Kəmaləddin Heydərovla bir görüş

Əvəz Zeynallı

Fövqəladə Hallar naziri BBC-ni bəhanə edib mətbuatın üzərinə gəldi. Yalan-yanlış bir şeylər danışdı. Hədələdi və redaktorlara aba altından zopa göstərdi. Məxsusən mətbuata qarşı başlanan bu səlib yürüşünün fonunda Kəmaləddin Heydərovun bu hədəsi təbii olaraq tərəfimizdən layiqli qiymətini aldı və dərhal hərəkətə keçdik. Cəmi bir neçə gün keçmədi ki, reaksiyamız ölkənin gündəminə çıxdı və Kəmaləddin müəllimin mirzələr ordusu hərəkətə keçdi. Mən bunu hamıya şamil etmək istəmirəm. O münasibətlərdən birini elə bu sayımızın 7-ci səhifəsində Azər Həsrət yazıb, birini də dünən Elbrus Ərud demişdi. Bu yazarlara, digər müstəqil yazarlara bir deyəcəyim yox, hər kəsin öz fikri var və bu fikirlərə hörmət eləmək lazımdır. Amma mən mirzələri başa düşməkdə çətinlik çəkirəm. Nə deyildi ki, nə baş verdi ki, bunlar qəhqəhə çəkib Kəmaləddin müəllimin xoşuna gəlmək yarışına giriblər. Onlara kim nə deyib ki…

Həmkarlarımız maraqlı araşdırmalar və sorğular aparırlar. Məsələn, Kəmaləddin Heydərov redaktorlarla görüşsə və onları inandırsa, bizdən dəstək ala bilərmi? Təbii ki, ala bilər. Amma Kəmaləddin Heydərov bizimlə görüşməz ki? Niyə görəmi? Ona görə ki, müstəqil yazarlarla, hələ redaktorlarla bir tək görüş bütün Azərbaycan mətbuatının taleyini dəyişər, çağ dəyişər. Axı dövləti idarə edənlər bilməlidir ki, bu əyilmiş və sınmış insanlarla bir yerə varmaq olmaz. Mehman Əliyevin sözü olmasın, ölkə mediasının 98 faizini əllərinə keçiriblər, hamını satın alıblar. Cəmi 2 faiz media qalıb ki, onlar kənardadır və öz işlərini görürlər. Milyonlarla pul xərcləyirlər, minlərlə mirzə saxlayırlar, amma əllərində olan bu boyda imkanlarla mətbuat bazarına nəzarət edə bilmirlər. Təkcə «İki sahil» adlı uğursuz bir qəzeti Rövnəq Abdullayevin əmri ilə ARDNŞ-in idarələrinə 5.000 ədəd bir gündə paylayırlar. Paylayan şirkət də Əli Həsənovun sahib olduğu «Kaspi» şirkətidir. Bir qəzeti Əli Həsənov Rövnəq Abdullayevin şirkətlərinə 2 qəpikdən paylayır. İndi siz dövriyyəyə baxın. Hər gün leş bir qəzet bir dövlət qurumunun əli ilə paylanır və bu da bunların mətbuat siyasəti olur (İşimizə bax, Hüseyn Abdullayevin sürücüsi ilə qapançısı Kəmaləddin Heydərovun mətbu siyasətinin aparıcı simaları olublar).

Təkcə Kəmaləddin Heydərovla iş ötmür. İşin bir tərəfi də gedib İlham Əliyevə çıxır. Həm də o müstəqil mətbuatın generallarını görüşə çağırmalıdır və ölkənin bu darboğazdan çıxması üçün fikir mübadiləsi etməlidir. Bu yaramaz mətbuat komandaları ilə bu iqtidar bir arpa boyu yol gedə bilməz. Bunlar hamısı gözükölgəli adamlardır. Bunların 98 faiz olmalarına baxmayın siz, bizim 2 faizlik gücümüz bunları dərbədər edir. Açın mətbuatlarının səhifələrini, oxumağa bir sətir tapa bilməzsiniz. Bütün media gücləri bizim mövzularımızın arxasınca gedir. Elə Kəmaləddin Heydərovun illərdir gələn təmkinini pozan, onu təbdən çıxaran da bu 1-2 faizlik gücdür – bizim gücümüzdür. Ya bu biləkləri bükməlidirlər – ya da öpməlidirlər. O zaman ölkə də aydınlığa çıxar, özləri də…

Qoy Azərbaycan respublikasının prezidenti papağını qarşısına qoyub fikirləşsin. Nə oldu ki, bu boyda para ayırıb iş görmək istədi, amma mətbu şəbəkəsi belə fərsiz çıxdı? Bu işlərin girdabından necə çıxmaq lazımdır? Bunun üçün komandasını toplamalı və Ramiz Mehdiyevdən alınan bu bərbad nəticəyə görə hesab sormalıdır. Bunlar illərdir yeyib-yatmaqdan və prezidentin ayırdığı pulları bir-birinə bağışlamaqdan başqa bir iş görməyiblər. İndi qalıblar meydanda gözlərini döyə-döyə.

«Avroviziya» gəlib dayanıb qapılarının ağzında.

Rəcəb Tayyib Ərboğan PKK-lıların siyahısını verib və gün keçdikcə bunların və PKK-çı kürdlərin səbrləri daralır.

Bütün siyasi mühacirlər gedib oturublar Parisdə və 2013-cü il uğrunda çalışırlar.

Allahın mətbuat düşməni və sıradan bir rüşvətxoru Elşad Abdullayev də prezidentlə hədə-qorxu tonunda danışır.

Və həqiqətən 2013-cü il gəlir. Başlarını az qala itiriblər…

Hə, məndən bu qədər. Siz ya bu ölkəni idarə etməlisiniz, ya bizim hamımızı tutub içəri salmalısınız, ya da getməlisiniz işinizin-gücünüzün dalınca. 15 il nə nazir olmaq olar, nə dövlət komitəsi, nə də heç nə…

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button