Kadırov səfərbərlik əleyhdarlarını “xalq düşməni” adlandırıb

Yayımlandı: 22 Sentyabr 2022 11:48

“Bu cür adamları tutmaq  və xüsusi əməliyyatın keçirildiyi yerlərə göndərmək lazımdır”

“Kavkazski uzel”in materialı

Çeçenistan rəhbəri Rusiya prezidentinin qismən səfərbərlik elan etməsini dəstəkləyib. O, səfərbərlik əleyhdarlarını “xalq düşməni” adlandırıb, bu gün Qroznıda səfərbərlik əleyhinə mitinqə çıxan qadınların ərlərini isə Ukraynaya göndərməyi təklif edib.

“Kavkazski uzel”in yazdığına görə, qadınları Qroznıda məscidin qarşısına mitinqə yığışmağa və övladlarının Ukraynaya göndərilməsinə qarşı çıxmağa çağıran ananın audioxəbəri “WhatsApp”ın çeçen istifadəçilərinin arasında yayılıb.

Vladimir Putin sentyabrın 21-də “Rusiya Federasiyasında qismən səfərbərlik elan edilməsi”ni bəyan edib. O açıqlayıb ki, qismən səfərbərlik çərçivəsində yalnız ehtiyatda olan hərbi qulluqçular çağrılacaq. Bunlar silahlı qüvvələr sıralarında xidmət keçənlər, müəyyən hərbi ixtisası və uyğun təcrübəsi olanlardır. Bölgə rəhbərlərinə ehtiyatda olan hərbi qulluqçuların ”Müdafiə Nazirliyi tərəfindən müəyyən edilən sayda və müddətdə” çağırışını təmin etmək tapşırılıb.

Ramzan Kadırov Rusiya prezidentinin elan etdiyi qismən səfərbərliyi dəstəkləyib və təsdiqləyib ki, Qroznıda səfərbərliyə qarşı mitinq keçirilib. “Respublikamızda həmçinin 15-20 qadın mitinqə  çıxıb. Onlardan üçünün övladı xüsusi hərbi əməliyyatın keçirildiyi zonadadır. Biz əvvəlcədən dedik ki, yeganə oğulu xüsusi əməliyyata götürməyəcəyik”, – Kadırov bəyan edib.

Bununla yanaşı, o, əlavə edib ki, iki qadının yeganə övladının hansı şəraitdə Ukraynaya göndərildiyini bilmir.

Kadırov həmçinin bu gün səfərbərliyə qarşı çıxan qadınların ərlərinin ünvanına hədə-qorxu yağdırıb. “Həmçinin Avropa təşkilatlarından qəpik-quruş alan daha 15-20 qadın mitinqə çıxıb”, – Kadırov deyib. Onun söylədiyinə görə, qadınlardan çoxu yaşayış şəraitindən şikayətlənib.

“Mən bu qadınlara dedim ki, əgər onları evdə saxlayacaq, onları layiqli bu günlə və gələcəklə təmin edəcək ərləri yoxdursa, onda həmin kişilər Rusiyanın  xüsusi əməliyyat keçirdiyi ərazidə olmalıdırlar”, – Çeçenistan rəhbəri qeyd edib.

O əlavə edib ki, Ukraynadakı xüsusi əməliyyat zamanı kişilər pul qazanıb ailələrini saxlaya bilərlər.

Bununla yanaşı, Kadırov deyib ki, Çeçenistandan Ukraynaya göndərilən bütün döyüşçülərin hamısı “könüllüdür”. “Bizdə elə bir hal yoxdur ki, onlar getməkdən imtina etsinlər”, – o, əlavə edib.

Kadırov həmçinin səfərbərlik əleyhdarlarının söylədiklərini şərh edib.

“Bəziləri yazır ki, qismən səfərbərliyə qarşı çıxmaq lazımdır. Rusiyanın müstəqil dövlət kimi mövcud olması üçün nə etmək lazım olduğunu Ali Baş Komandan bilir və bu şəraitdə heç kəs onun qərarlarını müzakirə etməməli, qeyd-şərtsiz yerinə yetirməlidir. Odur ki, hər kəsi bu cür cəfəng işlərdən əl çəkməyə çağırıram. Kim ki mitinqə çıxacaq, o, xalq düşmənidir. Bu cür adamları tutmaq  və xüsusi əməliyyatın keçirildiyi yerlərə göndərmək lazımdır. Daha sonra onların kimə işlədiyi və həqiqətdə nə istədiyi aydın olacaq”, – Kadırov bu gün öz “Telegram” kanalında yaydığı videoda bəyan edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button