Köklü islahatlarla dəyişikliklərə doğru!

LAYİHƏ

Biz, bu sənədi imzalayan siyasi partiyalar (bundan sonra siyasi partiyalar) Azərbaycanda inkişaf etmiş demokratik siyasi sistemin, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşması, azərbaycan xalqının ən müasir mədəniyyətlər səviyyəsinə qalxması, ölkəmizin beynəlxalq aləmdə rəğbət qazanmış dövlətə çevrilməsi, milli təhlükəsiszliyimiz üçün xarici və daxili təhdidlərin zərərsizləşdirilməsi, o cümlədən Emənistanın silahlı təcavüzü nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz köklü sosial- iqtisadi – siyasi islahatların aparılmasını vacib sayıraq bütün mütərəqqi qüvvələri bu islahatların qəbul edilməsi və reallaşması yolu ilə dəyişikliklər uğrunda ciddi səylər göstərməyə çağırırıq.

Hesab edirik ki, cəmiyyətdə siyasi konfrontasiya münasibətlərindən imtina edilməli, ölkədə islahatlar naminə milli birlik mühiti yaradılmalıdır. Bu məqsədlə:
– Demokratik islahatlar kursunu dəstəkləmək və islahatlara ictimai etimad yaratmaq məqsədi ilə rəsmi KİV-lərdə və ilk növbədə televiziya kanallarında geniş, şəffaf diskussiyaların başladıllması, cəmiyyətin bütün təbəqələrinin informasiya yaymaq və almaq hüququnun bərabərlik prinsipi əsas götürülməklə təmin edilməsi, müxalifətin televiziya efir məkanına normal çıxışını təmin etmək üçün xüsusi televiziyanın yaradılması və ya İctimai Televiziyadan bu məqsədlə istifadə edilməsi;.

– “Sərbəst toplaşma azadlığı haqqında” qanunda kütləvi aksiyaların keçirilməsi məhdudlaşdırılan və xüsusi olaraq göstərilən yerlər istisna olmaqla digər yerlərdə kütləvi aksiyaların yalnız xəbərdar edilmə prinsipi ilə həyata keçirilməsi praktikasının tətbiqi;

– QHT- lərin qeydiyyat məsələləri sadələşdirilməsi və onlara geniş fəaliyyət azadlığı verilməsi;
– Qanunvericilikdə siyasi partiyaların normal fəaliyyətini təmin edilməsi üçün dövlətin üzərinə qoyulan əzifələrin yerinə yetirilməsi istiqamətində əməli addımlar atılması, o cümlədən,siyasi partiyaların mərkəzi və yerli orqanları üçün ofislərin ayrılması məsələsinin həll edilməsi, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi probleminin təkmilləşdirilməsi və bu sahədə ədalətliliyin təmin edilməsi, Milli Məclisin sədr müavinlərindən biri və komitələrin beşdə birinin sədrlərinin parlamentdə təmsil olunan müxalifət partiyalarının təmsilçilərindən seçilməsi,Milli Məclisin Əsasnaməsində millət vəkillərinin fraksiya yaratması üçün tələb olunan 25 nəfər həddinin 9 nəfərə endirilməsi, Siyasi partiyaların qeydiyyatının sadələşdirilməsi və bu sahədə mövcud süründürməçilik faktlarının aradan qaldırılması;

-İnsanların mülkiyyət hüququnun qorunmasının dövlət tərəfindən birmənalı təmin edilməsi;

– tanınmış milli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan və siyasi məhbus sayılan şəxslərin azad edilməsi, onların mülki və siyasi hüquqlarının bərpa edilməsi; siyasi səbəblərə görə mühacirətdə olduqlarını bəyan edən şəxslərin ölkəyə qayıtmasına təminat verilməsi, maddi ehtiyaclar, əmək miqrasiyası şəklində ölkəni tərk etməyə məcbur olmuş şəxslərin və onların ailələrinin, habelə xarici olkələrdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması üçün əməli tədbirlər görülməsi;

– Ölkədə bütün ictimai – siyasi proseslər və islahatlar kursunun taleyi üçün Qarabağ məsələsinin həyati təsirini nəzərə alaraq hakimiyyət, siyasi müxalifət, vətəndaş cəmiyyəti, işğal olunmuş ərazilərdən qaçqın düşmüş əhalinin nümayəndələri, tanınmış ziyalılar, Qarabağ müharibəsi veteranlarının və digər zəruri hesab olunan şəxslərin iştirakı ilə məsləhətləşmələr aparılması (məsələn, Qarabağ Qurultayı keçirilməsi formasında) və bu məsələdə ümumi milli mövqe nümayiş etdirilməsi ölkədə islahatlar üçün əlverişli ictimai mühitin formalaşması üçün zəruri faydalı addımlar olardı.
Siyasi partiyalar köklü islahatların cəmiyyətdə gərginlik, xaos yaşanmadan, sarsıntılarsız reallaşdırılması, Azərbaycana dost olmayan xarici dövlət və dairələrin, habelə daxili antiislahatçı mürtəce və ekstremist qüvvələrin sabotaj və təxribatlarının qarşısının alınması, islahatlara geniş ictimai dəstəyin təmin edilməsi üçün cəmiyyətdə geniş formatlı dialoqun başladılması və bunun təşkilati forması kimi hakimiyyətlə ictimaiyyətin – real müxalifətin, vətəndaş cəmiyyəti təşkilatları, media quruluşları, gənclik hərəkatlarının nümayəndələri və mütəxəssislərdən ibarət tərkibdə Prezident yanında İctimai İslahatlar Şurasının yaradılmasını məqsədəuyğun sayırlar.

Siyasi partiyalar sosial iqtisadi, hüquqi və siyasi islahatlar sahəsində bütün təşəbbüslərə və müzakirələrə açıq olduqlarını bildirərək, eyni zamanda aşağıdakı təklifləri irəli sürürlər:

1. Konstitusiya islahatları sahəsində:
– Ali qanunverici hakimiyyət və yerli özünüidarə orqanlarının proporsional – majoritar ( majoritar -50% və proporsional – 50%; ) seçki sistemi əsasında formalaşdırılması qaydasının tətbiqi. Milli Məclisin say tərkibinin genişləndiirilməsi məsələsinə baxılması;.
– Qanunvericilikdə iri şəhər bələdiyyələrinin yaradılması və bələdiyyə başçılarının birbaşa seçilməsi qaydasının təsbit olunması;
-Hakimiyyətin bölünməsi prinsipinə tam nail olmaq məqsədi ilə Nazirlər Kabinetinin və Milli Məclisin səlahiyyətlərinin genişləndirilməsi məsələsinə baxılması;
– Müstəqil məhkəmə sisteminin formalaşdırılması üçün hakimlər korpusunun seçilməsi və fəaliyyət prinsipləri ilə bağlı qanunvericilikdə müvafiq dəyişiklər edilməsi.
-Hakimiyyət orqanlarında rəhbər vəzifələrə eyni bir şəxsin seçilməyə, vəzifədə olma təkrarlılığına və müddətlərinə məhdudiyyət qoyulması prinsipi və əvəzlənmə proseduralarının Konstitusiyada təsbit edilməsi;.
-Təhlükəsizlik sektoru üzərində parlament nəzarətinin təmin edilməsi məqsədi ilə müvafiq hakimiyyət strukturlarının Milli Məclisə hesabatlılığı qaydasının təsbit edilməsi.
– Prezident respublikasından parlament respublikasına keçid haqda geniş ictimai diskussiyalar aparılması və bu barədə referendum keçirilməsi məsələsinə baxılması;

2. Seçki qanunvericiliyi sahəsində: 
-Seçki Məcəlləsinin demokratikləşdirilməsi məqsədilə Məcəllədə vətəndaş cəmiyyəti təşkilatlarının, siyasi müxalifətin və beynəlxalq təşkilatların təklif və tövsiyələrini nəzərə alan dəyişikliklər edilməsi, o cümlədən, bütün səviyyələrdəki seçki komissiyalarında seçkilərdə iştirak edən siyasi partiyaların həlledici səs hüquqlu üzvlərlə təmsil olunması təmin edilməsi;
– Qeydiyyatdan keçmiş siyasi partiyaların bütün seçki dairələrində parlamentə (yerli özünüidarə orqanına) seçkilərdə irəli sürdükləri namizədlərin namizədlərə qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlər istisna olmaqla qeyd şərtsiz qeydə alınması qaydasının təsbit edilməsi.

3.Korrupsiyaya qarşı mübarizə sahəsində: 
-Korrupsiyaya qarşı Dövlət komissiyasının tərkibi müxalif siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, media quruluşları, gənclik hərəkatlarının nümayəndələri və mütəxəssislər formalaşdırılması prinsipi ilə yenidən təşkil edilməsi;
-Adı ciddi korrupsiya iddialarında hallandırılan məmurların barələrində təhqiqat başladılması və təhqiqat başa çatana qədər onların Ali dövlət hakimiyyəti orqanlarında rəhbər vəzifələr tutmalarına yol verilməməsi;
-Məmurların və onların yaxın qohumlarının əmlaklarının, kapitalının və gəlirlərinin bəyan edilməsi haqqında qanunvericilik tələbinin təxirəsalınmadan tətbiqi;
– İctimai vəsaitlər (neft pulu, büdcə, beynəlxalq kreditlər) hesabına reallaşdırılan layihələrin monitorinqinin aparılması;
– Parlament üzvlərinin icra hakimiyyəti orqanlarında vəzifə tutmasının qadağan edilməsi, onların və ayrıca göstərilən digər vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edən qanunvericilik tələbinin icrasının qeyd şərtsiz təmin edilməsi.
-Azərbaycandan xaricə qanunsuz yollarla çıxarılmış vəsaitlərin ölkəyə qaytarılması üçün proqram hazırlanması və icrası.

4.Sosial-iqtisadi sahədə: 
– Sosial dövlət konsepsiyası hazırlanması və həyata keçirilməsi;
-əmək haqqı və pensiyaların həcminin 10(on) il ərzində orta Avropa ölkələri səviyyəsinə çatdırılmasının təmin edilməsi;
– bütün vətəndaşlar və ölkədə daimi yaşayan digər şəxslər üçün məcburi tibbi sığortanın tətbiqini haqqında mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi və icrası.
-İqtisadi – maliyyə- vergi amnistiyası verilməsi məsələsinə baxılması;
-Leqallaşmış xüsusi mülkiyyətin toxunulmazlığına tam təminat verilməsi;
– İqtisadi fəaliyyət azadlığı və biznes mühitinin yaxşılaşdırılması üçün tədbirlər görülməsi, orta və xırda biznes üzrə ombudsman institutunun yaradılması;
-Neft gəlirlərindən hər bir vətəndaşa birbaşa pay verilməsi təmin edilməsi. (Neft gəlirlərindən şəffaf ,ədalətli və səmərəli istifadə olunur. Neft Fondunun Müşahidə Şurasının tərkibi dəyişir. Ora tanınmış insanlar, müxaif siyasi partiyların, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri daxil edilir.)
– Ana və uşaqların sosial (pensiya, müavinət və s.) imtiyazları bərpa edilməsi və artıtılması;
– Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil sisteminin ləğv edilməsi məsələsinə baxılması. Ödənişli təhsil sistemi saxlandığı müddətdə təhsil haqlarının artırılmasına yol verilməməsi; Dövlət ali məktəbləri üçün tələbə şəhərçikləri və yataqxana komlekslərinin tikintisi proqramının qəbul edilməsi və icrası;
Siyasi Partiyalar hesab edir ki, islahatların ləngidilməsi həlli tələb edilən mövcud problemlərin mürəkkəbləşməsinə, yeni- yeni problemlərin yaranmasına səbəb olacaqdır. Ölkənin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsi, mütərəqqi dəyişikliklərin baş tutması üçün təxirəsalınmaz siyasi islahatlar və ilk növbədə azad, ədalətli seçkilər əsasında yeni parlamentin formalaşdırılması və bu məqsədlə yuxarıda göstərilən zəruri Konstitusiya dəyişikliklərini həyata keçirib növbədənkənar seçkilərə getmək zərurətə çevrilmişdir.

P.S.

AXP, AMİP BAP tərəfindən siyasi partiyaların Dəyirmi Masasında müzakirəyə təqdim edilir

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button