Kamil Zeynallı Moskvada saxlanılıb

Azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı fevralın 21-də gecə saatlarında Moskvanın “Domodedovo” hava limanında saxlanılıb.

Bu barədə onun özü videomüraciət yayıb.

K.Zeynallının sözlərinə görə, polis əməkdaşları ötən ilin mayında Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onu həmin ölkəyə təhvil verə biləcəklərini deyiblər: “May ayından mən üç dəfə Rusiyaya gəlmişəm, indi saxladılar. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olarlar”.

Onun dediklərini, hələlik, Rusiyanın müvafiq hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Bununla belə, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, qeyd olunan şəxs qətldə ittiham olunaraq beynəlxalq axtarışa verilib.

Azatutyun-un məlumatına görə, K.Zeynallı 2020-ci ildə müharibə zamanı Hadrutun iki sakininin öldürülməsində ittiham olunur.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə məsələ ilə bağlı “Turan”a bunları deyiblər: “Bu məsələ səfirliyimizin nəzarətindədir. Vətəndaşa müvafiq dəstək göstərilir. Əlavə məlumat, hələlik, yoxdur”.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button