Kəmaləddin Heydərovun obyekti sökülür

Heydər Əliyev Mərkəzinin genişləndirilməsi keçmiş «Ocaq» restoranını və Taekvando Federasiyasını tarixə çevirir

 Dünən Nərimanov rayonunda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun obyektinin sökülməsinə başlanılıb. Məlumatlara əsasən Heydər Əliyev Mərkəzinin ətrafındakı yolların genişləndirilməsi məqsədilə ilkin layihəyə əlavələr edilib. Əlavələrə əsasən yaxınlıqdakı bir sıra tikililərin sökülməsinə başlanılıb. Söküləcək obyektlər arasında Azərbaycan Taekvando Federasiyasının inzibati binası və keçmiş «Ocaq» restoranının da olduğu söylənilir.

Hadisə yerində olan əməkdaşımıza faktı təsdiqləyən iş icraçılarından biri deyib ki, layihələndirmə işləri yenidən aparılıb. Qərara alınıb ki, Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişdiyi yol qovşağından Təbriz küçəsi istiqamətində genişləndirmə işləri aparılsın. Əməkdaşımızın hadisə yerindən topladığı məlumatlara görə, genişləndirmə zamanı körpünün Təhsil Nazirliyi istiqamətindəki çıxışında yerləşən bir sıra obyektlərin də tikilməsinə qərar verilib. Maraqlıdır ki, bu obyektlərin tikintisi ilə bağlı obyekt sahiblərinə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.

Lakin öyrənə bildik ki, sökülən obyektlər fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Belə ki, K.Heydərov Taekvando Federasiyasının rəsmən prezidenti və «Ocaq» restoranın sahibidir. Bu obyektlərin də sökülməsi üçün konkret olaraq əvvəlcədən xəbərdarlıq və ya yazılı ildirişə ehtiyac olmayıb. Məlumatlara əsasən dünən günün sonunda «fövqəlnazir»ə bununla bağlı telefonla məlumat verilib. Elə gecə yarısından etibarən də hər iki obyektin boşaldılmasına qərar verilib.

Ərazidə işləyən iş icraçısı deyir ki, dolaşan söhbətlərə görə, Heydər Əliyev Mərkəzinin yenidən layihələndirilməsi, ərazinin genişləndirilməsi məsələsi prezident İlham Əliyevlə razılaşdırılıb. Məhz yenidənlayihələndirmə əsasında da DİA Holdinqin inşa etdiyi mərkəzin smeta xərcləri əlavə olaraq 110 milyon manat da artılıb. Məlumat üçün bildirək ki, bu mərkəzin inşası üçün ilkin layihələndirməyə görə, smeta xərcləri 430 milyon manata yaxın qiymətləndirilib.

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button