”Kənd təsərrüfatında durum çox kritikdir”

Toğrul Cuvarlı: ”Bir çox fermerlər əkin, otlaq torpaqlarının azaldığından şikayətlənirlər”

“Əminəm ki, 2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaqdır. Keçən il kənd təsərrüfatı 4,1 faiz artıb. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk”.

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin  yanvarın 10-da Nazirlər Kabinetinin müşavirəsində deyib.

İlham Əliyev keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə dövlət proqramlarının  qəbul edildiyini deyib:

“Biz görürük ki, bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır. Digər sahələrdə – sitrusçuluq, çayçılıq, çəltikçilik sahələrində də inkişaf var. Heyvandarlığa çox böyük diqqət göstərilir və bu il ölkəmizə minlərlə baş cins mal-qara gətiriləcək. Bilirəm ki, 40-dan çox aqroparkın arasında heyvandarlıq arqoparkları da önəmli yer tutur. Beləliklə, əminəm ki, biz yaxın gələcəkdə özümüzü ət və süd məhsulları ilə tam şəkildə təmin edəcəyik”.

Ölkə başçısı yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə tutulduğunu bildirib:

“Burada əsasən taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər avadanlıq nəzərdə tutulur. Keçən il isə ölkəmizə 10 min kənd təsərrüfatı texnikası gətirilib. Dövlət vəsait ayırır, texnika gətirir, lizinq yolu ilə fermerlərə verir. Əlbəttə ki, rentabellilik olmalıdır. Bəzi sahələr rentabelli sahələrdir, bəzi sahələr subsidiya hesabına yaşamalıdır”.

Prezident deyib ki, əgər dövlət lazım olan vaxtda öz dəstəyini göstərməsəydi, bu gün kənd təsərrüfatında 4,1 faiz artımdan söhbət belə gedə bilməzdi və əksinə, bəlkə də bu sahə tənəzzülə uğrayardı.

“Biz indi meliorativ tədbirlər də görürük. Biz unudulmuş sahələri də bərpa edirik, o cümlədən zeytunçuluğu. Bu il minlərlə hektarda zeytun bağları salınacaq. Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər, müvafiq göstərişlər verilib”.

Aqrar sektorda gedişat pərakəndə şəkildədir

Prezidentin fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Toğrul Cuvarlı pambıqçılıq, fındıqçılıq sahələrindəki müsbətə doğru dəyişikliklərin aqrar sektorun  inkişafda olduğunu bildirib:

“Ancaq bir məsələ var, aqrar sektorda gedişat pərakəndə şəkildə gedir. Bəli, bütün sahələrdə nələrsə etməyə çalışırlar. Amma bu yanaşma intensiv yox, ekstensiv vəziyyətə gətirib çıxardır. Yalnız pambıq sahələrini böyütməklə deyil, həm də məhsuldarlığın artması vacibdir. Məhsuldarlıq da pambığın növündən və texnikadan asılıdır. Ona görə də Azərbaycanın kənd təsərrüfatındakı inkişaf ekstensiv xətlə gedir”.

Toğrul Cuvarlı
Toğrul Cuvarlı.

Ekspert qeyd edib ki, bir çox fermerlər əkin, otlaq torpaqlarının azaldığından şikayətlənirlər.

“Əgər intensiv inkişaf olsaydı, bu, baş verməzdi. Çünki intensiv olanda, bütün sahələri böyütmək yox, yalnız olan sahələrdə məhsuldarlığın artmasına çalışırsan. Ekstensiv olduğundan Ceyrançölü zəbt edi  pambıq əkdilər, halbuki, ora Azərbaycanın ən böyük otlağıdır. İkinci amil, Azərbaycanda ərzaq təhlükəsizliyi proqramı qəbul edilsə də, daxili istehsal azalır”.

T.Cuvarlı fermerlərlə aqrar sektordakı böyük holdinqlər arasındakı münasibətlərin tənzimlənmədiyini də ciddi problem hesab edir:

“Ötən il kəndli pambıqdan yox dərəcəsində mənfəət qazandı. Bu, holdinqlərin pambığı ucuz qiymətə aldıqlarından irəli gəlir. Ona görə iki holdinq Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə fermerlərlə danışıqlara başlayıb. Çünki narazılıq var”.

Rəqəmləri şişirtməklə istehsalı artırmaq mümkünsüzdür

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov aqrar sektorda 4,1 faiz artımın olduğunu söyləməyi absurd sayır:

“Artım ümumi pambıq istehsalında olub, amma bunun əvəzində ət, süd, kərə yağı, taxıl  və digər kənd təsərrüfatı məhsullarında istehsalından ciddi azalma var. Rəqəmləri şişirtməklə istehsalı artırmaq mümkünsüzdür”.

Vahid Məhərərmov deyir ki, hökumət aqroparkın hansı məqsədlə yarandığını anlamır.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli.

Onun sözlərinə görə, aqroparkın əsas funksiyası kənd təsərrüfatında peşəkarların yetişdirilməsi və elmlə təcrübənin vəhdətinə nail olmaqdır.

“Hökumətin yaratdığı aqropark kəndlilərdən məhsulu alıb, bir müddət saxlayıb, sonra onun tədarükü ilə məşğuldur. Halbuki, məhsul istehsal etmək vacibdir. 150 min ton taxıl istehsalı azalıb, ancaq 10 ildən artıqdır taxılçılığln inkişafı adı ilə külli miqdarda vəsait ayrılıb. Bir tərəfdən subsidiya, digər tərəfdən də müasir kombaynlar alınır. Nəticədə isə Azərbaycanın taxıl idxalı ciddi şəkildə artır. Ötən il taxılın 1 tonu 131 dollar idisə, bugün 190 dollardan bahadır. Deməli, idxal üçün çox vəsait ayırmalı olacağıq. Ümumiyyətlə, kənd təsərrüfatında durum çox kritikdir, heyvandarlıq sıradan çıxıb, pambıqçılıqda bu il hər hektardan  2017-ci ildəkindən 220 kiloqram az pambıq əldə olunub. Əgər hökumət kənd təsərrüfatını gəlirli etməyibsə, deməli, ölkəyə fayda gətirməyən işlə məşğul olurlar”(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button