirmir? Necə olur ki, bütün internet saytlarında Azərbaycandakı seçki saxtakarlığını əks etdirən kadrları efirə verməyən beynəlxalq telekanallar «qərəzsiz» olur, ancaq boks çempionatında qızıl medal alınması üçün rüşvət verildiyini deyəndə «qərəzliyə» çevrilir? Beynəlxalq təşkilatlar və kanallar qərəzli deyil, sadəcə, bəzilərinin xidmət etdiyi yerlərin müdafiəsi çətindir.

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button