Kəmaləddin Heydərova 80 milyon manatlıq zərbə!

«Gilan» holdinqdə aparılan daxili yoxlama qorxunc faktları ortaya çıxarıb…

Fövqəladə Hallar Nazirliyində fövqəladə vəziyyət yaranıb. Ölkənin bütün sahələrinə nüfuz edən, yetdiyinə yetib yetmədiyinə bir daş atan Fövqəladə Hallar Nazirliyində vəziyyət qarışıb. Məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, bu dəfə səbəb daxili yoxlamadır. Onsuz da bu nazirliyin başında fövqəladə səlahiyyətlərlə təchiz olunmuş bir süper məmur dayandığı üçün ora digər qurumların girməsi və yoxlaması mümkün deyil. Azərbaycan iş adamlarının qorxulu röyası olan Vergilər Nazirliyi, Əmlak Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma Komitəsi və digər qurumlar onsuz da ya Kəmaləddin Heydərovun adamlarıdır, ya da ondan çəkinirlər. Bu səbəbdən də Kəmaləddin Heydərovun və onun gül balalarının idarə etdiyi «Gilan» Holdinqin qapısını döyüb narahat edən kim ola bilər ki? Ancaq mənbəmiz Fövqəladə Hallar Nazirliyində fövqəladə hallar yaradan adamın bir başqası deyil, elə Kəmaləddin Heydərovun özün olduğunu bildirir.

Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Kəmaləddin Heydərovun öz şirkətlərini yoxlatmaq qərarına gəldiyi deyilir. Təbii ki, mənbə başqa səbəblərin də olduğunu deyir. Bu səbəblərdən biri Kəmaləddin Heydərovun holdinqdə baş verən yeyintilər haqda məlumat almasıdır. Diqqətli Oxucu xatırlayar, bir müddət əvvəl Kəmaləddin Heydərovun nazirliyin mərkəzi binasında «oyun əməliyyatı» apardığı haqda məlumatlar dərc etmişdik. Yəni fövqəlnazirin hətta nazirlik binasında bilgisayar oyunları ilə vaxt öldürən işçilərinə belə nə qədər amansız olduğu haqda Oxuculara məlumat vermişdik.

Hazırda «Gilan» Holdinqdə baş verənlər də o çərçivədə sırf Kəmaləddin Heydərovun öz qərarı ilə baş verənlərdir. Mənbənin bildirdiyinə görə, holdinq daxilində yaratdığı komissiyanın gəldiyi nəticə Kəmaləddin Heydərovu dəhşətə gətirib. Komissiyanın yekun rəyinə görə, «Gilan» Holdinqdə nə az, nə də çox, düz 80 milyon manat yeyintinin baş verdiyi ortaya çıxıb. Bundan sonra əsl həngamə başlayıb. Bütün şirkəti nəzarətə götürən FHN şefi şirkətə giriş-çıxış kameralarından tutmuş otaqlardakı, koridorlardakı kameralara qədər hər şeyin araşdırılmasını tapşırıb. Bank əməliyyatları araşdırılır, lazım olarsa kənar qurumların mütəxəssislərinin yoxlamaya cəlb olunacağı haqqında məlumatlar gəzir. Verilən informasiyalara görə, Kəmaləddin Heydərov yeyintidə iştirak edənlərin kimliyindən asılı olmayaraq ciddi cəzaların veriləcəyini bildirib və lazım olarsa, böyük kadr islahatlarına gedəcəyini bəyan edib.

Görünür, uzun zamandır heç bir yoxlama olmadan fəaliyyət göstərən «Gilan» çalışanları həddindən artıq arxayınçılığa aludə olublar və şirkətin öz daxilindən belə bir yoxlamanın olacağını təxmin etməyiblər.

Xüsusi qeyd etməkdə fayda var ki, «Gilan» Holdinq həm də cəmiyyətin bəzi tanınmış insanlarının yaxınlarının çalışdığı bir şirkət kimi də tanınır. Kəmaləddin Heydərova yaxınlığı ilə bilinən tanınmış agentlik rəhbəri olan bir xanımın atasının və qardaşının, sabiq deputatlardan birinin həyat yoldaşı və qaynının bu şirkətdə çalışdıqları haqqında həm mətbuatda, həm də qəzetimizdə zaman-zaman məlumatlar dərc olunub. Onların bu işdə əlinin olub-olmadığı haqqında isə hələlik heç bir məlumatımız yoxdur. Amma yəqin ki, yaxın zamanlarda maraqlı məlumatlar əldə edəcəyik.

 

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button