Kölgəli portret – İlham Rəhimov!

İlham Rəhimov sosial baza axtarışında

II yazı

 İlham Rəhimova yaxın olan çevrələr iddia edirlər ki, hüquqşünas son aylar Azərbaycana səfərini kifayət qədər artırıb və əsasən, iki istiqamətdə addımlar atır. Bir tərəfdən, Ədalət partiyasında olan müəyyən ranqlı şəxslərlə görüşlər keçirir, rayon təşkilatlarında ona meylli qüvvələrlə təmas qurur və müxtəlif təkliflərlə çıxış edir. Bunun başlıca səbəbi kimi göstərilir ki, İlham Rəhimov yenidən partiya rəhbərliyini ələ keçirməyə çalışır. Bundan başqa, İlham Rəhimovun ətrafında bu gün maddi imkanları olmayan müəyyən gənclər təşkilatlarının da toplandığı söylənilir. İlham Rəhimovun gənclərə marağı sözsüz ki, sosial baza yaratmaq cəhdi ilə bağlıdır. Hətta gənclərin rəğbətini qazanacaq səviyyədə addımlar atdığı da söylənilir. Bakıda ailəsi yoxsulluq içində yaşayan və Macarıstanda həbsdə olan Ramin Səfərovla görüşür. Xatırladaq ki, Ramin Səfərovun ailəsi hələ də yataqxanada yaşayır.

İlham Rəhimovun maraqlı addımlarından biri də budur ki, o, artıq KİV-lə də sıx əməkdaşlığa başlayıb və müəyyən uğurlar əldə edə bilib. Bu gün dövri mətbuatda İlham Rəhimov əleyhinə hansısa yazının yazılması az qala möcüzəyə çevrilib. İlham Rəhimov bu gün həm də elə bir xətt tutur ki, nə iqtidarın, nə də müxalifətin hədəfinə gəlsin. Hər ikisinə eyni məsafədə yaxın olmağı bacaran İlham Rəhimov artıq regional amildən də yararlanmağa başlayıb. Əslən Tovuzdan olan ziyalıları və iş adamlarını ətrafına toplamağa çalışan Rəhimov buna da nail olub. Mənbə bildirir ki, bu gün Tovuz bölgəsindən olan bir neçə bank rəhbəri var ki, artıq onlar tam olaraq İlham Rəhimovun təsir dairəsindədir.

Bəs bütün bunlar siyasətlə məşğul olmadığını bildirən İlham Rəhimovun nəyinə gərəkdir?

 İlham Rəhimovdan şok addım

 Əldə etdiyimiz bilgilərə görə, Rusiyanın baş naziri Vladimir Putin prezident seçiləndən sonra postsovet məkanından olan bəzi dövlətlərlə yenidən haqq-hesab çəkmək niyyətindədir. Bunlardan biri də Azərbaycandır. Yeri gəlmişkən, bunu da qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin son Soçi görüşündən öncə belə bir rəy yarandı ki, Qarabağ probleminin həlli ilə bağlı baza prinsipləri qəbul olunacaq. Bundan dərhal sonra Vladimir Putin Ermənistanın keçmiş przidenti və yaxın dostu Robert Koçaryanı görüşə dəvət etdi və bir neçə saatlıq görüşdən sonra rəsmi xəbərlər yayıldı. Artıq indinin özündə də belə fikir səslənir ki, Serj Sarkisyanın prezidentlik müddəti sona çatandan sonra Robert Koçaryan da Vladimir Putin kimi öz kürsüsünə qayıdacaq. Bunu isə ona görə xatırlatdıq ki, Azərbaycanda da proseslərin necə olacağı ehtimallarını aydınlaşdıraq.

 Birinci hal

 Ehtimal edilir ki, İlham Rəhimov Azərbaycan hakimiyyəti ilə bu məsələdə bazarlığa getməyə çalışacaq. Çünki 2013-cü ildə onun da prezidentliyə namizəd olacağı söylənilir. Belə olan halda mövcud hakimiyyət İlham Rəhimovla işbirliyinə getməli olur və o, namizədliyini geri götürür. Vladimir Putinin dostu kimi təqdim olunan İlham Rəhimov namizədliyini geri götürməklə həm də cəmiyyətdə belə bir rəy yaradır ki, Vladimir Putinin Azərbaycanın mövcud rəhbərliyi ilə anlaşma əldə edə bilib. Nəticədə İlham Rəhimov öz istəyinə çatır, hakimiyyət bir baryerdən çıxa bilir. İlham Rəhimovun isə istəyi budur ki, ölkənin siyasi proseslərində aktiv fiqura çevrilsin, gərəkli olarsa mühüm post sahibi olsun və nəhayət, Kremllə rəsmi Bakı arasında əsas vasitəçiyə çevrilsin. Bu günə qədər o buna dəfələrlə cəhdlər etsə də, Prezident Administrasiyası ona bu imkanı tanımamışdı. Amma bu dəfə İlham Rəhimov daha şanslı görünür.

 İkinci hal

 Rusiyanın baş naziri Vladimir Putinin keçmiş postsovet məkanından olan bəzi dövlətlərlə haqq-hesab çəkmək istədiyini demişdik. Ola bilsin ki, Vladimir Putin bu məqsədlə İlham Rəhimovun Azərbaycanda prezident seçkilərində iştirakına dəstək ola bilər və Rusiyanın lazımi resursları İlham Rəhimovun gündəmə gəlməsini təmin edə bilər. Bununla da Azərbaycan hakimiyyətini real fakt qarşısında qoymaqla daha ciddi güzəştlərə nail olar. Vladimir Putinin Azərbaycan rəhbərliyinə nə qədər qızğın olduğunu son məktubla da sübut etmək olar. Azərbaycan rəhbərliyi Vladimir Putini ad günü münasibəti ilə təbrik etmək üçün rəsmi məktub yayımlayır və bu günə qədər ən azı etik qayda baxımından bu məktuba cavab verilmir. Yəqin ki, adi bir fakt çox mətləblərə aydınlıq gətirir. Məhz bu detalları nəzərə alsaq hesab etmək olar ki, İlham Rəhimov Vladimir Putinin Azərbaycana yönəlik siyasətində detallardan biridir.

Beləliklə, söyləniləsi nəticə budur ki, İlham Rəhimov nə qədər oyundankənar durumda görünsə də əsas oyunçulara çox yaxındır və istənilən an əvəzedici heyətdən əsas heyətə keçid edə bilər. Amma Rusiyanın az qala korrupsioner sistemini belə cənnətlə müqayisə edən İlham Rəhimovun əsas oyunçuya çevrilməsinin Azərbaycana nə verə biləcəyini belə düşünmək təhlükəlidir. Əldə etdiyimiz və reallıq payı çox olan xəbər isə budur ki, 2013-cü il prezident seçkilərində İlham Rəhimovun gücünün şahidinə çevriləcəyik…

Sonda bir daha xatırladaq ki, İlham Rəhimov hansısa xidmətlərinə görə, həm də Azərbaycanda əməkdar hüquqşünas adına layiq görülüb. Niyə məhz indi və niyə İlham Rəhimovun siyasi iddiaları ortaya çıxanda?

Maraqlıdır, deyilmi?

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button