Kamal Abdulla Dillər Universitetində terror əsdirir-ETİRAZ

Azərbaycan Dillər Universitetində elə olaylar yaşanır ki, adamın matı-qutu quruyur. İstədiyini edən rektor Kamal Abdulla bütün sərhədləri aşaraq sanki işçiləri və əməkdaşları ilə olum-ölüm müharibəsinə çıxıb. Onu məhkəməyə verən əməkdaşlarına təbiri caizsə qan qusdurur. Xural.com Kamal Abdullanın işdən çıxardığı sabiq dekan Vüsalə Ağabəylinin facebook statuslarına istinadən xəbər verir ki, Dillər Universitetində başlayan savaş bütün sərhədləri aşaraq sosial şəbəkələrə daşınıb. Vüsalə Ağabəyli dekan vəzifəsindən çıxarıldıqdan sonra Kamal Abdullanı və Dillər Universitetini məhkəməyə vermiş, lakin Kamal Abdullanın müdaxiləsi ilə uduzmuşdu. Nəsimi rayon məhkəməsini və Apellyasiya Məhkəməsini uduzan sabiq dekan Ali Məhkəməyə hazırlaşsa da, Kamal Abdulla ondan əl çəkmir. Xural.com xəbər verir ki, Vüsalə Ağabəyli son 11 saatda iki status yazıb. Onun ilki bu statusdur:

Kamal Abdulla boşaltdığı Universitet büdcəsini müəllimlərin əmək haqlarından kəsməklə doldurur

 

“Kamal Abdulla idarəetmə prinsiplərini, əsasnamələri, hüquqi normativləri və ən əsası, Əmək Məcəlləsini bilmir deyəndə bəlkə də çoxları təəccüb edirdi, boş-boşuna mücadilə etdiyimizi düşünürdü.
Budur, o, 0,5 ştat dosent olaraq davam etdiyim müəllimlik fəaliyyətimə də son qoymağa çalışır. Hansı səbəblə? Təsəvvür edin, müəllimlərin elmi və akademik fəaliyyətini, motivasiyasını məhdudlaşdırmaq məqsədilə kart sistemi yaradıb. Özü boşaltdığı universitet büdcəsini müəllimlərin halalca zəhməti, maaşından qanunsuz olaraq kəsməklə doldurmağa çalışır. Mənim isə 1 aylıq əməkhaqqımı qanunsuz olaraq tam mənimsəməklə yetinməmiş, hələ üstəlik töhmət əmri də imzalamışdır. Bu rektorun, rektora təklif verən kadrlar şöbəsinin müdirinin Əmək Məcəlləsinin 189.1 maddəsindən niyə xəbəri yoxdur ki? Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Kamal Abdulla isə həm bütöv aylıq əməkhaqqımı mənimsəyib, həm də töhmət verib. Deməli, ard-arda məhkəmə perspektivi yaratmaqda israrlıdır. Əlavə olaraq, Kamal Abdulla rektor olaraq niyə Əmək Məcəlləsinin 176.2 maddəsindən bixəbərdir ki? Hətta dövlət tərəfindən qanuni şəkildə təyin olunmuş cərimələrin ödənilməsində belə, vətəndaşların həyati ehtiyaclarını ödəmək üçün maaşlarının yalnız müəyyən faizlərinin tutulmasına icazə verilə bilər, bu baxımdan, fəlsəfə doktoru, dosent olaraq mənim maaşımın mənimsənilməsi Əmək Məcəlləsinə tam olaraq ziddir, qeyri-qanunidir və cinayətdir.

Biz nə vaxta qədər Kamal zülmünə dözməliyik?

 

Biz nə vaxta qədər Kamal zülmünə dözməliyik? Özünün qərəzli şəkildə yaratdığı bir inzibati xətaya görə həm töhmət verən, həm cinayət işləyərək tam olaraq əməkhaqqımı mənimsəyən Kamal Abdulla Əmək Məcəlləsinin maddə 9 c, ç, e, ə bənlərinə bəs niyə nəzər salmır? Niyə bilmir ki, iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;
həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;
iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;
əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək isə biz işçilərin hüquqlarıdır. 
Mən adi bir müəllim olaraq bunları oxuyub öyrənə bilirəmsə, onda o boyda nüfuzlu universitetə yiyələnən, müəllimlərin xirtdəyini üzən Kamal Abdulla da, onun təyin etdiyi adi bir ingilis dili müəllimi olub hüquqdan başıçıxmayan kadrlar şöbəsi müdiri də zəhmət çəkib oxusun bunları. Kresloya oturmaq hələ idarəetmək demək deyil!!!”

 

Kamal Abdulla: “Getsin, kim hara istəyir şikayət etsin.”

 

Bunları yazandan bir neçə saat sonra rektor Kamal Abdulladan daha bir hədə gəlir. Vüsalə Ağabəyli bu 2-ci hədə haqqında 2-ci statusunda yazır:

“Bugünki Universitet Elmi Şurasından Son Bəyanat!

Kamal Abdulla: “Getsinlər, kim hara istəyir şikayət etsin. Onsuz da, məhkəmələri mən qalib gəlirəm və gələcəm də!” (səs yazıları da var) Yəni demək istəyir ki, insan haqları yoxdur mənimçün, qarşımdakını əzib keçərəm.

Bir rektordan bu dərəcə açıq bəyanat. Məhkəmələrin show program olaraq təşkil olunduğunu, hər yerdə Kamal Abdulla sözünün keçərli olduğunu, haqsız olmasına rəğmən heç kəsdən, hətta ölkənin ən ali qanunvercilik orqanı olan məhkəmələrdən çəkinmədiyini rahat şəkildə açıq elan edir! Məhkəmələrdən öncə qalib gəldiyini bilən, məhkəmə qanunlarından arxayıncasına çəkinməyən, məhkəmələrdə əleyhimə bircə faktı belə səsləndirə bilməyən, verdiyim sualları heç cavablandırmaq iqtidarına malik olmayan Kamal Abdulla nəyə arxayındır görəsən?”

Xural.com mövzunu diqqətdə saxlamağa davam edəcək. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button