Kiyevin iddiası: Rusiya ordusu Ukraynanın şərqində 'Starlink'dən istifadə edir

Ukraynanın müdafiə rəsmiləri iddia edirlər ki, ölkənin şərqini tutmuş Rusiya qüvvələri İlon Maskın (Elon Musk) “Starlink” internet xidməti şirkətinin terminallarından istifadə edir.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) fevralın 11-də Telegram-da iki Rusiya hərbçisinin söhbəti olduğunu iddia etdiyi səs yazısını yayıb, bunu “sistematik” istifadənin sübutu adlandırıb.

“Starlink” terminallarını işlədən “SpaceX” fevralın 8-də X platformasında bildirib ki, Rusiya hökuməti, yaxud ordusu ilə hər hansı əlaqəsi yoxdur, onun xidməti Rusiyada aktiv deyil.

QUR isə bildirir ki, Telegram-da yerləşdirilən səs yazısında Rusiyanın 83-cü hava hücumu briqadası Ukraynanın şərqində terminal quraşdırmağı müzakirə edir.

Ancaq iddia olunan istifadənin, terminalların necə əldə olunmasının detalları açıqlanmayıb. Sözçü Andrey Yusov fevralın 10-da Ukrayna mediasına deyib ki, məsələ sistematik xarakter almağa başlayır.

“Starlink” iki mindən çox peykdən ibarət şəbəkədir, yerdə minlərlə terminalla əlaqədədir. 2022-ci il fevralın sonunda Rusiya Ukraynaya qarşı irimiqyaslı işğala başlayanda internet xidmətində problem yaranıb və ölkədə bu xidmət aktivləşdirilib.

“Starlink”in Ukraynada olması təkcə cəbhə xəttində deyil, Rusiyanın hədəfə aldığı enerji və kommunikasiya infrastrukturunun bərpasında da əvəzolunmazdır.

Mask ötən il deyib ki, 2022-ci ildə Rusiyanın donanma bazasına Ukraynanın hücumunun qarşısını alıb, belə ki, Moskvanın ilhaq etdiyi Krım yaxınlığında internetin aktivləşdirilməsi ilə bağlı Kiyevin xahişini rədd edib.

2023-cü ilin sentyabrında verilmiş bu açıqlamanı Ukrayna prezidenti Volodimir Zelenskinin aparıcı müşaviri Mixaylo Podolyakın kəskin qınağına səbəb olmuşdu, bu addımı “nadanlıq və böyük eqo kokteylinin bədəli” adlandırmışdı.

Ötən ilin sonunda Ukrayna Rusiyanın Sevastopolda yerləşən Qara dəniz donanmasına qarşı dramatik plan hazırlamışdı.

Mask isə sentyabrda X-də yazırdı ki, hökumət Sevastopolda “Starlink”i işə salmağı xahiş edib: “Aşkar niyyət Rusiyanın lövbər salmış donanmasının böyük hissəsini batırmaqdan ibarət idi”.

“Bu xahişə razılıq versəydim, “SpaceX” böyük bir müharibəyə, konfliktin eskalasiyasına qol qoymuş olacaqdı”, – Mask onda deyirdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button