“Kimdir günahkar” kampaniyası başa çatdı-12 AÇIQCA

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) 2017-ci ildə apardığı “Kimdir günahkar” kampaniyası başa çatıb. Bu haqda Cəmiyyətin sədri Şəhla İsmayıl özünün facebook səhifəsində məlumat verib. Kampaniyanın məqsədi zorakılığa məruz qalan qadınların bu zorakılıqdakı günahkarlarını mühakimə etmək və bu etinasızlığın qarşısını almaq olub. Bu kampaniya ilə bütün dünyada ən aktual problemlərdən biri olan qadına qarşı zorakılığın gözə görünən və görünməyən mümkün səbəblərini qələmə alınıb. Kampaniya müddətində hazırlanan 12 açıqca qadın zorakılığında günahkar sayıla biləcək ən kiçik fiqurdan başlayaraq diqqəti artırmağa hədəflənib və beş yüz (500) nəfər aparıcı sima bu kampaniyanı kütləviləşdirmək üçün həfəf götürülüb. Xural.com Şəhla İsmayılın kampaniya haqqında yazdığı yazını təqdim edir:

“Hörmətli Dostlar və Həmkarlar!

Məmnuniyyətlə bildirmək istəyirəm ki, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) 2017-ci ildə apardığı “Kimdir günahkar” (#kimdirgunahkar) adlı kampaniyası başa çatdı. Kampaniyanın məqsədi zorakılığa məruz qalmış qadınların bu zorakılıqdakı günahkarlarını sorğulamaqla bərabər, zorakılığın adiləşdirildiyi, bəsitləşdirildiyi bu günlərdə, əlimizdən gəldiyi qədər bu etinasızlığın qarşısına keçmək idi. Biz bu kampaniya ilə bütün dünyada ən aktual problemlərdən biri olan qadına qarşı zorakılığın gözə görünən və görünməyən mümkün səbəblərini qələmə aldıq. Kampaniya müddətində hazırlanan 12 açıqca qadın zorakılığında günahkar sayıla biləcək ən kiçik fiqurdan başlayaraq diqqəti artırmağa hədəfləndi. Bu açıqcalardakı günahlandırılan subyektlər şəxsə yönəlik olmayıb, ümumi ünvanlı olaraq hazırlanmışdır; ona görə hər bir insanın özünü ən azı bir situasiyada görməklə vəziyyəti dəyişmək üçün bir addım atmağa çalışacağına inanırdıq. Açıqcaların 12 sayda olması isə ilin 12 ayında zorakılığa məruz qalan qadınlara, 12 dəfə də olsa diqqət çəkmək idi. Eyni zamanda, “Kimdir günahkar” (#kimdirgunahkar) adlı sosial çarx, təqvim və plannerləri də kampaniya çərçivəsində ərsəyə gətirdik.

Beləliklə, ölkənin qanunverici və icraedici qurumlarını, yerli və beynəlxalq təşkilatları, səfirlikləri, kütləvi informasiya vasitələrini və elm ocaqlarını təmsil edən beş yüz (500) nəfər aparıcı sima bu kampaniya zamanı səsimizə səs vermək üçün, gücümüzə güc qatmaq üçün hədəfə alındılar. Səbriniz, yanaşmanız, bizimlə birgə mübarizə apardığınız üçün səmimi təşəkkürlərimizi qəbul edin. Bizi dinlədiyiniz üçün sizə minnətdarıq!

Kampaniyamıza reaksiyalar da çox müxtəlif oldu. Kimilərinizdən “Sizinləyik!”, “Mübarizənizdə yanınızdayıq!” mesajları ilə təqdir və təşəkkür aldıq. Kimilərinizdən isə məktubların “çoxluğu” və “eyniliyi” haqqında etirazlar, hətta imtinalar ilə üz-üzə gəldik. Açıqcalarımızı zibilə tullayan və cırıb atan da oldu, çünki biz kimlərisə “narahat” etdik. Buna rəğmən, biz bütün tərəflərin bu cəmiyyətin bir parçası olduğunu qəbul edərək, ölkədə bu dəyişiklikləri yalnız BİRLİKDƏ edəcəyimizə inanırıq. Odur ki, məsələnin həllində məhz SİZİN vətəndaş məsuliyyətinizə, ziyalı mövqeyinizə, həssaslığınıza güvənərək qadınlarımızın SƏSİ olacağınıza inanırıq. Dəstəyiniz və əməkdaşlığınız üçün minnətdarlığımızı bildiririk. Ümid edirik ki, bərabər səylərimiz ölkəmizdə qadına qarşı zorakılıq hallarının azaldılmasına töhfə verəcək.

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) 2002-ci ildə qadınların imkanlarını gücləndirmək və bərabər iştirakını təmin etmək vasitəsilə Azərbaycanın inkişafına öz töhfəsini vermək məqsədilə birləşən bir qrup fəal qadınlar tərəfindən yaradılmışdır. Qeyri-hökumət, qeyri-siyasi və qeyri-kommersiya qadın təşkilatı olan RİQC 2005-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. “Kimdir günahkar” kampaniyası (#kimdirgunahkar) 2017-ci ildə təşkilatımızın 15 illik fəaliyyətinə həsr olunmuşdur. İstifadə olunan fotolar RİQC-in sifarişi ilə #kimdirgunahkar silsiləsi üçün rəssam Nərminə Vəliyevanın çəkdiyi bodi-art (bədən üzərində incəsənət) əsərlərini əks etdirirdi.

Bu Kampaniyanın ərsəyə gəlməsində mühüm töhfələri olan Aynur İmranNarmina Valiyeva və Elnur Əliyev Aliyev, həmçinin komandamızın üzvləri Leyla IskandarovaKaklik KarimliNika AhmadovaRigina BakhshaliyevaSariyya MalikovaEmin Vali və Mabilə Mürsəlovaya təşəkkürümü bildirirəm. Var olun!”

 

12 AÇIQCA

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button