Kəndimiz, ay kəndimiz!

Xalıq Bahadır

(şəhər kimi kəndimiz, kənd kimi şəhərimiz)

Bütün başqa ölkələr kimi Azərbaycan da kənddən başlayır. Kəndin doğallığı qaldıqca Azərbaycanın da özümlü doğallığı qalacaq. Kəndimizdən ölkəmizədək bizə çağdaşlaşma, modernləşmə gərəkdir, ancaq doğallığı itirməməklə. Yaponiya görküsündə olduğu kimi!

Çoxdan getmədiyim kəndimizə getmişdim. İndiki gəncliyin bəyənmədiyi Sovet dönəmində kəndimiz indikindən qat-qat şən, qat-qat gülərüz idi. İndi kəndimiz də Bakımız kimidir: hamı qaraqabaq, hamı üzüntülü. Ancaq, axı, tərsinə olmalıydı: kəndimiz də, Bakımız da bağımsızlığın dadını çıxarmalı, belə desək, ağgünlü, ağbaxt olmalıydı. Bircə neft-qazdan gələn milyardlarla dollarlıq gəlirə görə qaraqabaqlıq, üzgünlük kəndimizə də, Bakımıza da yad olmalı, ölkə sevincə bürünməliydi. Nə yazıqlar, bu ölkənin SEVİNCİ türməlik edilib!

Foto: Xaliq Bahadırın şəxsi arxivindən

Sovet dönəmində kəndimiz ölkənin, bəlkə də, ən çox kitab oxunan kəndlərindən idi, indi təhsil sisteminin yarıtmazlığı, dövlət yönətiminin cəhalətə yönəlik olması üzündən bizim kənddə də ölkənin başqa yerlərində olduğu kimi kitab oxunmur. İşsizliyin, yoxsulluğun yaratdığı yaşam düşkünlüyündən adamlarda kitab oxumaq istəyi ölüb gedib. Bizim sevib-sevmədiyimizdən asılı olmayaraq, Sovet dönəmində adamlarda yaşam güvəni vardı, elə o güvən də adamları kitab oxumağa, intellektual-kültürəl çalışmalara yönəldirdi. Suverenliyin suverənliyə dönüşdürüldüyü indilərdə isə kənddə də, şəhərdə də gündəlik çörəkpulu qayğısı bütün başqa qayğıları, bütün başqa istəkləri arxa plana keçirib.

***
Kəndimizin ortasından Arazın qolu yerində böyük bir kanal keçir. Gözümü açandan yay-qış o kanalı dopdolu axan görmüşəm. Sovet dönəmində o, Lenin kanalı adlanırdı. Sovetlər dağılandan, ölkəmiz bağımsızlıq qazanandan sonra onun adını dəyişib Muğan kanalı qoydular. Muğan sözü yerli adamlar üçün çox doğma olsa da, Lenin kanalı üçün adamların burnunun ucu göynəyir. Gerçəyi desək, elə Sovet dövləti üçün də adamların çoxunun burnunun ucu göynəyir. Bir çağlar Soveti bəyənməyənlər indi yana-yana belə deyirlər:

Sovetdə qanun-qayda, haqq-ədalət, az-çox düzgünlük, şikayət eləməyə, dərdini deməyə yer vardı”.

O müstəmləkə bu müstəqillikdən qat-qat yaxşı idi”,- deyənlər də az deyil.

AzTV-lərin “analoqsuz inkişafla” bağlı yalançı çığır-bağırı, telenarkotik rolunu oynayan sürəkli çal-çağırı keçərsizdi. Keçərsiz, keçərsiz, keçərsiz… Nədən keçərsiz? Gündəlik keçənəcək, dolanışıq-yaşam gerçəyi qarşılığında Yalançı Yalıncıq obrazı sərgiləməsiylə keçərsiz! Başqa sözlə, göz önündəki gerçəkliklə uyuşmayan yalanlara görə keçərsiz.

Başqa kəndlərdə olduğu kimi, bizim kəndin kanalına da su qrafiklə verilir. Əliyev hakimiyyəti Arazı da qrafiklə işlədir. Arazın suyu kəndlərə qrafiklə gəlir. Arazın suyu? Burası çox da doğru deyil. Deyilənə görə, Arazın suyunun yerinə kəndlərə daha çox İmişli karyerlərinin suları vurulur. O sular isə bilənlərin dediyinə görə, yaşam qaynağından daha çox infeksiya qaynağıdır.

Hə, kanallara arada, qrafiklə, su verilir. Ancaq kanallar Sovet dönəmindəki kimi dolub daşaraq axmır, kanalın yarısından su verilir. O üzdən adamlar əkin yerlərini suvarmaq üçün su motorundan yararlanmalı olurlar. Bu isə baha başa gəlidiyindən, bir çox başqa ödənəklə birgə əkinçinin itkisi qazancını üstələyir. Belə yerdə yardıma gələsi dövlət isə yoxdur. Yerli-dibli yoxdur! Kimi dindirirsən, kredit borcundan danışır. Sosial sığortanın daha çox yalançı xarakter daşıması bir çox gərəklərlə bağlı adamları qaçılmaz olaraq boynuna kredit ilgəyi keçirməyə sürükləyir. Kredit isə hamıya bəlli bank monopoliyası – yüksək faiz kateqoriyası üzündən bəri başdan boğucu ilgək rolunu oynayır: adamlar qaçılmazlıq üzündən götürdükləri krediti boğula-boğula ödəməli olurlar.

Guya kəndlərdə dövlətin uzantısı olan icra nümayəndəliyi, bələdiyyələr var. Yurddaşlara yararlı olmaq baxımından onların varlığından yalnız “guya” ilə danışmaq olar.
Kənd bu gün mıxa bağlanan canlı yerindədir: örüşlər, otlaqlar satılıb, çöllər, düzənliklər ələ keçirilib. Oliqarxiya görünməmiş acgözlüklə, acımasız davranışla kəndi mıxa bağlayıb. Bax, buna görə ölkədə ət, bütünlükdə heyvançılıqla bağlı ürünlər durmadan bahalaşır, bahalaşacaq. Bizim kəndin çıxacağından Biləsuvaradək (Salyan, Neftçala, Saqatlı, İmişli, Biləsuvar arası) böyük çöllük-düzənlik idi: deyilənə görə, yüz min hektar. İndi oralar bütünlüklə baş oliqarxın əkin yerləridir. Əkin nədir? Nar, badam bağları, pambıq tarlaları, “Azərsun” adına xiyar, pomidor dirrikləri. Arazın suyu isə birbaşa o yerlərə axıdılır. Necə? Ayrıca çəkilmiş beton kanallarla. Kəndlərə axan suyun qarşısını şülüzlə qapayıb özəl beton kanallara yönəltməklə. Meliorasiya-su işləri, əkinçilik üçün gərəkən nə varsa, hamısı büdcə pullarıyla edilsə də, qazanc, əldə edilən gəlirlər, dövlət büdcəsindən yan ötür.  Orada günçıxandan günbatana işləyən kənd adamlarına gündəlik vur-tut 10-12 manatarası pul verilir. Deyilənə görə, onların arasında müəllim ailələri də var.

Oliqarxiyanın hormonal dərmanlarla bəslənib şişmiş toyuqları çoxdan kəndlərə də ayaq açıb. Dərmanların daha çox yararsızlığı üzündən toyuq-cücə saxlamaq baha başa gəldiyindən adamlar broyler toyuqları dadmalı olurlar. Bu isə sürəkli olaraq çoxsaylı xəstəliklərə gətirib çıxarır.

Hə, aylıq alacağının 70-75 faizi ərzağa gedən bir toplum müəllimi, həkimi, bilim adamları içində olmaqla, istər-istəməz DÜŞKÜN toplum deməkdir. Düşkün toplum isə bütünlükdə uğursuz, gələcəksiz ölkə deməkdir.

Yenə qışda yaxşıdır, yayda tək əkinlər deyil, mal-qara da susuzluqdan yanır. İş quyu vurmağa qalır, Muğanda isə quyulardan daha çox duzlu su çıxır. Aprel ayında içmək, belə deyildiyi kimi, əl-ayağa işlətmək üçün kənddə 20 tonluq maşınla su almaq nə deməkdir, bilirsiz? Bu, kəndlini daha bir yolla soyub borca batırmaq deməkdir. İçmək üçün alınan o su isə hansısa bulaqdan, lap elə Arazdan gətirilmir, qrafik üzrə qonşu kəndə verilən karyer-maryer suyundan gətirilir. Beləcə, bütün parametrlər üzrə şəhər-kənd ayrımı aradan qaldırılır: şəhərdəki kimi kənddə də başlıca yaşam elementinə dönüşdürülür. Pul isə şəhərdə olduğu kimi, kənddə də yoxdur.

Bütünlüklə oliqarxiyanın qazancını oluşduran pul saya şəhərlinin, saya kəndlinin soyulan dərisi, çıxan canı yerindədir. Dövlət qurumlarını sarmış oğurluq, rüşvət-korrupsiya sürəkli bahalaşmaya yol açmaqla kəndlini də, şəhərlini də normal yaşam güvənini itirən qaragünlüyə çevirir. Ölkəyə milyardlar gəlib gedir, ancaq planlı olaraq bahalıq yaradılmaqla xalqın dirçəlişinin qarşısı alınır. Az bir arada yüzədək Qazinin dolanışıq dözülməzliyindən özünü öldürməsi nədəni də xalqda ayrıca düşkünlük yaratmaq üçündür. O sıradan Tərtər terroru- Tərtər soyqırımı!

Xalqın cibinə azacıq da uyğun olmayan baha, ancaq daha çox yararsız ərzaqlar, eləcə də baha, ancaq daha çox yararsız dərmanlar – bütün bunlar dövlət qurumlarındakı qanunsuzluqların törəmə görsənişləridir. Çoxlu ət yeyilən ölkədə otlaqların ölkə boyu şumlanıb əkin yerinə çevrilməsi yem bazasının tükədilməsinə, bu isə heyvan ürünləri baxımından ölkəni başqa ölkələrdən asılı duruma gətirib çıxarıb. Minimum yaşayış normasının 230 manat, aylıqların, pensiyaların bundan çox da yuxarı olmadığı ölkədə quzu ətinin 20, dana ətinin 15 manat olması, bununla yanaşı başqa ərzaqların da bahalığı faktı bu ölkədə adamların yalnız yemək üçün çalışıb yaşaması deməkdir. Tək neft-qazdan milyardlarla gəlir gələn ölkədə belə DÜŞKÜN yaşayışı yalnız oğru-korrupsioner, antimilli, antidemokratik rejim doğura bilər, o da doğurur!

Hə, aylıq alacağının 70-75 faizi ərzağa gedən bir toplum müəllimi, həkimi, bilim adamları içində olmaqla, istər-istəməz DÜŞKÜN toplum deməkdir. Düşkün toplum isə bütünlükdə uğursuz, gələcəksiz ölkə deməkdir.

Oliqarxiya Abşeronda da öz işindədir: suyu acgözlüklə udan Abşeron bozqırlarında (susuz, otsuz çöl) durmadan böyük-böyük zeytun, badam bağları salınır. “Azərsu”nun bildirdiyinə görə, Abşeron kəndlərinə də su qrafiklə veriləcək.

Daha çox qanunsuzluq, oliqarxiyanın azğınlığı üzündən Azərbaycanda ölkə boyu böyük su sorunu yaşanmaqdadır. Çağa uyğun suvarma sistemləri, eləcə də suvarma qurğuları qurmaqla bu sorunu, bu sorunun törəməsi olan başqa sorunları asanlıqla aradan qaldırmaq olar, ancaq oğru-korrupsioner hakimiyətlə deyil, qanunçuluğa üstünlük qazandırılan demokratik hakimiyyətlə!

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button