Kəmaləddin Heydərov mətbuatı təhdid edir!

Nazirin fikirlərini təhdid kimi qəbul edənlər də var, əksini düşünənlər də…

 Azərbaycan Respublikası Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov İngiltərənin nüfuzlu telekanallarından olan BBC-də haqqında yayımlanan məlumatlarla bağlı çıxış edib. Nazir çıxışı zamanı müxalif yönümlü yerli mətbuatı da təndiq edib. “Nə vaxt görürlər ki, bir xarici mətbuatda Azərbaycan haqqında neqativ bir şey var, bunlar da həmin yalanlara qoşulub gedirlər. Onlar susandan sonra da bunlar qəzetlərinin səhifəsini doldurmaq xatirinə istifadə edirlər. Ondan sonra məsuliyyətsizcəsinə susurlar. Ancaq bu, həmişə belə davam etməyəcək. Məsuliyyətsiz yazılar dərc edənlər -mənbəsi haradan olursa-olsun redaktorlar, o insanlar ki, qəzetlərin arxasında durublar, çox ciddi düşünməlidirlər.”

Kəmaləddin Heydərovun bu çıxışı mətbuat nümayəndələri tərəfindən etirazla qarşılanıb.

“Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan nazirin bu addımı atmasından təəccübləndiyini bildirdi. “Azərbaycan qəzetləri zatən ilin on iki ayı təzyiq və təqib altında olurlar. Amma Kəmaləddin Heydərov şəxsən heç bir vaxt çıxıb eifrdən məbuatı, xüsusən də tənqidçi mətbuatı, hökumətin siyasətini açıq şəkildə təndiq edən qəzetləri açıq şəkildə hədələməmişdi. Bu günə kimi qınamamışdı belə. İndiyə kimi onun haqqında yazılan tənqidi məqalələrlə bağlı nə özü, nə də idarə etdiyi qurumun rəsmiləri təkzib verməmişdi. Görünür, bu olayın ciddiyyətini dərindən anladığı üçün, Fövqəladə Hallar naziri bu şəkildə əsəbi, emosional, gərgin reaksiya vermək məcburiyyətində qalıb. Bu isə onun mətbuatla bu günə kimi tutduğu mövqeyə uyğun gəlmir. Belə məsələlərdə istər Kəmaləddin Heydərov, istərsə də digər məmurlar sərt reaksiya verməkdənsə, oturub problemləri həll etməyə çalışsınlar. Həm özləri üçün, həm də dövlətin, ölkənin mənafeyi baxımından bu daha məsqədə uyğun olar. Bizə də maraqlıdır ki, baş vermiş qalmaqalla bağlı nazir nə qədər haqlıdır? O ki qaldı məsələni bizim yaymağımıza, bunu biz yox, dünyanın media nəhənglərindən olan BBC yayıb. O, çıxışı zamanı bildirdi ki, “onlar buna görə cavab verəcəklər”. Söhbət BBC-dən gedir və sözügedən telekanal dünyanın nəhəng media quruluşlarından biridir. Son zamanlar ölkə prezidenti İlham Əliyev ölkə mətbuatına, hətta ona qarşı tənqidi yazılar yazmış qəzetlərə belə müəyyən tolerantlıq göstərir. Hətta o, həmin qurumlara ilin bir günü – Mətbuat günündə maliyyə dəstəyi edir. Həbsdəki jurnalistlərin – Eynulla Fətullayevin azadlığa buraxılması bu cür tolerantlıqlar sırasına aid ola bilər. Bu da onu göstərir ki, dövlətin mətbuata münasibəti ilə bağlı müsbətə doğru bəzi korrektələri var. Belə bir vəziyyətdə onun nazirlərindən birinin durub efirdə mətbuata barmaq silkələməsi doğru deyil. Yaxın günlərdə bu məsələdə İlham Əliyevinmi, yoxsa Kəmaləddin Heydərovunmu söz sahibi olduğunu bilinəcək”.

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli də nazirin mətbuata qarşı münasibətini bəyənmir. Onsuz da mətbuat həmişə təzyiqlər altında işləyir. Yəni bu yeni bir şey deyil. Kəmaləddin müəllimin dedikləri də həmin təhdidlərdən biridir. Son zamanlarda “Vikiliks”lə bağlı yayılan məlumatlar hakimiyyətdə ciddi narahatçılıqlar yaradıb. Bütün bu qəzəb, kin buradan qaynaqlanır. BBC isə belə demək mümkündürsə, baltanı kökündən vurdu. Ona görə Azərbaycanda boks yarışmasının keçirildiyi bir vaxtda məlumatların yayılması Kəmaləddin Heydərova qurşaqdan aşağı zərbə endirdi. Baxmayaraq ki, boksda qurşaqdan aşağı zərbəyə icazə yoxdur. Həmin zərbə naziri yaman ağrıdıb. Nəticədə də sərt açıqlamalar verir. Qaldı təzyiqə, bu, həmişə olur. Bütün bu təhdidlər bizi qorxutmur, biz yenə də açıq sözümüzü deyəcəyik.”

Qafqazinfo.az saytının baş redaktoru Elbrus Ərud da məsələ bilə bağlı fikirlərini bölüşdü. “Mən düşünürəm ki, Kəmaləddin Heydərov məlum çıxışında Azərbaycan mətbuatını hədəfə alan bir söz deməyib. Onun fikirləri daha çox BBC haqqındadır. Nazir deyirdi ki, BBC buna cavab verməlidir. Yerli mətbuatı isə sadəcə qınayırdı ki, işıqlandırır. Ancaq bu, fərqli izah olunur. Guya ki, Kəmaləddin Heydərov mətbuatı təhdid edir. Mən elə bir təhdid görməmişəm. O, yetərincə düşüncəli adamdır və bilməmiş deyil ki, məlumata görə məsulliyəti Azərbaycan mediası deyil, BBC daşıyır. Bizim mətbuat yəqin ki, bu informasiyanı sonuna qədər izləyəcək. Əgər BBC haçansa təqzib verəcəksə, mətbuat bunu da işıqlandıracaq yəqin ki. İnanmıram ki, qəzetlər birtərəfli şəkildə yanaşacaqlar bu məsələyə. Məsələn, mənim rəhbərlik etdiyim sayt sırf xəbərə köklənib. Kimisə vurmaq məqsədi daşımır. Biz həm BBC-nin yaydığı məlumatı, həm də bu informasiyaya qarşı təkzibləri saytımızda vermişik. Başda Kəmaləddin Heydərovun müsahibəsi olmaqla biz boks federasiyasının sədri Ağacan Abıyevin də çıxışını vermişik. Azərbaycan mətbuatı Kəmaləddin Heydərov haqqında on ildir ki, hər gün manşet verir. Bu günə qədər ona qarşı heç bir reaksiya olmamışdı. Düşünürəm ki, o, BBC-nin yaydığı məlumatı təkzib etdirməlidi. Mən heç o yerə qədər gedib demirəm ki, bu Azərbaycanın imicinə zərbədir, biabırçılıqdır. Mən sadəcə Kəmaləddin Heydərovun böyük fikirlərinə, böyük məqsədlərinə zərbə hesab edirəm.”

“Turan” informasiya agentliyinin sədri Mehman Əliyev nazirin emosional çıxış etdiyini düşünür. “Mən hesab edirəm ki, onun çıxışı emosional çıxış idi. Bu, onu göstərir ki, vəziyyət kifayət qədər ciddidir. Onsuz da Azərbaycan mətbuatı həmişə bu cür hədələrlə və real təhdidlərlə rastlaşır. Biz onsuz da öz işimizi görürük.”

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button