Kəmaləddin Heydərovun «medal məsələsi» böyüyür

“Medal əməliyyatı”na Britaniya parlamenti də qarışdı

 BBC-nin “Newsnight” teleproqamında Azərbaycan Boks Federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (AIBA) 2012-ci il London Olimpiadasında 2 azərbaycanlı boksçunun World Series Boxing (WSB) seriyası üzrə qızıl medal alması üçün rüşvət ödəməsiylə bağlı olay aktuallığını saxlayır. Dünyanın ən nüfuzlu idman yarışı ətrafında yaranmış rüşvət qalmaqalı AIBA, Beynəlxalq Olimpiya Komitəsininin (BOK) və 2012-ci il Olimpiya oyunlarına ev sahibliyi edəcək İngiltərənin ciddi narahatlığına səbəb olub.

Həm AIBA, həm də BOK olayla bağlı araşdırmalara başlandığını açıqlayıb. BOK prezidenti Cak Rok rəhbərlik etdiyi qurumun rüşvət faktını araşdırmağa başladığını söyləməsindən sonra qalmaqallı xəbəri ilk yayımlayan BBC telekanalı da rəsmi şəkildə BOK-a müraciət edərək başlanan təhqiqata yardımçı olacağına söz verib. Telekanal rəsmisi məsələ ilə bağlı əllərində olan dəlilləri komitəyə təqdim etməyə hazır olduqlarını bildirib.

2012-ci ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək İngiltərə hökuməti məlum olayla bağlı rəsmi münasibət bildirməsə də, ölkə parlamentinin üzvü Damiyan Kollinz BOK-u rüşvət qalmaqalıyla əlaqədar ciddi araşdırmalar aparmağa və günahkarları cəzalandırmağa çağırıb. Britaniya parlamentinin üzvü bu tip hadisələrin beynəlxalq idman yarışlarının şəffaflığına olan inamın azalmasına yol açacağını bildirib.

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button