Kəmaləddin Heydərovdan Misir Mərdanova sarsıdıcı zərbə

Fövqəlnazir hakim ailənin nəzarətində olan ikinci

böyük sahəyə də əl qoydu…

Kəmaləddin Heydərov ölkənin təhsil sektoruna da əl qoydu. Ölkədə bir və ya iki sahə olardı ki, fövqəladə hallar naziri o sahə ilə qətiyyən ilgilənmirdi ki, onlardan biri də təhsil sektoru idi. Qəribədir ki, hətta bu sahədə cənab Heydərova yaxınlığı ilə seçilən hər hansı bir şəxsin adı da nə vaxtsa hallanmayıb. Milli Məclis, hüquq-mühafizə orqanları, media, siyasi partiya, QHT, tikinti, idxal-ixrac-istehsal, ayrı-ayrı nazirliklər, dövlət komitələri, bank və s. sahələrdə kifayət qədər rıçaqlara malik olan cənab Heydərovun səhiyyə, nəqliyyat (şəhər və ölkədaxili marşrutlar, dəmir yolu, metropoliten, uçaq) və təhsil sahələrində adı heç zaman hallanmayıb. Əsasən, burada iki faktor diqqəti çəkir. Adı çəkilən sahələrə rəhbərlik edən şəxslərin siyasi çəki və kapitalla bərabər, hakim ailəyə yaxınlıqları cənab Heydərovdan heç də az deyil. Səhiyyə naziri Oqtay Şirəliyev ikinci hakim ailə statusunda olan paşayevlərin adamı olduğu üçün toxunulmazlıq statusuna malikdir. Nəqliyyat naziri Ziya Məmmədov fövqəladə hallar naziri ilə klassik rəqib olsalar da, cənab Heydərovun onunla mübarizəsi sadəcə uzaq məsafədən qapalı formada davam edir. Bu da səbəbsiz deyil. Cənab Məmmədovun nəvə Əliyevin kirvəsi olduğu söylənilir və bu məsələ kimsə tərəfindən hələ ki, təkzib olunmayıb. Yerli adət-ənənələrə görə isə kirvə həm də qohum statusundadır. Cahangir Əsgərovla məsələ isə daha fərqlidir. Adam hətta nəqliyyat nazirini belə öz sahəsinə müdaxilə etməyə imkan vermir. Ziya Məmmədov dəmir yolu sistemində nə qədər hakimi-mütləqdirsə, hava nəqliyyatında tam əksinə, səlahiyyətsiz durumdadır. Bu da Cahangir Əsgərovun ölkə başçısı ilə cox yaxın dostluq münasibətində olmasından irəli gəlir. Nəqliyyat naziri bu məsələdə sadəcə ağrımayan başına buz bağlamaq istəmir. Eyni situatsiya cənab Heydərova da bəllidir. Konkret Misir Mərdanova gəldikdə isə 2003-cü ildən adam formal olaraq Təhsil naziri postunun sadəcə icraçısıdr. Hələ Heydər Əliyev dönəmində İlham Əliyev ARDNŞ-in I vitse-prezidenti olsa da, onun ictimayyətə yaradıcı və qurucu obrazı məhz idman komplekslərinin harada və necə gəldi tikintisinin kütləviləşdirilməsi ilə yaradıldı. Tkinti işləri dövlət büdcəsi hesabına aparılsa da, siyası divident İlham Əliyevə yazılırdı. Əslində isə yuxarıda qeyd olunduğu kimi adamın vəzifə baxımından bu sahəyə heç bir aidiyyatı yox idi. Formal olaraq bu günə kimi rəhbəri olduğu Olimpiya Komitəsi isə rəsmi dövlət qurumu deyil. Lakin ata Əliyev tərəfindən hər bir Olimpiya Kompleksinin açılış lentini kəsəndən sonra kəsilmiş qırmızı lentin oğul Əliyevin cibinə qoyulmasının sonucda həm də rəmzi məna daşıması ortaya çıxdı. Qırmızı lent şərti olaraq hakimiyyətin açarı imiş.

Eyni proses 2003-cü ildən xanım Əliyeva üçün start götürüb. Ölkənin birinci xanımının cəmiyyətə tanıtımı məqsədilə onun rəhbərliyi ilə öncə Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Heydər Əliyevin vəfatından sonra isə rejim qurucusunun adını daşıyan fond, millət vəkili seçilməsi üçün zəhmətkeş məktubları, nəhayətdə mərhum qayınatası və həyat yoldaşı kimi qurucu obrazı. Hakimiyyətin yaxın və uzaq məsafəli strategiyasını və taktikasını müəyyənləşdirən qrupun bu obraz üzərində durması təsadüfi deyildi. Çünki məhz bu obraz sayəsində mərhum Heydər Əliyev umummilli lider, cənab İlham Əliyev de-fakto prezident, xanım Əliyeva isə qayğıkeş adını qazandılar. Ölkənin birinci xanımının rəhbərlik etdiyi fond QHT sektoruna aid olsa da, ona ünvanlanan məktublar bir qayda olaraq Prezident Administrasiyasında qeydiyyatdan keçir və vətəndaşlara cavab da məhz PA-nın müvafiq şöbəsi tərəfindən verilir. Adətən, insanlar müvafiq strukturlara və PA-ya ünvanladıqları müraciətlərə müsbət cavab almadıqları təqdirdə ölkənin birinci xanımına üz tuturlar. Və qismən də olsa nəticə alırlar. Necə olur ki, eyni struktur (PA) özünə ünvanlanan müraciətə laqeydlik nümayış etdirdiyi halda xanım Əliyevaya ünvanlanan müraciətə daha tez və məsuliyyətli yanaşır? Əslində burada qeyri-adi nə isə yoxdur. Yuxarıda qeyd olunduğu kimi hakimiyyətin əldə saxlanılması üçün gələcəyə hesablanmş taktikadır. İlham Əliyevdən fərqli olaraq xanım Əliyeva üçün təhsil sahəsinin seçilməsi təsadüfi deyildi. Əvvəla, ölkə əhalisinin mütləq əksəriyyətinin bu və ya digər formada təhsillə əlaqəsi var. Kiminin şagird, kiminin valideyn, kiminin də işçi statusunda. Bundan əlavə, seçki məntəqələri və potensial seçicilərdə məhz məktəblərdədir. Yəni məktəblə bağlı görülən ən elementar iş üçün uzun-uzadı reklam roliklərinə bir o qədər də ehtiyac qalmır. Hadisədən yerli əhali ən azından övladları vasitəsilə dərhal xəbər tutur. Əslində, bu cür taktika o qədər uğurlu seçilib ki, şıfahi xalq ədəbiyyatı kimi yazılmasa belə, beyinlərə köçürülür və Şərqlilik baxımından müəyyən zaman kəsimində olsa da, hətta dastanlaşdırılır. Bunu bildiyi halda fövqəladə hallar nazirinin birdən-birə bu sahəyə əl qoyması düşündürücüdür. Ötən saylarımızdan birində cənab Heydərovun dərman biznesini ələ keçirmək cəhdi ilə bağlı araşdırmamızın dərcindən qısa müddət sonra paytaxtda bir gündə doqquz aptekin vaxtı keçmiş dərman satışı ilə əlaqədar bağlanması haqda informasiya elektron və yazılı medianın müzakirəsinə verildi. Bu proses əslində araşdırmalarımızın nəticəsi olaraq gəldiyimiz qənaətin doğruluğunu təsdiq edən faktorlardan idi. Eyni zamanda onu da unutmaq olmaz ki, hal-hazırda ölkəyə dərman idxalı və realizəsi paşayevlərin nəzarətində olan “Zəfəran” apteklər şəbəkəsi tərəfindən aparılır. Bütün dərman depoları məhz paşayevlərə aiddir. Cənab Heydərovun paşayevlərə əlcək atmasından qısa müddət sonra, daha böyük – ölkənin birinci xanımının nəzarətində olan sahəyə – təhsilə yönlənməsi daha çox diqqəti çəkən məqamlardandır. Belə ki, cənab Heydərov oğlu Tale Heydərovun rəhbərlik etdiyi Avropa-Azərbaycan İctimai Birliyinin təsisçiliyi ilə eyniadlı məktəb təsis edilib. Sentyabrın 15-dən fəaliyyətə başlayan məktəbə qəbul iki mərhələdə aparılsa da, mənbəmiz kifayət qədər güzəştlərin olduğunu söyləyir.
Eyni zamanda Avropa-Azərbaycan Məktəbində təhsil haqqı digər eyni statuslu təhsil müəssisələrindən xeyli aşağıdır. Məktəb daxilində olan mənbəmiz bu prosesin də məqsədli şəkildə həyata keçirildiyini söyləyir. Əvvəla, fövqəlnazir yeni sahəsində bu vasitə ilə kütləviliyi təşkil etməklə “mənə bu sahənin də ehtiyacı var imiş” devizini gündəmə gətirmək istəyir. Əslində, fövqəlnazir üçün çox təhlükəli addım olsa da, artıq atılıb. Ölkənin birinci xanımının nəzarətində olan və yalnız

ONUN YENİLİKÇİ KİMİ QƏBUL OLUNDUĞU SAHƏDƏ MƏNƏ DƏ EHTİYAC VAR İMİŞ söyləniltisindən təhlükəli nə ola bilər? Axı, Azərbaycan o demokratik ölkələrdən deyil ki, orada fəhlə və nazir eyni statuslu vətəndaş kimi qəbul olunsun. Bu məmləkətdə hətta nazir belə hakim ailəyə məxsus ən kiçicik və əhəmiyyətsiz hesab olunan işə nəinki müdaxilə, o haqda ürəyində də düşünə bilməz. Amma göründüyü kimi cənab Heydərov nəinki əhəmiyyətsiz, hətta xanımın cəmiyyətə reabilitasiya üçün nəzərdə tutulan sahəsinə də əl qoydu. Məktəbin açılışında fövqəlnazirin oğlu “Biz ənənəvi Azərbaycan təhsil metodlarından imtina edib, yeni təhsil forması ortaya qoyacağıq” – deyərək daha da irəliyə getdi. Oğul Heydərovun çıxışından anlaşılan odur ki, cənab Mərdanovun illər uzunu təhsilə tətbiq etdiyi metod kökündən yanlış imiş. Elə isə görəsən, ölkənin birinci xanımının yanlış olan bir işə dəstəyinin nüvəsində nə dururmüş? Və ya strateqlərin birinci xanım üçün yanlış prinsiplərlə fəaliyyət göstərən sahəni müəyyənləşdirməkdə məqsədləri nə olub? Yoxsa burada da fövqəlnazirin gələcəyə müəyyənləşdirdiyi plan var? Bir müddət öncə oğul Heydərovun prezident qızının da adı olan sərəncamda medal alanlar sırasında yer alması, mediada Azərbaycan diasporunun yaradılmasındakı rolunun qabardılması, əhatə dairəsinin konqresmen, lordlar (?) və s.-dən ibarət olması, nəhayətdə, təsis etdiyi məktəbin açılışına bir gün qalmış təhsil nazirinin üç müavininin bu vaxta qədər təsadüf olunmayan formada bir gündə nümayişkəranə şəkildə işdən azad olunmaları yaxın gələcəkdə maraqlı məqamlardan xəbər verir.

Mövzunu diqqətdə saxlayacağıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button