Kəmaləddin Heydərov Arif Paşayevə müharibə elan edir?!

Fövqəlnazirin “müxalifətçi deputat”ı qaçaq dərman preparatlarının realizəsindən hər ay 100.000 manat vəsait əldə edir!..

Ölkə iqtisadiyyatının təyinatından aslı olmayaraq monopolist məmurlar tərəfindən idarə olunması artıq kimsəyə sirr deyil. Nəinki idxal olunan gündəlik ərzaq məhsulları, hətta ciddi inflyasiya ilə əlaqədar, eyni zamanda minimum əmək haqqı ilə müqayisədə illərlə ehtiyac zənbilinə aid edilməyən, böyük insan kütləsi üçün o qədər də vacib olmayan ekzotik meyvələrin gətirilməsi belə iri çinlilərin “çiyinlərindədir”. Kəmaləddin Heydərovdan, Bəylər Əyyubovdan və digər məmurlardan icazəsiz ölkəyə realizə məqsədilə nəinki bir qutu kibrit, hec bir udum su belə gətirmək mümkünsüzdür. Hər məmurun öz konkret “sahəsi” var. Birinin digərinin sahəsinə girişi sözün əsl mənasında duelə çağırış məqsədilə atılan əlcək təsiri bağışlayır. Qəribə də olsa aldığımız məlumatlar arasında istisna halları baş verir. Lakin bir monopolistin digərinə icazəsiz və ya səbəbsiz əlcək atması Azərbaycan kimi – şəxslərin iradəsi ilə idarə olunan məmləkətlərdə mümkünsüzdür. Burada duelə ya icazə verilir, ya da…

Əslində, məsələnin “ya da”sı çox sadədir. Obyekt (oxu, monopolist məmur – XuralTAC) onun üçün cızılmış dairəni keçməyə cəhd edir.

Ölkənin baş qapisı sayılan Gömrük Komitəsinin sədrliyindən azad olunaraq, bu sahədə özündən əvvəl heç bir sələfi olmayan Fövqəladə Hallar naziri təyin edilən Kəmaləddin Heydərov qısa zaman ərzində fövqəlnazirə çevrilə bildi. Yeni təyinatın ardınca ölkə mediası “Heydərov vuruldu” başlıqlı təhlili məqalələr dərc etməyə başladı. Lakin cənab Heydərov öz prinsiplərinə sadiq qalmaqla bu dəfə də ehtimalların özünü doğrultmasına imkan vermədi. Belə ki, əgər baş gömrükçü olarkən məmurlar cənab Heydərovun idxal-ixrac prosesinə görə bığının altından keçirdilərsə, indi fövqəlnazir istəsə onların təşəbbüslərini gözlərində qoyar. Bu isə tısbağanı öldürməsən belə arxası üstə çevirməyin yetər kimi bir şeydir. Təşəbbüssüz nazir olunca, təşşəbbüsünü həyata keçirə bilən “JEK” rəisi olmaq daha məqsədəuyğundur. Çünki kapital, həm də prezidentin gözünə girmək üçün irəli sürülən təşəbbüs nəticəsində əldə olunur. “Biri təşəbbüsə, qalanı cibə” prinsipi.

İlham Əliyevin varislik xətti ilə hakimiyyətə gətirilməsindən dərhal sonra “Paşayevlər imperiyası” yarandı və həmən də çiçəklənmə dövrünü yaşadı. Heydər Əliyev zamanında oyundan çıxarılmasa belə, küncə sıxışdırılan qayınata itirdiyi illərin heyfini bir ildə çıxara bildi. Ən böyük tikinti, idxal-ixrac–istehsal sahələri məhz Paşayevlərin monopoliyasındadır. Qayınata artıq cıza oturdulan deyil, oturdan funksiyasındadır. Artıq sağlamlığımız da bu soyada həvalə olunub. İllər öncədən “Zəfəran” adı ilə fəaliyyətə başlayan apteklər şəbəkəsi Paşayevlər imperiyasına daxildir. Kimsənin bu sahəyə girməsi mümkün olmasa da, fövqəlnazir yenə istisnaları ilə favoritdir.

Mənbəmizin verdiyi məlumata görə, Heydərov artıq dərman biznesinə də girişib. Qəribə də olsa, bu dəfə siyahıdan kənar – qaçaq yolla. Əslində, heç bir qaçaq və ya gizlilikdən söhbət belə gedə bilməz. Gömrük Komitəsinin, Sərhəd Xidmətinin, Dəniz Gəmiçiliyi İdarəsinin, Vergilər Nazirliyinin və s. strateji dövlət qurumlarının məhz qeyri-rəsmi Heydərovun nəzarətində olması yeni fikir deyil. Qulaqlarımız “Heydərovun icra başçısı”, “Heydərovun deputatı” və s. epitetlərə çoxdan alışıb. Belə olan halda gətirilən preparatların “qaçaq” adlandırılması da düzgün deyil.

Deməli, Heydərov dərman preparatlarını gətirir, nə Gömrük “görür”, nə Vergi “duyur”, sərhədçilər isə həmin vaxt kütləvi şəkildə “yatırlar”. Və mal heç bir müdaxilə olunmadan daxili bazara nüfuz edir. Mənbə onu da söyləyir ki, Heydərovun dərman preparatları “Zəfəran”la müqayisədə çox ucuz realizə olunsa da, əldə olunan vəsait olduqca böyükdür. Əldə etdiyimiz məlumatda o da söylənilir ki, Heydərovun bu biznesinə onun “müxalifət deputatlarından” biri nəzarət edir. Bir vaxtlar həmin deputatla yaxın olan, lakin sonradan ondan üz döndərən mənbəmiz bildirir ki, “müxalifətçi deputat” qaçaq dərman preparatlarının realizəsindən yalnız özü üçün hər ay 100.000 manat vəsait əldə edir. “Əzabkeş müxalifətçi” eyni zamanda onlarla tərpənməz əmlaka – mənzillərə, villalara, ticarət və istehsalat müəssisələrinə də sahibdir. Onu da nəzərinizə çatdıraq ki, hakimiyyətin himayə etdiyi şəxslərə biznes şəraitinin yaradılması prinsipi mərhum H.Əliyev tərəfindən yaradılıb. Bir zamanlar kritik məqamlarda onu Türkiyədə öz mənzilində gizləyən kiçik bir rayonun türk polis rəisi indi Azərbaycanda milyarderlər siyahısındadır. Lakin ölkə mediası bunu bilmir, çünki adam para peşində, media umrunda belə deyil. Bundan başqa, Heydər Əliyev diktaturasının ideoloqlarından olan mərhum xalq artistlərindən birinə qaçaq spirtin ölkəyə gətirilməsi və realizəsi tapşırılmışdı. Adam köşəyi dönmüşdü. Lakin bu əxlaqı onu Prezident Administrasiyasında məhz onun üçün yaradılacaq ideoloji şöbə müdirliyindən belə etdi.

Bütün bunlar məlum. Adamların xidmətləri müqabilində yaradılan şəraitdir. Bəs cənab Heydərovun məhz onun üçün yeni olan sahəyə girişinə göz yummaq nəyə xidmət edir? Pulumu azdır? Yox. Bəs elə isə qayınataya qarşı saraydaxili üsyanmı..? Cənab Heydərovun Paşayevin “Zəfəran”lı aşına istiot qatmaqda məqsədi nədir? Ölkə başçısı qayınatasınımı müdafiə edəcək, ya hakimiyyət sütunlarından biri olan Heydərovumu? Atalar “əmi ata yarısıdır” deyiblər. Görəsən, atalar qayınatanın nəyin yarısı olduğunu söyləyiblərmi?

Hakimiyyətinmi?!

Mövzuya qayıdacağıq.

 

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

1 şərh

  1. kim sənə ixtiyar verir ki, nazirin adını təhrif edəsən???? şərhimi dərc etməzsən yəqin təhqirdir hə??? bəs siz yazan təhqir deyil??? bax budur demokratiya post sovetin psixologiyasına görə deyil yaramır bizə.amma o sözə görə o cür böyük şəxsiyyət haqıında elə danışmazdın. o şəxsiyyət ki, gözəl övladlar tərbiyə edib, şəffaf struktur yaradıb sıfırdan və xalqının sevimlisinə çevrilib. (bir iki dənə sizin kimi istisna olmaqla)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button