Kamal Abdulladan ağlasığmaz hədələr-MÜƏLLİMƏNİN HARAYI

Gənc Universitet müəlliməsi haray çəkdi: “İlahi bir komediya içərisindəyik!”

 

Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının müəlliməsi və dissertantı Pərvin Mürsəlova təhsil naziri Ceyhun Bayramova açıq məktubla müraciət edib. 

Xural.com demokrat.az-a istinadən xəbər verir ki, müraciətində Pərvin Mürsəlova Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladan şikayətlənib.

Xural.com həmin müraciəti olduğu kimi təqdim edir:

 

Görüntünün olası içeriği: Parvin Mursalova, selfie ve yakın çekim

Pərvin Mürsəlova

 

“Hörmətli cənab nazir!

Azərbaycan Dillər Universitetində Kamal Abdullanın təyinatından sonra baş verən hadisələr məni hədsiz dərəcədə narahat edir. Universitet Sovet dövrünün bürokratik vəziyyətini xatırladır. Universitetdə xüsusi təzyiq altında formalaşan cəhbələr, qütbləşmələr məni keçmiş tələbə, hal-hazırda müəllim və dissertant kimi mütəəssir edir və ümidsizləşdirir. Aərbaycan Dillər Universiteti beynəlxalq əhəmiyyətli strateji universitetdir. Belə bir universitetə etik dəyərlərdən uzaq olan, rus dilindən başqa heç bir dominant beynəlxalq dil bilməyən, kobud, operativ qərarlar qəbul edə bilməyən, innovasiyalardan uzaq olan, ən adi danışığı ilə belə insanlarda gərginlik, xof və əsəb yaradan bir insanın təyinatı nə qədər məqsədə uyğundur?
Universitetə gəldiyi müddətdən Kamal Abdullanın yanlış qərarları və bir müddət sonra qərarlarından bəzilərini heç nə olmamış kimi ləğvi, bəzilərinin isə daha biabırçı bir formada tətbiqi biz gənc kadrlarda yalnız və yalnız acı gülüş doğurur. İlahi bir komediya içərisindəyik. Fənn imtahanında yalnız həmin fənni bilən müəllimin nəzarətə salınması və bu nəzarətçidən tələbələrə kömək etməsinə xüsusi motivasiya edilməsi, fənn müəlliminin belə imtahan otağında otuzdurularaq tələbələrin suallarına cavab verilməsinə məcbur edilməsi müəllim şəxsiyyətinə təhqirdən başqa bir şey deyil. Hətta xarici dil imtahanında lüğətdən istifadəyə, proqramın baxılmasına icazə, proqramın 30 nəfərlik tələbələr arasında 2 saat ərzində növbəli şəkildə paylanılması, tələbələrin proqramlardan mətnləri köçürməsi Kamal Abdullanın təhsildən bixəbər olduğunu təsdiqləyən faktların olmasından başqa bir şey deyil. Şəxsən mənim imtahanda nəzarətə təyin olunanda baş verən rəzaləti görməyim müəllim qüruruma, şəxsiyyətimə çox toxunur. Müəllimlərin qorxaqcasına tələbələrin bitməyən suallarını 2 saat boyunca cavablandırması təhsil, tədris adına bir cinayətdir.

 

Related image

Kamal Abdulla

 

Dərslərin keyfiyyətinin artırılması məqsədi ilə təşkil edilmiş komissiyaya dərsləri nəzarət üçün təyin edilmiş üzdəniraq peşəkar məllimlər qrupu əslində tələbələr tərəfindən etiraz edilərək kənarlaşdırılmış, diplomunu pul ilə yazdırmış, dosent və doktor sinfidir. Özləri ingilis dili bilməyən müəllimlər, “doktorlar”, öz dərslərini ingilis dilində və ya digər xarici dillərdə apara bilməyən “peşəkarlar” digər gənc müəllimələrin və ya qocaman heyət üzvlərinin dərslərinə nəzarət edir, hətta onların dərslərini yazılı qiymətləndirirlər. Bu teatr kimə və niyə lazımdır? Azərbaycan dilini, ədəbiyyatını akademik səviyyədə bilməyən, xarici dili bilməyən, Azərbaycan bölmələrində olan uğursuzluğunu yalnız ana dilini pis bilməsi ilə şərh edən müəllimlər yalnız rektorun yaxınları və ya dostlarından birinin qızı olduğu üçün məhz Azərbaycan ədəbiyyatı fənninə metodik nəzarət üçün göndərilir. Ana dilini pis bilən müəlliməni Azərbaycan ədəbiyyatına nəzarət üçün göndərilən təhsil dekanı metodik nəzarətə “ana dilini pis bilən doktoru” təyin etməmişdən bir ay öncə iki “patok” tələbələrin fənni tədris edə bilməməsi şikayəti ilə fənnin tədrisindən uzaqlaşdırmışdı.

Əslində, hörmətli nazir, ciddi nöqsanlar, hətta deyərdim təhsil ocağında olunmaması gərəkən cinayətlər baş verir. Lakin sizdən xahiş edirəm, obyektiv araşdırılma aparılsın. Bu biabırçılıq sona yetsin. Heydər Əliyev Azərbaycan Dillər Universiteti haqqında söyləmişdir: “Azərbaycan Dillər Universiteti çox əhəmiyyətlidir, çünki Azərbaycanı beynəlxalq arenada təmsil edən mütəxəssislər yetişdirir.” Olduqca məsuliyyətli, obyektiv, uzaqgörən, müdrik deyilmiş tapşırığa əməl edək, Universitetimizi Kamal Abdulla işğalından təmizləyək. Axı ADU Slavyan Universitetinin ağ-qara nüsxəsi deyil, axı Universitetimiz Kamal Abdullann yaxınları, Slavyan Universitetindən uzaqlaşdırılmış heyət (uzaqlaşdırılma səbəbləri mənə məlum olmayan) və Kamal Abdulla dostları üçün nəzərdə tutulmayıb!  Özü heç bir dominant xarici dil bilməyən akademik, tədbirdə qonaqlara, iştirakçılara Afrika qəbiləsinin və ya hindu qəbilələrinin dillərini öyrənməyi təklif edir. Bəli, əslində Avropada son dövr stratejik siyasət kimi qiymətləndirilən nadir dillərin öyrənilməsi faktı təqdirə layiqdir. Lakin qonşuluqda olan, həyəcan təbili vəziyyətində olan, ən nəhayət, türk dili olan qırğız dili öyrənildimi? Dünyada beynəlxalq dil olan ingilis dilini tələbələrə öyrətmək missiyamızı yerinə yetirə bilirikmi? Yoxsa bu missiyanı biabırçı imtahanlar və dərsdə ingilis dilində danışa bilməyən müəllimlər vasitəsi ilə həyata keçirməyi planlaşdırırıq?

Sizdən çox xahiş edirəm, bu məsələnin həll edilməsinə kömək edəsiniz”.

 

Image result for Ceyhun Bayramov

Ceyhun Bayramov

 

Pərvin Mürsəlova iddia edir ki, Təhsil Nazirliyinə şikayətdən sonra Kamal Abdulla tərəfindən ona qarşı təzyiqlər başlayıb:

“20.12.2018-ci ildə Təhsil Nazirliyinə ünvanlanan şikayət məktubumdan sonra ADU-nun rektoru Kamal Abdulla tənqidi fikirləri dinləyib və onlara bir ziyalı və ağsaqqal müdrikliyi ilə yanaşmaq əvəzinə, bəlkə də Azərbaycan Təhsili tarixində görünməmiş qaralama kompaniyasına və repressiyaya start verib. İşçiləri və tələbələri hədələmədən, qorxutmadan  başlamış, media çıxışları zamanı yalan, böhtan və şərləmə xaratkterli ifadələrin yayılmasına qədər. Kamal Abdulla və komandasının yaratdığı psixi təzyiqlər, qərəzli münasibətlər, şər və böhtan cəhdlərini nəzərə alaraq, öz ruhi və fiziki sağlamlığımı qorumaq məqsədi ilə və eyni zamanda onların yeni, qorxunc, ağlasığmaz şər-böhtan və tələlərindən qorunmaq məqsədi ilə qərara aldım ki, aidiyyatı orqanların son qərarı elan olunana qədər könüllü şəkildə Universitetə getməkdən imtina edim”.

 

P.S. Xural.com qarşı tərəfin fikirlərini də dərc etməyə hazırdır

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button