Kədərli mənzərə

Aynur Abbasova

Siz ölkədəki siyasi-mənəvi durumun kədərli mənzərəsini görürsünüzmü?  Burada “siyasi” sözü ona görə mütləqdir ki, məhz siyasətdən doğan, daha doğrusu, siyasətin yekunu olaraq boz boşluğa bənzəyən ölkədə mənəviyyatsızlığın kulminasiyaya çatdığını görməmək mümkün deyil.

Əlbəttə, bu, indi yaranmayıb, xeyli müddətdir ki, yol gəlir və təəssüf ki, bu qəbildən yeni “zirvələr” fəth etmək axtarışı davam edir. Mənəviyyatın aşınma stadiyası artıq bitib və sonra hansı mərhələnin gəldiyini demək, onun adının  nə olduğunu tapmaq qədər çətindir.

Bu pəncərə, arxasından sakit seyr ediləcək bir mənzərə deyil. Adətən kədərli mənzərə deyimində bir məhzunluq, sakit qəmlilik, uzaqlara baxıb xəyala dalmaq çalarları var. Amma bu mənzərə çox cansıxıcı, boğucu, qüruru düşürən, can yandıran, bir sözlə, adamın başını aşağı salandır. Ölkənin indiki siyasi-mənəvi durumundakı böhran o qədər aydın görünür ki, onu dərindən təhlil edib, səbəb və nəticələri sadalamağa ehtiyac qalmır.

Əsrlərdən gələn və formalaşan şərəf və ləyaqət prinsipləri gözümüzün qabağında darmadağın olur. Bu mənzərəyə etinasız baxmaq olmur, bunu sakit qarşılamaq mümkün deyil. Biz bir millət olaraq sabah hansı mərd xüsusiyyətimizlə övladlarımızı tərbiyə edəcəyik? Hakimiyyətin təzyiqi ilə oğlundan, qardaşından, ərindən, dayısından, əmisindən imtina edənlərləmi?

Sabah nə ilə qürur duyacaq bu millət? Kimi nümunəvi ata, ana, bacı, qardaş hesab edəcəyik? İmtina ərizəsi yazanlarımı? Yeri gəlmişkən, bu tendensiya çox təhlükəlidir: hüququ, şərəfi, ləyaqəti, vətəni uğrunda deyil, qarnına görə qardaşını bada verən nəhəng potensial kütlənin varlığı daha təhlükəli, daha iyrəncdir.

Belə vəziyyətlərdə kim qabağa düşüb müdriklik edə bilər? Tərəfləri çəkindirər, qınayar, doğru məsləhət verməyə kimin statusu imkan verər? Əgər millətin ziyalı bildiyi adamlar bu kədərli mənzərəni görüb susursa…

Önündə Qarabağ matəmgahı dayanan bir millətin, bir dövlətin qarşısında açılan kədərli mənzərəni görürsünüzmü?

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button