Keçmiş müstəntiq yenidən istintaqa çağırılıb

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov iyunun 16-da yenidən istintaqa dəvət edilib.

“Az öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov bu gün saat 17-00-da məni istintaqa dəvət etdi. Yeddi aydır ki, ibtidai istintaq davam edir. Əsassız surətdə ibtidai istintaqın, alternativ qətimkan tədbiri olaraq ev dustaqlığının müddəti uzadılır, hərçənd ki, faktiki olaraq heç bir istintaq hərəkəti aparılmır. Bu, məni narahat etmir, çünki ciddi və açıq addımı atmamışdan qabaq yaxın, orta və uzaq perspektivdə nələrin gözlədiyini hesablamışdım. Yeganə narahatçılığım ondan ibarətdir ki, mənə görə xəstə ailə üzvlərim, xüsusilə, 82 yaşlı sevgili nənəm repressiya maşınının təkərləri altında haldan-hala düşür. Hər şeyə rəğmən fikir və görüşlərimdə qərarlıyam!”, deyə keçmiş müstəntiq Facebook səhifəsində yazıb.

Rüfət Səfərov 2015-ci ilin sonlarında bəyanat verərək prokurorluq orqanlarından istefa verdiyini  bəyan edib. Bundan sonra Baş Prokurorluq onun barəsində xidməti yoxlama aparıb.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (rüşvət alma-təkrar törədildikdə) ilə cinayət işi başlanıb.

Bakının Binəqədi rayon Məhkəməsi 2016-cı il yanvarın 15-də Səfərov barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Yanvarın 22-də Binəqədi rayon Məhkəməsi Səfərov barəsində seçdiyi həbs qətimkan tədbirini ev dustaqlığı imkan tədbiri ilə əvəz edib.

Səfərov bundan öncə fevralın 12-də dindirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button