Kiçik və orta sahibkarlığın inkişafı üçün əlavə stimul

Yeni yaradılan Kredit Zəmanət Fondu sahibkarlara nə verəcək?

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin fərmanları ilə sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və hesablanmış faizlərə görə subsidiya verilməsi qaydaları təsdiq edilib.

Qaydalara görə, borcalan tərəfindən kredit sifarişi ilə müvəkkil banka müraciət olunduqdan sonra bank münasib hesab etdikdə zəmanət üçün Kredit Zəmanət Fonduna müraciət edir. Zəmanət almaq üçün Kredit Zəmanət Fondu və müvəkkil banklar arasında çərçivə müqaviləsi bağlanılır. Zəmanət yalnız Azərbaycanın qeyri-neft sektorunda olan sahibkarların öhdəlikləri üzrə verilir. Bundan əlavə, zəmanət almaq üçün kreditin məbləği 30 000 (otuz min) manatdan az; kreditin müddəti 7 (yeddi) ildən çox; kredit xəttinin müddəti 12 (on iki) aydan artıq; kredit üzrə güzəşt müddəti 2 (iki) ildən artıq, dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 (iki) ildən artıq, bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalıdır.

Qaydalara əsasən Kredit Zəmanət Fondu sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə də subsidiya da verəcək. Subsidiyasının verilməsi üçün müvəkkil bankın müraciəti Kredit Zəmanət Fonduna zəmanət alınması ilə bağlı tələb olunan sənədlərlə eyni vaxtda təqdim edilir. Sözügedən faiz subsidiyası illik faiz dərəcəsi 20 faizdən çox olmayan kreditlər üçün verilir və faiz subsidiyası kreditin faiz dərəcəsinin azı 6 faiz bəndini borcalanın ödəməsi şərtilə müddəti 3 il və ondan az olan kreditlər üçün – illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında; müddəti 3 ildən artıq olan kreditlər üçün – illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında.

Qaydaları şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı bildirib ki, subsidiya dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:“Prezident İlham Əliyev tərəfindən Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi, əks-dollarlaşmanın stimullaşdırılması və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinə nail olmaq üçün mühüm bir addımdır. Bu maliyyə inklüzivliyinin artırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına da əlavə dəstək verəcək.”

Image result for İqtisadçı-ekspert Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, belə bir qurumun təşkil olunmasına çoxdan ehtiyac vardı: “Çünki bu, sahibkarlığın aşağı təbəqəsinin inkişafı üçün tələb olunan şərtlərdən biri sayılırdı. Fondun yaradılmasına dair fərmanda da qeyd edilir ki, Fond sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat və ölkə Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxs sayılır. Fondun fəaliyyətinin təmin edilməsi haqda Prezidentin bu günlərdə, yəni 29 noyabr 2017-ci il tarixdə imzaladığı Fərmanla isə sözügedən qurumun Nizamnaməsi ilə strukturu və sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat, həmçinin kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydaları təsdiq edilmişdir. Qeyd oluna bilər ki, ölkədə Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vardı və bu mövcud olduğu halda belə bir qurumun yaradılmasına ehtiyac nədən irəli gəlirdi. Məsələ ondadır ki, SKMF-in neçə illərdir fəaliyyəti deməyə əsas verir ki, ölkədə kiçik və orta sahibkarların mövcud maliyyə resurslarına çıxışı heç də qənaətbəxş deyil və bunu sözügedən kateqoriya üzrə sahibkarlığın ümumi inkişaf səviyyəsi də aşkar şəkildə sübut etməkdədir. Bu da ondan irəli gəlir ki, kiçik və orta sahibkarların kreditləşdirilməsi sahəsində müvafiq təminat, zəmanət olmadığından risk həddi yüksək səviyyədədir. Bunu kim təmin etməli idi? Təbii ki, dövlət… Məhz dövlət kiçik və orta sahibkarlığın inkişafı qayğısına qalmalı olduğundan, sərbəst maliyyə vəsaitlərinə çıxışın asanlaşdırılması vəzifəsini də həll etməyə məhkum sayılırdı. Nizamnamədə qeyd olunduğu kimi qurumun bütün səhmlərinin ilkin mərhələdə dövlətə məxsus olacağı faktı da bundan irəli gəlir”.

Fondun təsdiq olunmuş sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat, həmçinin kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydalarına gəlincə, ekspertin sözlərinə görə, bəzi detallar nisbətən ağır görünə, və ya mükəmməl görünməyə bilər: “Ancaq biz iqtisadiyyatın real vəziyyətini, mövcud maliyyə və biznes şəraitini, o cümlədən bank sistemi və digər əlaqəli sektorlarda durumu da nəzərə almalıyıq. Və bu nöqteyi-nəzərdən, təsbiq olunmuş qayda və şərtləri hələlik məqsədəuyğun hesab edə bilərik”.(musavatcom)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button