“Kimsən, kimsənən də yox, həyat nə biçim, çocuq…”-ŞEİR

Səadət Cahangir

 

Soyuqdu, üşütmüsən,
pərdəni çəkim, çocuq,
qapıda köpək hürdü,
görüm gələn kim, çocuq…

 

qar tökür, bir bəndə yox,
baxıram, gələn də yox,
kimsən, kimsənən də yox,
həyat nə biçim, çocuq…

 

yalqız bu ev, isinməz,
qucaqla sev, isinməz,
durar bikef, isinməz,
qar yağar için, çocuq…

 

nə həyatdı çəkilməz,
adam dönər dəliyə,
indi uzat əlini,
yaxın gəl, pəncərəyə
sən bir günəş rəsmi çək,
mən çiçək əkim, çocuq…

 

***

 

Körpələri qurbanlıq dünyanın,
dünyalığı batsın,
çarxı sınsın,

körpələri udan dənizlərin
boğazı qurusun,
körpüləri yansın,

körpələrə qatil böyüklərin
adamlığı gözünə dursun,
cəllad bütlərinin üzünü
mürdəşir yusun,

sən ey ar damarı
çatlamış dünya,
İsrafilin suruna qamış dünya,
özünü nə bazara qoymusan,
son ver artıq,
tərəzini gör bir hara qoymusan?

beləmi çəkirsən
o qırılmış tərəzində yaxşını, pisi?
bu günahla son keçiddə
üstündən buraxma bizi,
sən ey Sırat körpüsü…

 

Xural.com

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button