Kəmaləddin Heydərovun oğlu valideynləri aldatdımı?!

Ölkəni bir-birinin ardınca az insan sayı ilə müşayiət olunan etiraz dalğasl bürüməkdədir. Hər gün redaksiyamıza bir və ya bir neçə yerdə insanların onları narahat edəcək situasiyalara etiraz etdikləri ilə bağlı məlumatlar daxil olur. Lakin bu etirazların miqyası kiçik olduğu üçün, eyni zamanda hakimiyyət bu insidentlərin geniş ictimaiyyətdən gizlədilməsində olduqca maraqlı tərəf olduğuna görə, yerli telekanallara baş verən hadisələri işıqlandırmaq qadağan edilib. Müstəqil yazılı mətbuat isə bu tip məsələləri anındaca işıqlandırmaqda hələ ki, zorluqlar çəkir. Belə ki, kiçik jurnalist kollektivi ilə fəaliyyət göstərən müstəqil mətbuata vətəndaşlarımız tərəfindən informasiyaların ötürülməsi də gecikdirilir.
Etibarlı mənbədən aldığımız məlumata görə, ötən gün “Avropa–Azərbaycan” məktəbində təhsil alan şagirlərinin valideynlərindən ibarət bir qrup səhər saatlarında məktəbin önündə etiraz aksiyaları keçirməyə cəhd ediblər. Valideynlər məktəb rəhbərliyini təhsil ili öncəsi götürdükləri öhdəlikləri yerinə yetirməməkdə ittiham ediblər.
Xatırladaq ki, bu məktəb Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. “Avropa–Azərbaycan İctimai Birliyi” adlı quruma rəhbərlik edən T.Heydərov birliyin nəzdində eyniadlı məktəb də təsis edib. İllik təhsil haqqı 2500 manat müəyyənləşdirilən məktəbdə müxtəlif fənn kabinələrinin, idman zallarının, üzgüçülük hovuzunun və s.in olacağını vəd verən təsisçi tərəf hələ ki, öhdəliklərinə qismən əməl edib. Bu da şagirdlərinin qidalanması ilə bağlı məsələdir. Onu da qeyd edək ki, hətta bu məsələnin özünün həlli belə öhdəlikdə göstərildiyi kimi deyil. Yeməklərin, eyni zamanda şagirdlərin qidalanması üçün nəzərdə tutulan un məmulatlarının belə məktəbin yeməkxanasında hazırlanacağı bildirilsə də, hələ ki, bu məsələ əsaslı olaraq öz həllini tapmayıb. Nahar fasiləsində şagirdlərin qidalanması üçün nəzərdə tutulan yeməklər də kənardan, Heydərovlara məxsus restoranlardan gətirilir. Bu da valideynləri ən çox narahat edən məsələlərdəndir. Lakin valideynlərin ötəngünkü etirazları isə Heydərovlar imperiyası üçün kifayət qədər həlli asan olan bir nüansla – şagirdlərin məktəbə və evə çatdırılmasının məktəb tərəfindən təşkil olunmalı avtobusların hələ də olmaması ilə əlaqədar olub. Belə ki, sentyabrın 15-də valideynlər və şagirdlər qarşısında çıxış edən T.Heydərov təsisçisi olduğu məktəbin reklamı ilə bağlı çap olunmuş bukletlərdə nəzərdə tutulan hər bir məsələnin ən qısa zamanda həll olunacağı vədini versə də, hələ ki, bu istiqamətdəki fəaliyyət kimsəni qane etməyib.
Kütləvi etirazın olacağı təqdirdə övladlarının məktəbdə incidiləcəyindən narahat olan valideynlər, öz aralarından nümayəndə kimi iki nəfər valideyn ayırmaqla problemin həlli ilə bağlı rəhbərliklə danışmağa məsul ediliblər. Mənbə onu da bildirdi ki, ötəngünkü etiraz dərs ili başlayandan bu günə qədər valideynlərin arasında olan ilk hadisə deyil.
İnformasiya gec saatlarda daxil olduğu üçün məktəb rəhbərliyi ilə əlaqə saxlaya bilmədik. Yazıda adı keçən hər kəsin münasibətini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

3 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button