Kərəm Hətəmoğlu yazır: “Qaraçaylılar və Balkarlar”

kabardin balkarlar

Qaraçaylılar və balkarlar Orta Qafqazda yaşayan, bir-birləri ilə dil, soykök, maddi və mədəniyyət baxımından çox yaxın olan türk xalqlarıdır. Soyköklərində aslar, hunlar, bulqarlar, xəzərlər və qıpçaqlar iştirak etmişlər. Qaraçay-balkar dili Türk dillərinin Qıpçaq qoluna aid olunur. Qaraçaylıların sayı 160 min, balkarların sayı isə 90 min nəfərdir.
Qaraçaylılar Qaraçay-Çərkəz Respublikasının Qafqaz, Üst-Cequtin, Prikuban, Predqradne rayonlarında, balkarlar isə Kabarda-balkar Respublikasında yaşayırlar. 20 min qaraçaylı Türküstanda yaşayır. Onlar II Dünya müharibəsi illərində Stalin rejimi tərəfindən sürgün edilmiş qaraçaylıların nəsilləridir. Bundan başqa, qaraçaylılar habelə Türkiyədə, Suriyada və ABŞ-da məskunlaşmışlar. Onlar isə XIX yüzilliyin sonlarında Qafqaz hərbi nəticəsində Osmanlı ərazisinə sığınmaq məcburiyyətində qalanların nəsilləridir.
1956-cı ildə bəraət alan qaraçay-balkarlara öz doğma yurdlarına qayıtmağa icazə verildi.
Qaraçay-balkarların əsas məşğuliyyətləri süni suvarmaya əsaslanan əkinçilik və yaylaq maldarlığıdır. Sənətkarlıqda əsas yeri dəri emalı, keçəçilik, daş və ağac üzərində oyma, yun parça toxuma və zərbaftlıqdır. “El” adlandırılan ənənəvi yaşayış məskənləri olan kəndlərin ətrafında əkin sahələri və biçənəklər yerləşir. Maldarların yaylaqda inşa etdikləri müvəqqəti yaşayış məskənləri “koş” (köç) adlanır. Kənddə bir-birilərinə qohum olan nəsillər (tukum) “kaum” adlı icmada birləşir. Hər bir tukumun yaşadığı məhəllə “tiyrə” adlanır. Tukumların hər birinin ayrıca tamğası, Cümə məscidi və qəbiristanlığı olur. Eyni tukumdan olanlar arasında nikah qəti qadağandır. Tukumun üzvləri yeni mənzil tikintisi və ya təmiri, habelə təsərrüfat işlərində bir-birilərinə yaxından kömək edirlər. Bu adət “mammat”adlanır.
Qaraçay-balkarlar arasında süni qohumluq növü “tayak karnaşlıkı” adlanır. Belə ki, başqa tukuma daxil olmaq istəyəni qəbul ediləcəyi tukumun kişiləri iki sıraya düzülərək dəyənəklə döyürlər. Bu tip qohumluğa “atalık” və “süt anası” formaları da daxildir. Uşaq başqa ailənin tərbiyəsinə verilir və onu başqası yedizdirir, başqa ata tərbiyə edir. Bunu çox vaxt iki nəsil arasında qan düşmənçiliyi olan vaxt icra edirdilər. Əgər zərər çəkən tərəf müqəssiri bağışlamaq istəmirdisə, bu zaman onun ailəsindən azyaşlı uşağı oğurlayır və müqəssirin ailəsində tərbiyə verirdilər. Bu zaman oğurlanan uşaq tərbiyə aldığı ailənin uşaqları ilə bir yerdə böyüyür və eyni ananın südünü əmir, eyni atadan tərbiyə aldıqlarından qardaş-bacı sayılırdılar. Bu cür qohumluq “kan-əmcəklik” adlanır.
“Yuy” adlandırılan mənzilləri qalın şalbanlardan, habelə daşdan inşa olunur. Kişi geyimi “şalbar” (şalvar), “çebken” (çuxa), “ton” (qoyun dərisindən düzəldilən kürk), “çamçı” (yapıncı), “teri börk” (papaq), tumac “çarık” və “beli bay” adlı kəmərdən ibarətdir. Qadın geyim kompleksinə “çebken” (uzun don), kaftan (kübe tüb), “köylək” (köynək) və tumac ayaqqabı daxildir. Ərli qadınlar üst paltarı olaraq “kaptal” və “ton” geyinirlər. İlk uşaq doğulduqdan sonra qadınlar başlarına şal əvəzinə qara ləçək bağlayırdılar.
Ənənəvi yeməklərinin əksəriyyəti qoyun ətindən hazırlanır. Bunların içərisində qolbasa, soxta (qoyun bağırsağının içərisinə xırda doğranmış qara ciyər və quyruq qoyularaq qızardılır), cermə (qoyun qarnının içərisinə yağlı bağırsaqlar qoyularaq qızardılır), kıyma, şorpadır. “Koyut”dan (qovrulmuş un) geniş istifadə edilir. Əsas içkiləri “ayran”, “şərbət”, “boza” (taxılın qıcqırmasından alınan içki), “sıra” (pivə) sayılır.
İslam dininin sünni məzhəbinə qulluq edirlər. Bununla yanaşı, islamaqədərki inanclar içərisində “Teyri xan”a (Tanrı), onun arvadı sayılan Umay ana xüsusi yer tutur. Əski inanclara görə Ov və Heyvanların tanrısı Apsatı, Əkinçilik tanrısı Yerirey hesab edilir. İnsanlara zərər vuran cin Obura, zahı qadınların qənimi isə Almastı adlandırılan mifik varlıqlar sayılır. Qaraçay-balkarların inanclarına görə nartların (igidlərin, ərlərin) başçısı Əryüzməyi Boz Qurd öz südü ilə bəsləmişdir.
Nartlar haqqında dastanlar jomakçılar və jarçılar tərəfindən söylənilir. Əsas musiqi alətləri – simləri at qılından düzəldilən 12-20 simli “Qıl Qopuz”dur.

kabardin balkarlar1

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button