Kəramət yazdı: “Aynurun şərtləri çox ağır idi – ayda 22 müsahibə, 14 yazı”

Köşə kimi status

 

Dostlar, həmişə böyük hörmətim olan və bu gün də hörmət etdiyim insan – Aynur Camalqızının saytlarından ayrıldım. Daha orda işləmirəm. Adətən, adamlar işdən çıxanda müdirə böyük hörmətini, rəğbətini-zadı bildirir. Yazır ki, hər şey gözəldir, sadəcə, işdən ayrılıram. Adama deyərlər, hər şey gözəldirsə, bəs işdən niyə çıxırsan, yaxud niyə çıxarılırsan? Deməli, işdən çıxmaq haqda hörmət-izzət statuslarının hamısı sünidir.

Mən isə Aynur xanımla işçi-müdir münasibətlərimizin nə üçün alınmaması haqda açıq yazacam. Səbəb odur ki, hörmətli Aynur xanım mənə iş şərtlərini çox ağır qoymuşdu. Ayda 22 müsahibə verməli idim, 14 köşə yazmalı idim. Mən isə çatdıra bilmirdim. Bu ölkədə heç 22 adam yoxdur (Söyməyin, söhbət müsahibə alınacaq adamlardan gedir). Yazıları çatdıra bilmirdim deyə məcbur olub Aynur xanıma yalan danışırdım. Deyirdim, yazını bu gün verəcəm, vermirdim. Deyirdim, sabah verəcəm, yenə vermirdim. Deyirdim, birigün verəcəm, yenə vermirdim. Amma dördüncü gün elə bir yazı verirdim ki, Aynur xanım içini çəkirdi ki, Kəramət, nə gözəl yazmısan. Yaxud, Kəramət, nə gözəl müsahibədir. Və yaxşı da oxunurdu, oxucular da bəyənirdi.

Hesab eləyirəm ki, media rəhbəri öz əməkdaşını anlamalıdır. Kəramət kimi əməkdaşı isə xüsusilə anlamalıdır. Çünki o biri jurnalistlərin heç birinin yazısında “şpit” olmur. Çünki onlar pul üçün işləyirlər, əksəriyyəti də hər şeylə barışmış adamlardır. Kəramət isə təkcə pul üçün işləyə bilmir. O, müsahibəyə də əsər kimi baxır, köşəni də hekayə kimi yazır. Onun yazısından bir cümlə çıxarılanda gedib içib ağlayır. Sonra da öz göz yaşları ilə məzələnməyə başlayır, gülür, kədərindən köşə düzəldir.

Müdir fikirləşməlidir ki, bu yazıq uşaq pulun, qayğılarının dərdindən bu boyda yükü (22 müsahibə, 14 köşə) öz boynuna götürüb. Bilir ki, az müsahibə alsa pulu da az olacaq. Özü də vaxtilə jurnalist işləmiş bir insan anlamalıdır ki, bu əclaf, alçaq Kəramətin əlindən gələn yeganə iş müsahibə almaqdır, köşə yazmaqdır. Bütün media adamları da deyir ki, bu alçaq Kəramət müsahibə almağı da bilir, yazı yazmağı da bacarır. Müdir anlamalıdır ki, bunun maaşını olduğu kimi saxlayıb, yazılarının sayını azaltmaq lazımdır ki, bu adam moşenniklik eləməsin, hər dəfə müdirinə yalan danışmasın.

Bu ölkədə onsuz da ədalət yoxdur. Burda yalansız yaşamaq mümkün deyil. Hərə bir yalanla başını dolandırır. Bunu hamı bilir. Heç olmasa insanlar bir-birinə – müdir işçiyə, işçi müdirə və s. mərhəmətlə yanaşmalıdır. Yola verməlidir. Onsuz da az qalıb, öləcəyik. Bezdirməyin də! Yormayın də! İnfarkt eləməyin də! Belə eləyirsiniz ki adamın əli hər yerdən üzülür, gedib intihar eləyir, siz də avtobus tutub yasına gedirsiniz.

Aynur xanım gözəl insandır, bilirəm. Amma bu şeyləri niyə axıra kimi başa düşmür, onu bilmirəm. İndi gedib ayrı saytda işləyəcəm, ortada da pis bir imicim yaranacaq ki, (Onsuz da yaranıb) ordan çıxıb ora gedir, burdan çıxıb ora gedir. Yaxşı eləyib gedirəm. Niyə dözməliyəm? Nə üçün dözməliyəm? Niyə bu qədər istismar olunmalıyam? Heç kim mənim qara gözümə maaş vermir. Heç kim də mənə minnət qoya bilməz ki, sənə havayı maaş verirəm. Zülm çəkirəm. Zülm! İt zülmü çəkirəm. Anqırmaq istəyirəm.

Mənə normal şərtlərlə normal da maaşla iş vermək fikir olan Baş redaktor varsa, qonorar sistemi ilə müsahibə almağa, köşə yazmağa hazıram. Əla yox ha!!! Sadəcə, normal. Mənlə insan kimi davranın, vallah, işimə sədaqətli olacam. 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button