“Kiminsə qucağına girmək lazım deyil” – İlyas İsmayılov

“Azərbaycanla Rusiyanın arasında gərginliyin olması fikri ilə razı deyiləm. Yalandan mülahizələr irəli sürürlər ki, guya münasibətlərdə problem var. Ancaq həm prezidentlərin, həm ölkələrin əlaqələrində bir gərginlik görmürəm”.
Xural.com xəbər verir ki, bu sözləri BakuPost.az-a Ədalət Partiyasının sədri, sabiq deputat İlyas İsmayılov Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı sualımızı cavablandırarkən belə deyib.
İ.İsmayılov hesab edir ki, ÜAK-ın qeydiyyatının ləğvi Rusiya ilə həmin təşkilatın arasında problem ola bilər: “Əvvəla, araşdırmaq lazımdır ki, bu təşkilatın qeydiyyatının ləğvi kimə sərfəlidir və Rusiya tərəfindən hansı tələblər qoyulub.
Hərənin ağzından bir fikir çıxır və elə bir fikir yaradırlar ki, guya Rusiya ilə münasibətlərdə gərginlik var. Əgər Rusiya ilə Azərbaycanın münasibətləri pis olsa, onda ölkənin aqibəti Gürcüstan kimi olar”.
Partiya sədri hesab edir  ki, rəsmi Bakının Rusiya və ABŞ arasında seçim etmək kimi bir öhdəliyi yoxdur: “Rusiya əbədi qonşudur və münasibətləri yüksək səviyyədə saxlamaq lazımdır. Amerika ilə də neft-qaz, enerji siyasətində əməkdaşlığı davam etdirməliyik. Daha kiminsə qucağına getmək lazım deyil”.
Qeyd edək ki, ÜAK-ın ləğvindən sonra parlament və hökumət rəsmiləri səviyyəsində reaksiyalar olub. Bu təşkilatın ləğvində Rusiyada ermənipərəst dairələrin əli olduğu bəyan edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button