Keçmiş icra başçısı həbs edildi

Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-1993-cü illdərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib.
Sfera.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə S.Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qardaşı Taleh Rüstəmov “Amerikanın Səsi”nə bildirib ki, Saleh Rüstəmov mayın 8-də onun avtomobilində Bakıya gedərkən saat 15.20 radələrində Şəmkir rayonunda Yol Patrul Xidmətinin stasionar postunun qarşısında saxlanılıb.
“Şəmkir rayonu ərazisindəki stasionar postda çoxsaylı polis əməkdaşları avtomobilimin qarşısını kəsdi. Həyat yoldaşım və mənim avtomobildən düşməyimə imkan vermədilər. Salehi düşürdülər, telefon və sumkasını əlindən aldılar. Sonra Salehə qarşı külli miqdarda narkotik ittihamı irəli sürüb barəsində həbs qətimkan tədbiri seçiblər. Bütün hərəkətlər polis postundakı kameraların qarşısında olub. Saleh Rusiya vətəndaşıdır. O siqaret belə çəkmir. Azərbaycana ildə cəmi bir dəfə gəlir. Bu dəfə də qohumumuzun yas yerinə gəlmişdi”, o qeyd edib.
Saleh Rüstəmov 1997-ci ildə Rusiyaya köçüb, Moskva şəhərində yaşayır. O kiçik bizneslə məşğuldur.
Rəsmi qurumlardan Saleh Rüstəmovla bağlı məlumat almaq hələ mümkün olmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button