Kimdir rüşvətxor: Gülər Əhmədova, yoxsa Əvəz Zeynallı?

Anar Mahmudoğlu

Dünən “Xural”ın gündəlik nəşrə başlamasının bir ili tamam oldu. Qismətmiş: gündəlik “Xural”ın doğum gününə ha cəhd etsəm də, bir xatırlatma yaza bilmədim – səhhətim imkan vermədi…
Bir il bundan əvvəl “Xural” gündəlik nəşrə başlayanda Əvəz Zeynallının yardım təklifini böyük məmnuniyyətlə qəbul etdim. Ən azı ona görə ki, redaktor qəti qərar vermişdi: gündəlik “Xural” demokratik, azad, müstəqil mediaya rəqib yox, qardaş olaraq gəlir!
Sözü qoruyan, azadlığın keşiyində duran, müstəqil, hürr, demokratik mətbuat 19 ildən artıqdır ki, hakimiyyətin artilleriyasının hədəfinə çevrilib: ağır çaplı silahların qarşısına Quran ayələri yazılmış vərəqlərlə çıxan “ordu” misalı 19 ildir hakimiyyətin raket zərbələrinə sözü qalxan edənlər nə qədər tab gətirə bilərlər ki?! Ölənlərimiz, yaralananlarımız göz önündədir, “ərazi bütövlüyümüzə” qəsd edən işğalçı Azərbaycan hakimiyyətinin azad sözə qarşı “etnik təmizləmə siyasəti” nəticəsində məcburi köçkünə çevrilib Avropaya sığınanlarımız, əsir düşənlərimiz, girov götürülənlərimiz isə saysız-hesabsızdır. Belə vəziyyətdə IKI, hətta bəzən BIR deyə “sıralanan” azad mətbuata “Xural” nə deyib, rəqib gələcəkdi?
Üzərimizə düşəni etdik, gündəlik “Xural”ın 31 sayı işıq üzü gördü və bu müddətdə məsuliyyət daşıyan şəxslərin üzü ağdır: həftədə 7 dəfə dərc olunan “Xural” azad sözə xəyanət etmədi!
Həmişə zarafatla (sözün düzünü zarafatda deyirlər) “ipinin üstünə odun yığılmayan adam” adlandırdığım Əvəz Zeynallı bəzilərinin yuxusuna belə girməyən təkliflərdən ləyaqətlə imtina etməyi bacardı, çünki “ipinin üstünə odun yığmağın mümkün olmadığını” özü hamıdan yaxşı bilirdi… Əvəz bir ruh adamıdır, belələri isə ürəyinin hökmü, hissinin diqtəsi ilə hərəkət edir, ədalətsizlikləri, haqsızlıqları görməmək üçün heç bir sədd tanımırlar.
Arxasında heç bir siyasi qüvvənin, dayağın, köməyin dayanmadığı azad sözün səngərinə yatan “qardaşı” sıradan çıxarmaq üçün Azərbaycan hakimiyyəti dərhal hərəkətə keçdi: əvvəlcə Mətbuat Şurasının “qara siyahısı” açıqlandı, “Xural” reket elan edildi, sonra həftəlik “Xural”ın köhnə məhkəmə cərimələri icraya yönəldildi. Başda Ramiz Mehdiyev olmaqla, məmurlar dəstəsi azad sözün yeni ocağını söndürməyə girişdi: “Xural”ın əmlakı əlindən alındı, illərdir oturduğu ofisdən çıxarıldı.
Prezident Administrasiyasının rəhbəri, ölkənin de-fakto ikinci adamı və ideoloqu, əlində bütün inzibati resursları cəmləmiş R.Mehdiyev şanlı qələbə çaldı: “Xural” qəzeti tərki-silah edildi, məkanı işğal olundu!
Bundan sonra isə sözə baxmayan, təklifdən imtina edən “ağılsızın” dərsi verilməliydi…
Hakimiyyəti qınamıram, doğrusu: Ilham Əliyev iqtidarı insanları satın almağa, sındırmağa, əyməyə vərdiş eləyib, ona bu şansı zaman-zaman azad söz adamları özləri tanıyıblar. Ilham Əliyev komandası mənəvi və ideoloji satınalmaların mümkünlüyünü Azərbaycan cəmiyyətində müşahidə edib və bu bazarda özünü təklif edənlərin yoxluğundan deyil, həmişə çoxluğundan şikayətlənib. Ona görə də özünü satışa çıxarmayan birini görəndə təəccüblənir və ona qarşı çox sərt reaksiya göstərir…
Sərt reaksiyaya tuş gələnləri tanıyırsınız, saymağa ehtiyac yoxdur.
Əvəz Zeynallı da bu siyahıya düşdü və Milli Məclisin xanım deputatı Gülər Əhmədovadan istifadə edildi. G.Əhmədovanın rüşvət ittihamı və Korrupsiyaya qarşı Mübarizə Idarəsinə müraciəti “fakt kimi” götürüldü, Ə.Zeynallı həbs olundu.
Gülər Əhmədovanın ərizəsinə “Əvəzin səs yazısı” əlavə edilibmiş. Hanı o səs yazısı? Əvəzin həbsindən artıq 11 aya yaxın bir müddət keçib. Niyə o səs yazısı açıqlanmadı? Axı, “istintaq sirri” adlı andır arxada qalıb, artıq məhkəmə prosesi gedir və hətta vəkillər belə, Gülər xanımın təqdim etdiyi “səs yazısında” Əvəz Zeynallının rüşvət tələbini eşidə bilmirlər.
Amma əvəzində Gülər Əhmədovanın 2005-ci ildə keçmiş ABU-nun keçmiş rektoru Elşad Abdullayevdən rüşvət alması gündəmə gəldi – həm də “Xural”ın gündəlik çapının ildönümündə.
Heç nə təsadüf deyil bu həyatda: dünən ona görə yaza bilmədim ki, E.Abdullayevin Gülər Əhmədovaya qarşı ittihamı ilə tanış olmalıyammış; G.Əhmədova Əvəz Zeynallıya qarşı “audio” şantajından istifadə etdisə, özünə qarşı suçlamada “video” da görməliymiş; “10 min manat” rüşvət ittihamı ilə hücuma keçən xanım deputat “2 milyon”la üz-üzə qalmalıymış…
Həyat düşündüyümüzdən daha mürəkkəbdir: Söz – Allahındır, Sözü alver predmetinə çevirənlərin də, Sözə qarşı cəbhə açanların da məğlub olması qaçılmazdır…
Və Əvəzin həbsi çoxlarının düşündüyü kimi son deyil, başlanğıcdır!

“Azadlıq” qəzeti

21.09.2012

Əlaqəli məqalələr

3 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button