”Keşikçidağ”da insident yaşanıb

18.25.Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze Keşikçi Dağı Məbəd-Kompleksində baş verən insidentə aydınlıq gətirib. Müavin azərbaycanlı sərhədçilərin məbəddən ikonaları götürməsinin səbəbini açıqlayıb.

O, bildirib ki, sərhədçilər ikonaları onların zədələnməməsi üçün məbəddən götürüb:

“Gürcüstan və Azərbaycan tərəfləri arasında keçirilən görüşdən sonra məlum oldu ki, azərbaycanlı sərhədçilər məbədin divarlarındakı ikonaları onları mühafizə etmək məqsədilə götürüb. Onlar bildirdilər ki, hava şəraiti pisləşdiyindən külək və yağış ikonalara zərər vura bilərdi. Buna görə də azərbaycanlı sərhədçilər ikonaları götürərək gürcü həmkarlarına təqdim ediblər” (report.az).

***

16.43. Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanla sərhəddə baş verən insidentə sərt reaksiya verib.

XİN mətbuat xidmətinin yaydığı xəbərə görə, Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılmış və məsələ ilə bağlı müvafiq izahat istənilib.

“Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk”, – məlumatda deyilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib.

***

16.08. Dövlət Sərhəd Xidməti Gürcüstanla sərhəddə baş vermiş insidentlə əlaqədar rəsmi məlumat paylaşıb. Xidmətin saytında yerləşdirilən məlumata görə, hadisə iyulun 14-ü, saat 15:50 radələrində baş verib.

“DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib. Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib”, – xəbər deyilir.

DSX bildirib ki, Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş verən hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib.

***

Gürcüstan tərəfdən fəallar Azərbaycan sərhədçilərinin silahlarını alıblar

Gürcüstan-Azərbaycan sərhədinin Keçikçi Dağı Məbəd-Kompleksində insident yaşanıb. Milliyyətcə gürcü olan şəxslər Azərbaycan sərhədçiləri ilə qarşıdurmaya gediblər və silahlarını alıblar.

Bu barədə videogörüntülər Gürcüstan mediasında yayılıb. Xəbərdə iddia olunur ki, Azərbaycan sərhədçiləri məbəddən ikonaları götürmələri yerli sakinlərin qəzəbinə səbəb olub. Videodan görünür ki, Azərbaycan sərhədçiləri narazılıq edən şəxslərə qarşı səbrlə dolanıb, hadisəyə reaksiya vermirlər. Bundan başqa videodan görünür ki, etirazçılar arasında silahlı gürcü sərhədçi də gəzişir və olaya müdaxilə etmir.

Exo Kafkaza” saytı Gürcüstan mətbuatına istinadən xəbər verib ki, Azərbaycan sərhədçiləri bir neçə gün öncə məbəddən ikonaları çıxarıb gürcü ruhanilərinə veriblər və bunu onunla izah ediblər ki, məbəd Azərbaycan ərazisində yerləşir.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) olayla bağlı ölkə ictimaiyyətinə müraciət edərək, vətəndaşları Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.

Müraciətdə qeyd olunub ki, sərhəddə baş verən kiçik insidentlə bağlı araşdırma aparılır:

“Biz cəmiyyəti və vətəndaş qruplarını razılığın mümkün qədər tez əldə olunması üçün delimitasiya üzrə komissiyanın işinin sakit mühitdə keçirilməsinə imkan verməyə çağırırıq”.

Azərbaycan-Gürcüstan sərhədində yerləşən David Qareca məbəd kompleksi mübahisəli ərazi sayılır və hər iki ölkə müstəqillik qazanandan sonra Azərbaycan və Gürcüstan arasında bir-neçə dəfə qalmaqala səbəb olub. Son qalmaqal 2019-cu ilin mayında Gürcüstan prezidenti Salome Zurabaşvilinin Azərbaycan-Gürcüstan sərhədindəki mübahisəli əraziyə getməsindən sonra yaşanmışdı. Bundan sonra Azərbaycanın sərhəd qoşunları məbədin Azərbaycana düşdüyü iddia edilən ərazini gürcülərin girişi üçün bağlamışdı.Gürcülərin David Qareca, azərbaycanlıların Keşikçidağ adlandırdığı məbəd kompleksi gürcülər üçün müqəddəs sayılır. Məbədin bir hissəsinə girişin Pasxa bayramı ərəfəsində bağlanılması Gürcüstan tərəfinin etirazına səbəb olmuşdu.

May ayında gərginlik ikitərəfli komissiyanın işinin başlaması ilə sakitləşmişdi.

Prezident İlham Əliyev 2007-ci ilin 19 dekabrında Azərbaycanın Ağstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu elan edilməsi barədə sərəncam imzalayıb. Qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəklik “İlham Əliyev zirvəsi” adlandırılıb.

Baş verən olaya sosial şəbəkələrdə kəskin reaksiya verilib və müxtəlif şərhlər yazılıb.

Siyasi icmalçı Şahin Cəfərli “Facebook” sosial şəbəkəsindəki profilində “bu, yolverilməz haldır və bir daha təkrarlanmamalıdır” yazıb.

Ancaq Şahin Cəfərli Azərbaycan sərhədçilərinin səbrli davranışını düzgün hesab edib:

“Çünki bu, Gürcüstan və Azərbaycanı qarşı-qarşıya gətirmək istəyən məlum çevrələrin provokasiyası da ola bilər. Çıxış yolu budur ki, Azərbaycan həmin ərazini müvəqqəti olaraq ziyarətçilərə bağlayıb, Gürcüstan hökuməti ilə bu məsələni ciddi müzakirə etməlidir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button