Kişi ölməyib, amma “yasından” donos verirlər

Anar Mahmudoğlu

Dünənki mətbuat konfransında vəkillər dedi ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının istintaqına iqtidar ənənəvi silahını – “vergi yoxlamasını” da əlavə edib. Qəzet yox, ofis dağıdılıb, bütün sənədlər Korrupsiyaya qarşı Mübarizə Idarəsində. Vergi nəyi və necə yoxlamalıdır?!
Vəziyyətdən çıxmaq üçün “Xural” qəzetinin 4 illik satış sənədləri “Qasid” firmasından əldə edilib. Nəticədə Əvəz Zeynallı və “Xural” qəzeti 11 min manatdan artıq cərimələnib.


Ilk baxışda normal bir haldır: vergi müfəttişi istintaqın tapşırığı ilə səyyar (növbədənkənar) yoxlama keçirirsə, sənədləri hardansa əldə etməlidir. Elə deyilmi?
Amma dəhşət ondadır ki, dünən biz “Qasid” firmasına getdik və vergi müfəttişinin göstərişilə hazırlanan sənədləri istintaqın götürmədiyinin şahidi olduq. Yəni, Vergilər Nazirliyi hazırlatdığı, amma hələ götürmədiyi və tanış olmadığı sənədlər “əsasında” artıq yoxlamanı keçirib, hətta cərimə cəzasını da müəyyənləşdirib. Belə absurd yoxlama, belə cəfəng istintaq, belə allahsız sistemmi olar? Heç olmasa, bu sənədləri götür ki, gözə kül üfürməyə əlində dəlil olsun da!
Sifarişdən o qədər həyəcanlanıblar, cinayətlərinin cəzasız qalacağına o qədər əmindirlər ki, sənəd toplamağa belə, ehtiyac görmürlər, birbaşa, öz keflərindən qərar verirlər.
Bu barədə tanınmış vəkil Mənsum Bayramovla söhbətləşəndə dostumuz qətiyyən təəccüblənmədən başqa bir hadisəni danışdı və doğrusu, bunun qarşılığında Əvəz Zeynallının “istintaqına” şükr etməyə məcbur oldum.

Deməli, Iranın Azərbaycandakı casus şəbəkəsini aşkara çıxarmaq uğrunda cihada qalxan və nədənsə, son aylar çox aktivləşən hakimiyyətin “dindar soyqırımına” Masallıdan Hacı Fəramiz Abbasov da tuş gəlib. Onun üzünə duranlardan biri Əlihüseyn Kərimovdur. Yeri gəlmişkən, bu, o adamdır ki, Fəramiz Abbasovun oğlunun həbsində də “zərərçəkmiş” qismində şahidlik edir.

Həmin Əlihüseyn Kərimov istintaqa verdiyi şahid ifadəsində bildirib ki, Masallıda, Tağılı tayfasından Hacı Tahirin yas mərasimində məclis iştirakçılarına çay verməklə məşğul imiş. Elə bu dəm, yəni, çay paylayarkən Hacı Fəramizin Iranı dəstəklədiyi, molla rejimini təbliğ etdiyi və Azərbaycan dövlətçiliyinin əleyhinə ağır ifadələr işlətdiyini eşidib. Adamı dediyi sözə və düşüncəsinə görə həbsə atmaq siyasi-ictimai repressiyanın patologiyasından xəbər verir. Amma faciə bu deyil, çünki artıq iqtidarın bu repressiyalarına öyrəşmişik. Məsələ ondadır ki, Tağılı tayfasından olan Hacı Tahir hələ ölməyib, diridir, sağdır, yaşayır, həyatdadır… Hacı Tahir ölməyibsə, deməli, yas mərasimi də olmayıb. Bəs, Əlihüseyn Kərimov kimin yasında çay paylayırmış, onun eşitdiyi “Iran təbliğatını” kim aparırmış? Izahatdakı bu biabırçılığı müstəntiqlər ölüblərmi ki, görmürlər?

Vəkillərin Hacı Tahirin ölmədiyi və olmayan yas mərasimində Iranın necə təbliğ olunması, Azərbaycan dövlətçiliyinin köklərinə hansı ağır baltanın vurulması barədə sorğusuna da müstəntiqlər cavab vermirlər. Təsəvvür edirsinizmi?

Hardan edəsiniz! Bu boyda allahsızcasına üzədurmanı, şərləməni, əldəqayırma ittihamı təsəvvür etməkmi olar?

“Çirkli zəngin”

Apardığı “uğurlu” daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq, Ilham Əliyev ABŞ-ın CNBC kanalının “Çirkli zəngin” proqramına da “qonaq” oldu. Artıq ölkədəki korrupsiyalaşmış və rüşvətə bulaşmış bu rejim haqqında beynəlxalq ictimaiyyətin qənaəti formalaşır; artıq Əliyevlər ailəsinin xarici ölkələrdə milyonlarla dəyəri olan mülkləri diqqət mərkəzinə gətirilir…
CNBC-yə AzTV-nin imkanları hesabına cavab verəcək səviyyədə düşüncə sahibləri olduqlarını istisna etmirəm – zatən, bunlar “The Washington Post”u “Azərbaycan” qəzetilə susdurduqları gümanındadırlar.
Mənimçün maraqlı olansa başqa məsələdir. Anladılarmı ki, bütün dünyanı və təmiz adı pulla satın almaq qeyri-mümkündür? “Çirkli zəngin” adını böyük bir nəslə miras qoymağın ağır məsuliyyətini hiss etdilərmi?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button