Kəlbəcərin işğalından 23 il keçir

kelbecer

Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərin işğalından 23 il ötür. Bu illər ərzində dəyişən yalnız işğal tarixinin rəqəmləri deyil, illər ötdükcə o torpaqlarda böyüyüb boya-başa çatanların sayı da azalır. Kəlbəcər torpağının üstündə yaşaya bilməyənlərin əksəriyyəti indi respublikanın ayrı-ayrı rayonlarında torpaq altındadır. Azərbaycanın işğal altında olan torpaqlarının dəyəri, respublikamız üçün iqtisadi əhəmiyyətinı daha artıq hiss edirik.

Bəlkə də, Azərbaycan torpaqlarının 20 faizi işğal altında olmasaydı, ölkəmizin iqtisadi gücü, əhalinin həyat səviyyəsi indikindən dəfələrlə yaxşı olardı. Bu gün isə 1936 kvadrat kilometr ərazisi olan Kəlbəcərin 70 minə yaxın əhalisi respublikanın 59 rayonunun 707 yaşayış məntəqəsində köçkün həyatı yaşayır. İşğal zamanı rayonun 58 min nəfər əhalisi olub. 8 avqust 1930-cu ildə təşkil edilən Kəlbəcər rayonu qərbdə Ermənistan, şimalda Daşkəsən, Xanlar, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ən iri yaşayış məntəqələri Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Başlıbel, Zəylik, Zar, Qılınclı və Zülfüqarlı kəndləridir. İşğal vaxtı rayonda 11 mədəniyyət evi, 35 klub, 65 kitabxana, 20 kinoqurğu, 3 məktəbəqədər müəssisə, 8 ibtidai, 43 səkkizillik, 40 orta məktəb, 9 xəstəxana, 30 feldşer-mama məntəqəsi, sanitariya-epidemioloji stansiya, məişət xidməti kombinatı, yerli radio verilişləri stansiyası, 5000 yerlik stadion və Şahmat idman məktəbi fəaliyyət göstərib.

İşğal nəticəsində o vaxtkı qiymətlərlə rayonun xalq təsərüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.

Kəlbəcər işğal olunana qədər rayonda sənaye müəssisələri – İstisu mineral sudoldurma zavodu, Şorbulaq Civə zavodu, «Aqrotikinti» birliyi, Kənd tikinti tresti, yol tresti, 27,61,93,51 saylı yol idarələri fəaliyyət göstərirdi. Kəlbəcər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı (maldarlıq, tütünçülük və arıçılıq) təşkil edirdi. Rayonda 31 kolxoz, 2 sovxoz fəaliyyət göstərib. Hər il min tonlarla müxtəlif kənd təsərrüfatı məhsulları (ət, süd, yun, tütün, bal) istehsal olunurdu. Respublikanın 21 rayonunun 3 milyon baş qoyun-quzusu və 100 min baş mal-qarası yay aylarında Kəlbəcər yaylaqlarında bəslənirdi. Kəlbəcər rayonu özünəməxsus iqtisadi-coğrafi mövqeyi ilə fərqlənir. Kəlbəcərin təbii sərvətlərindən alınan gəlir respublikamızın heç bir rayonu ilə müqayisə edilə bilməzdi.

Qeyd edək ki, Kəlbəcər rayonu 541 nəfər şəhid verib. Rayon uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülkü şəxs həlak olub. Minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. Kəlbəcərin işğalından sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası 3205 saylı iclasda  822 saylı qətnamə qəbul edib. Həmin qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması öz əksini tapmışdı. Lakin bugünədək həmin qətnamə və BMT Təhlükəsizlik Şurası Ağdam rayonun azad edilməsi ilə bağlı 854-cü, Füzili rayonunun azad edilməsi ilə bağlı 874-cü və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü qətnamələri yerinə yetirilməyib.

Modern.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button